Sözümüzün canı musiqidir

 

 

“Bəstəkarlar bütün çətinliklərə rəğmən ruhdan düşmüryeni əsərlər yaradırlar. Bu, onların pandemiya üzərində qələbəsidir”

 

Musiqimizin, daha çox da populyar janr hesab olunan mahnıların peşəkarlıq səviyyəsi mütəmadi müzakirə olunan mövzulardandır. Ömrünü bu sənətə bağlayan, xalqın musiqi mədəniyyətinə ləyaqətlə xidmət edən kifayət qədər bəstəkarımız olduğu halda efir-ekrana daha çox həvəskarlar yol tapır. Kütləvi tamaşaçı zövqünü korlayan musiqilərdən hamımız bezar olsaq da, vəziyyət hələ də ürəkaçan deyil. “Bu, bir zövq məsələsidir” deyərək can qurtarmağa çalışdığımız problem, əslində, musiqisevər xalq olaraq həm də bizim milli zövqümüzə müdaxilə deyilmi?

 

Bu və digər bu kimi problematik məsələlər, ümumilikdə musiqimizin vəziyyəti və son illərin sənət mənzərəsi barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə həmsöhbət olduq. Əsərləri müxtəlif ölkələrin məşhur musiqi salonlarında səslənən sənətkar, Azərbaycan bəstəkarlıq məktəbini dünyada layiqincə təmsil edən müəllif və bir yaradıcı təşkilat rəhbəri kimi fikirlərini öyrəndik.

 

 

 

– Firəngiz xanım, Zəfərlə bitən Vətən müharibəmizin ilk günlərindən hərbi-vətənpərvərlik mövzusunda mahnılar, marşlar, vətənə sevgi aşılayan nəğmələrlə yanaşı, mən deyərdim ki, həvəskar, bəsit nümunələr də efir-ekranda qulaq daladı. Sizibu məqam yəqin narahat edir...

 

– Nəinki son aylar, illərdir ki, bundan danışırıq, bununla mübarizə aparırıq. Hətta 2007-ci ildə ittifaq rəhbəri kimi bütün kanallara müraciət məktubları göndərdik. Bədii şuraların bərpası və orada peşəkar musiqişünas və bəstəkarların yer almasının vacibliyini vurğuladıq. Bəziləri heç reaksiya da vermədilər. Bəziləri isə müxtəlif formatlarda söhbətlər edib, reytinq üçün, televiziyanın saxlanması üçün bu kimi işlərin efirdə olmasını əsaslandırdılar. Mən başa düşürəm, amma xalqın, yetişən nəsillərin musiqi zövqünə bu qədər zərbə vurmaq günahdır. Ümumiyyətlə, bu məsələ çox çətindir və mən buna 2019-cu ildə ölkə başçısı ilə mədəniyyət xadimlərinin görüşündə də diqqət çəkdim. Ümumən bu mübarizəni hər gün aparmalıyıq.

 

 

 

– Qazandığımız Zəfərin musiqidə tərənnümü. Söhbətimizi bu mövzuda davam etdirək...

 

Bu mövzuda gözəl əsərlər yazılıb. Yüksək peşəkarlıqla ərsəyə gələn nümunələrin bəzilərini artıq dinləmişik də. Bir qisminipandemiyadan irəli gələn məhdudiyyətlərlə əlaqədar hələ dinləmək imkanımız olmayıb. Bəstəkar kimi mən də bu mövzuda marş ərsəyə gətirmişəm.

 

 

 

– Yazılan əsərlər daha çox mahnı və marşlardır, yoxsa irihəcmli əsərlər də var? Bir neçə  ay öncə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevlə görüşünüzdə irihəcmli əsərlərin yazılması məsələsi gündəmə gəlmişdi...

 

Qarabağ mövzusunda çoxlu sayda iri əsərlər yaranıb. Yeniləri də yazılır. Eləcə də mahnılar, marşlar. Mədəniyyət nazirinin birinci müavini ilə görüşdə bir sıra məqamlar müzakirə olundu. Bizi narahat edən məqamlara ondan əvvəlki görüşlərdə də aydınlıq gətirməyə çalışmışıq. Bu dəfə də nazirliklə əlaqəli olan məsələlər, əsərlərin alınması, bəstəkarlara yeni sifarişlərin verilməsi kimi məqamlar nəzərdən keçirildi.

 

 

 

– Bəstəkarlar İttifaqının Qarabağ bölməsi var. Uzun fasilədən sonra biz Qarabağa qayıdırıq, milli və bəstəkarlıq məktəbimizin, belə demək mümkünsə, beşiyinə...

