Yollar yorğunu,
sənət vurğunu
Krım türklərinin ilk
“Xalq artisti” Xeyri Əmirzadə Azərbaycanı özünün ikinci vətəni
sayırdı
O, sənət amallarını gerçəkləşdirmək üçün Bakıya üz tutmuşdu. Bakı da onu böyük məhəbbətlə bağrına basmışdı. Ancaq dövrün qara yelləri hamar yollarını uçurumlardan keçirirdi... Bu yazıda Azərbaycan kino sənətinin ilk nümunələrində rol alan Xeyri Əmirzadədən söz açacağıq.
Xeyri Osman oğlu (Əmirzadə) 1893-cü ildə Krım vilayətinin Yalta şəhəri yaxınlığındakı Dərəgöy kəndində dünyaya göz açıb. Uşaqlıq illəri ağır ehtiyac içində keçsə də, erkən çağlardan incəsənətə, rəsm çəkməyə maraq göstərir. Atası onun təsviri sənət marağına qarşı çıxsa da, o, işini davam etdirir. Bir gün rəsm çəkərkən başının üstündə kiminsə durduğunu görür. O, astadan deyir: “Mən də rəssamam. Yaltaya istirahətə gəlmişəm. Səni hərdən rəsm çəkən görürəm. Ona görə də məni maraqlandırdın. Əl işlərin xoşuma gəldi. Öz üzərində işləsən, bir şey alınacaq...”.
Bu söhbətdən ruhlanan Xeyri öz üzərində daha çox çalışır. Vaxt gəlir, vədə yetişir və Peterburqa gedir. Rəssamlıq məktəbinə qəbul olunur. Burada bir il idi təhsil alırdı, xəbər gəlir ki, anası Zəhra xanım vəfat edib. O, təhsilini yarımçıq qoyub Dərəköyə qayıdır. Ehtiyac üzündən bir daha Peterburqa gedə bilmir. Bir müddət sonra atası da dünyasını dəyişir. Ailənin bütün qayğısı onun üzərinə düşür.
Əməkdar incəsənət xadimi, kino tariximizin tədqiqatçısı Aydın Kazımzadə Xeyri Əmirzadənin həyatının bu çətin dövründən bəhs edərkən yazır: “Vəziyyətin düzəlməyəcəyini görüb Xarkov şəhərinə getməyi qərarlaşdırır. Orada avtomobil sürücülüyü məktəbində oxuyur. Bir ildən sonra əlində avtomobil sürücüsü vəsiqəsi ilə doğma Krıma qayıdır. Tanışları gənci Buxara əmirinin yanında işə düzəldirlər. Xeyri Əmirin şəxsi sürücüsü olur. Əmir bu gəncə diribaş, zirək olduğu üçün xoş münasibət bəsləyir. Bunun müqabilində, daha doğrusu, əmirin şərəfinə Xeyri özünə Əmirzadə soyadını götürür”.
Bir müddət sonra Xeyri Yaltada ilk avtomobil sürücülüyü məktəbini təşkil edir. O, təkcə Krım türklərinə deyil, başqa millətlərdən olanlara da maşın sürməyi öyrədirdi...
Xeyri Əmirzadə gözəl rəsm çəkməklə yanaşı, yaxşı rəqs etməyi də bacarırdı. Günlərin birində Peterburqdan Yaltaya balet truppası gəlir. Xeyri onlarla əlaqə qurur. İfa etdiyi milli rəqslər truppa üzvlərini heyran edir. Deyilənə görə, o, bir dəfə Moskvada olarkən Böyük Teatrın səhnəsində “Çoban rəqsi”ni yüksək səviyyədə ifa edir. Sürəkli alqışlarla qarşılanır. Bu alqışlar onun həyatında yeni bir cığır açır. O, Krım Tatar Teatrının yaradıcılarından biri olur. Teatr səhnəsində “Arşın mal alan” tamaşasında Soltan bəy, “Tahir və Zöhrə”də Tahir, “Evlənmə”də Podkolyozin və digər rolları məharətlə oynayır. Getdikcə ictimaiyyət arasında nüfuzu artır. Rəsmi tədbirlərdə və el şənliklərində böyük şövqlə iştirak edir. Krımın dövlət rəsmiləri ona “Xalq artisti” fəxri adı verilməsi ilə bağlı Moskvaya müraciət edirlər. Ancaq müraciət cavabsız qalır. Bu da xalq arasında söz-söhbətə səbəb olur. Lakin 1923-cü ildə o, Krım Tatar Muxtar Respublikanın ilk “Xalq artisti” fəxri adına layiq görülür.
