Misir telekanalında Nizami Gəncəvi haqqında veriliş
Misirin “Nil mədəniyyət” dövlət telekanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
Verilişin qonağı “Vətənpərvər” Misir-Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.
Tədqiqatçı-alim qədim ərəb mənbələrinə istinadla Azərbaycanın elm və ədəbiyyat diyarı olmasından bəhs edib. Bildirib ki, XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi Azərbaycan ilə Əndəlüs arasında müqayisə apararaq, Şərqdə Azərbaycanın, Qərbdə isə Əndəlüsün (İspaniya) elm və ədəbiyyatda xüsusi rolunu qeyd edib. XIII əsr ərəb alimi İmam Cəzəri isə Azərbaycanın Mərənd şəhərindən söz açaraq deyib: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirib”.
Seymur Nəsirov vurğulayıb ki, XII əsrdə dünyaya gələn Nizami Gəncəvinin əsərləri Şərq poeziyasının və fəlsəfi fikrinin incisi sayılır. Nizaminin doğulduğu və yaşayıb-yaratdığı Gəncə şəhəri haqqında ərəb mənbələrində bir çox maraqlı faktlar mövcuddur.
S.Nəsirov misirli tamaşaçıların diqqətinə çatdırıb ki, Nizaminin “İsgəndərnamə” əsərində Misirin adı çəkilir, həmçinin Azərbaycanın xalq qəhrəmanı Koroğlunun da qılıncı “Misri” adlanır. Dahi şairin əsərlərini farsca yazmasına gəldikdə isə, tədqiqatçı-alim vurğulayıb ki, bu, həmin dövrdə ədəbi mühitdə ərəb və fars dillərinin hakim olması ilə əlaqədar idi.
Verilişdə dahi şairin humanizm ideyaları əsasında dünyada sülhün və tolerantlığın təbliği məqsədilə 2012-ci ildə təsis edilmiş Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib. Telekanalın efirində Azərbaycanın müasir həyatı, tarixi və mədəni irsi, xalçaçılıq və ipəkçilik sənətindən bəhs edən süjetlər, həmçinin bu yaxınlarda Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfransdan sonra ölkəmizin Misirdəki səfiri Tural Rzayevin yerli telekanallara müsahibəsi də yayımlanıb.
Mədəniyyət.-2021.- 24
fevral.- S.8.