Tarix yazan igidlərimiz”dən biri

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsinin növbəti təqdimatı Vətən müharibəsi şəhidi Türkman Yolçu oğlu Məmmədov haqqındadır.

 

Şəhid haqqında informasiya məktubu və videoçarx kitabxananın sosial şəbəkə səhifələrində yayılıb.

 

Şəhidin ailəsi və döyüş yoldaşları tərəfindən verilən məlumatlar əsasında hazırlanan informasiya məktubunda Türkman Məmmədovun həyatı, hərbi xidmət və döyüş yolundan bəhs olunur. Videoçarxda şəhidin təhsil aldığı dövrlərə aid və hərbidə olduğu müddətlə bağlı fotolar, atasının xatirələri yer alıb.

 

Türkman Yolçu oğlu Məmmədov 28 sentyabr 1998-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Paytaxtın Sabunçu rayonunda yerləşən Cəbrayıl rayonu 22 saylı orta məktəbdə oxuyub. Sonra 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil alıb. 2019-cu ildə hərbi xidmətə gedib, Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. Hərbidə bacarığı, çalışqanlığı ilə seçilən Türkman fəxri fərmanlarla təltif edilib,  valideynlərinə “Təşəkkür məktubu” göndərilib.

 

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Türkman Məmmədov Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 27-də Xocavənd rayonunun Şexer kəndi ətrafında döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüş yoldaşlarının onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə hazırladıqları plakat şəhidin yaşadığı məhəllənin giriş hissəsinə yerləşdirilib.

 

Şəhid atası: “Döyüş yoldaşlarını qardaşı kimi bilərdi. Hər zəng edəndə deyirdi: “Qardaşlarım buradadır... Düşməni məhv edəcəyik!”... İndi qardaşları da onu unutmur”.

 

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.6.