Bundan sonra
onun həyatında köklü
dönüş olur. O, Moskvaya,
oradan da Odessa kinostudiyasına dəvət
olunur. Bir sıra filmlərdə (“Həbs üçün order”də Sergey, “Sement”də
Qleb Çumalov, “Məkkədən gəlmiş
qonaq”da Faiz Məmməd və s.) çəkilir. Xeyri Əmirzadənin sənət yolu həm də Bakıdan keçir.
1930-cu ildə Bakı kinostudiyasına dəvət olunur. Bu dəvəti böyük
sevinclə qəbul edir. Sonralar o, rejissor Mikayıl Mikayılovla söhbətlərinin
birində burada işləməyi
çoxdan arzuladığını
deyir: “Bakıda heç yerdə görmədiyim xoş rəftar, səmimiyyət
və gözəl münasibət gördüm.
Bakı, həqiqətən,
mənim ikinci vətənimdir...”.
1931-ci ildə “26 komissar”
filminin çəkilişlərinə
hazırlıq işləri
aparılırdı. Onun hündürboy,
enlikürək, iri cüssəli, itibaxışlı
olması ilk anda quruluşçu rejissor N.Şengelayanın xoşuna
gəlir. Beləliklə, Xeyri Əmirzadənin Bakı kinostudiyasında
(o dövrdə “Azərfilm”)
fəaliyyəti 1932-ci ildə
lentə alınan “26 komissar” bədii filmi (komissar) ilə başlayır.
O, 1934-cü ildə Ağarza
Quliyevin “Dostlar” (traktorçu) və Mikayıl Mikayılovun “İsmət” (Səməd)
filmlərində əsas
rollara çəkilir.
1936-cı ildə rejissor A.Quliyev aktyoru “Almaz” filmində Kərim roluna dəvət edir. Bu film ekranlarda
nümayiş etdiriləndən
sonra Xeyri Əmirzadə Bakı kinostudiyasında bədii şuraya üzv seçilir. Aktyor daha
sonra “Kəndlilər”
(1939) tarixi-inqilabi filmində
Mehmandar bəy, “Səbuhi” (1941) tarixi-bioqrafik
filmində Rəcəb
rollarında çəkilir.
1941-ci ildə başlanan
Böyük Vətən
müharibəsi bir çox xalqlara faciə gətirir. Sovet rəhbəri
Stalinin əmri ilə Şimali Qafqaz xalqları, habelə Krım tatarları Orta Asiyaya sürgün edilir. Xeyri Əmirzadə də on ilə yaxın çalışdığı kinostudiyada işdən çıxarılır... Araşdırmalarda
göstərilir ki, bir gün Xeyri
şəhərdə çəkmə
ustası ilə tanış olur. Ondan sənətin sirlərini
öyrənir və çəkməçiliyə başlayır. Bir müddət
sonra Yaltaya qayıdır. Stalinin ölümündən
sonra Krım tatarları ilə bağlı qadağalar da ləğv edilir. Aktyor yenidən Bakı
kinostudiyasına dəvət
olunur. Ancaq bu qayıdışın
sevinci uzun sürmür. Görünür, illərin təhdidləri,
eyham və kinayələri sənətkarı
çox yormuşdu.
Bir vaxtlar pəhləvan cüssəli aktyorun artıq sağlamlığı
da korlanmışdı.
O, günü-gündən zəifləyir və xəstələnir. 17 fevral
1958-ci ildə Bakıda
dünyasını dəyişir...
Savalan FƏRƏCOV
Mədəniyyət.-2021.- 24
fevral.- S.7.