 

– İttifaqın Qarabağ bölməsi işğala qədər də dolğun fəaliyyət göstərib, elə işğaldan sonra da. İşğaldan öncə “Xarı bülbül” festivalı üç dəfə keçirilmişdi. Doğrudur, festival daha çox folklorla, muğam, aşıq musiqisi ilə bağlı idi. Amma bir möhtəşəm konsertimaestro Niyazi verirdi. Bunlar hamısı mənim gözlərim önündə baş verən gözəl, yaddaqalan layihələrdir. Vaxtilə ittifaqın Qarabağ bölməsinə görkəmli bəstəkar Süleyman Ələsgərov rəhbərlik edirdi. Sonra bu işi uzun illər mərhum bəstəkar Rauf Əliyev dolğun şəkildə davam etdirdi. Təəssüflər olsun ki, onu qəfil itirdik və ardınca da ötən il pandemiya baş verdi. Düşünürük ki, prosesi canlandırmaq üçün müxtəlif maraqlı tədbirlər keçirmək olar. Hamı kimi bizim də ürəyimizdən o yerləri ziyarət etmək keçir. İnşallah, dövlətimiz müvafiq icazəni verən kimi ilk işlərə başlayacağıq. Planlarımız çoxdur. Ümumən Bəstəkarlar İttifaqının beş bölməsi daim tədbirlər keçirib. Zəngin proqramlı konsertlərimiz, dinləmələrimiz olub. Eləcə də Qarabağ bölməsi üzrə. Yadımdadır, Lüksemburqdakı Qarabağ Cəmiyyətinin xətti ilə bir konsert verirdik. Əslən Qarabağdan olan 10 yaşlı həmvətənimizi də həmin proqrama daxil etmişdik. O, çıxış edəndən sonra mən üzümü zala tutub bu sözləri dedim: “Bu uşaq Qarabağı görməyib, onun havasından udub, suyundan içməyib. Amma boğazlarını, ifa maneralarını görür və aydın duyursunuz ki, Qarabağ muğam məktəbinin işartılarıdır və bu, ona genetik olaraq ötürülüb. Gətirin bir erməni uşağını, həmin zəngulələri vursunbizi özlərinin Qarabağ xəyallarına inandırsın”. Zal əvvəl heyrətləndi, sonra da alqışla guruldadı. Sözümü ona gətirirəm ki, Qarabağ işğal altında olanda da, torpağı üzərindəki abidələr, tikililər dağıdılanda da, düşmən tərəfindən iyrənc saxtakarlıqlar ediləndə də bir həqiqət durmadan özünü təsdiqləyirdi: Qarabağ musiqisi, muğamı Azərbaycan xalqının maddi-mədəni sərvətidir, elə Qarabağın özü kimi...

 

 

 

Pandemiya böhranını xalq olaraq Zəfərimizlə adladıq. Yaradıcı şəxslər üçünbu dönəm yəqin ki, dolğun olacaq. Siz bir bəstəkar, eləcə də bəstəkarların birləşdiyi quruma rəhbərlik edən şəxs kimi bunun yaradıcılıqda hansı  formada təzahür edəcəyini düşünürsünüz?

 

Pandemiya dönəmində, təəssüf ki, bir neçə yaşlı üzvümüzü itirdik. İnsanlar, ələlxüsus da yaradıcı şəxslər özlərini evlərinə qapamağa məcbur oldular. Amma buna baxmayaraq, yaradıcı fəaliyyət dayanmadı və dayana da bilməzdi. “Evdə qal, evdə yaratdevizi ilə əsərlər ərsəyə gəldi. Biz plan üzrə o əsərləri hər ay dinləyəcəyik. İstər səhnə, istər simfonik, istərsə də  kamera-instrumental bölmələri, eləcə də digər istiqamətlər üzrə sistemli olaraq dinləmələr həyata keçiriləcək. Bundan  başqa, gənclərlə bölməsində də dinləmələr olacaq. Təbii ki, müvafiq karantin qadağaları aradan qaldırılandan sonra da ənənəvi fəaliyyət prosesini davam etdirəcəyik.

 

 

 

Bir az da əsərlərin qəbulu, müzakirəsi prosesinə nəzər salaq.

 

Burada peşəkar bəstəkarlar, musiqişünaslar, tənqidçilər toplaşır və təqdim olunan nümunələri müzakirə edirik. Bu müzakirələr özü ümumi işin, o yaradıcılıq məhsulunun daha yaxşı keyfiyyətdə təqdimatına xidmət edir. Biz o müzakirələri heç vaxt formal keçirmirik. Əsərlər ətrafında qızğın müzakirələr gedir, müəlliflərə məsləhətlər, istiqamətlər verilir. Yaradıcı şəxslərin uğurlarını, hər yeni əsərini alqışlarla qarşılayır, təbrik edirik. Bəstəkarlar bütün çətinliklərə rəğmən ruhdan düşmüryeni əsərlər yaradırlar. Hesab edirəm ki, bu, onların pandemiyaya, eləcə də digər problemlərə meydan oxuması, onlar üzərində qələbəsidir.

 

 

 

– Gənclər bu prosesdə necə iştirak edirlər?

 

Onlar bəzən həvəsdən düşür və yaradıcı şəxs kimi diqqət istəyirlər. Mən də, necə deyərlər, onları ovutmağa, təsəlli verməyə çalışıram. Bethovenin həyatından, Motsartın çətinliklərindən danışıram. Məsələ burasındadır ki, bizsiz deyən o efirlərdəki, “Youtube”dakı qeyri-peşəkarlara qadağa qoya bilərik, nə də onları dinləyənlərə. Yazılırsa, yayılırsa, deməli, dinləyicisi var. Amma gərək bu sahədə peşəkar fəaliyyətlə məşğul olan gəncləri də kütləvi tamaşaçıya təbliğ edək, tanıdaq. Bu da onlara stimul olsun, yeni əsərlər yaratmağa maraq oyatsın.

 

 

 

Firəngiz xanım, 2019-cu ildə ölkə başçısının müvafiq sərəncamı ilə yaradıcı təşkilatlara, eyni zamanda Bəstəkarlar İttifaqına müəyyən vəsait ayrıldı. Bu maddi stimulun nəticələri nədən ibarət oldu?

 

Vəsaitin ardınca biz, necə deyərlər, əl-qol açdıq. Gənc bəstəkarlaraNəsimi iliilə bağlı sifarişlər etdik onların Almaniyada ifa olunmasını təmin etdik. Fransada, Rusiyada konsert tədbirlərimiz oldu. Bundan başqa, çox sayda buklet kitablarımız, məlumat xarakterli çap məhsullarımız da işıq üzü gördü. Həmin vəsaiti bu vaxtadək qənaətlə xərcləyirik.

 

 

 

Çox gözəl, indi Nizami ili”dir. Bildiyimə görə, müsabiqə elan etmisiniz?

 

Bəli, müsabiqə elan etmişik. Yeganə şərtimiz odur ki, bu müsabiqəyə yalnız peşəkar bəstəkarlar qatıla bilərlər. Demirəm ki, onlar mütləq ittifaqa üzv olsunlar. Yox, amma gərək əsərləri peşəkar olsun, Bəstəkarlıq fakültəsinin məzunu olsunlar.

 

 

 

Üzvlükdən söz düşmüşkən, gənclərin ittifaqınıza üzvlüyü necədir, buna maraq varmı? Gəncləri cəlb etmək yönündə hansı addımları atırsınız?

 

Cənab Prezidentin yaradıcı insanlar üçün yaratdığı imkan sayəsində üzvlərimiz xüsusi təqaüdlər alır. O cümlədən hər il 10 nəfər gənc bəstəkara təqaüd verilir. Amma gənclər üçün təqaüdlə bağlı 32 yaş həddi müəyyən problemlər doğururdu. Çünki o yaş qrupunda say çox az idi. Buna görə yaş həddini 35-ə qaldırdıq, sonra isə 40-a. Bilirsiniz, bəstəkarın yetişməsi üçün uzun illər lazımdır. O mənada hər peşəkar bəstəkar bizim mənəvi xəzinəmizdir. İndi onlara qiymət qoymasaq, o sərvəti itirərik. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk bəstəkarlıq məktəbi Azərbaycandadır dahi bəstəkarlarımızın möhkəm təməl üzərində yaratdıqları bu məktəbi bu gündən gələcəyə aparmalıyıq, ənənələrini yaşatmalı, daha da inkişaf etdirməliyik.

 

 

 

Gənc bəstəkarlar üçün təqaüdə uyğun yaş həddini artırdığınızı dediniz. Belə çıxır ki, gənc bəstəkarların peşəkarlıq səviyyələri aşağıdır?

 

Bəstəkarlar İttifaqının əsasnaməsi var ona görə ilk olaraq bəstəkar peşəkar olmalıdır. Digər tərəfdən, müəlliminin, professorunun müdaxiləsi olmadan əsər yazmalıdır.

 

 

 

– O müdaxiləni haradan duyursunuz?

 

Necə yəni, bilirik. Deyək ki, üzv olmaq üçün iki daha artıq il öncə yazdığı bir əsərini götürüb gəlir. Soruşuruq ki, başqa əsəriniz varmı? Deyir ki, yox. Səbəb kimi perspektiv yoxdur kimi fikirlər eşidirik. Onu niyə ittifaqa üzv götürməliyik? Əsasnaməmizdə qeyd olunduğu kimi, təhsili bitirdikdən sonra müstəqil əsər yazmalısan. Onu deyim ki, biz üzv olmayan bəstəkarların da yaradıcılığına dəstək oluruq, amma üzvlük şərtdir.

 

 

 

Həmin təqaüdü yalnız ittifaqa üzv olanlar ala bilər onların sayı bu qədər azdır...

 

Təbii ki, üzv olanlara aiddir. Amma mən deməzdim ki, onların sayı azdır. Sadəcə hər il eyni insanlara verə bilmərik. Bu, qeyri-obyektivlik olardı.

 

 

 

Gənclərə dəstəkdən danışırıqsa, dövlət xətti ilə dünyanın məşhur sənət məktəblərinə göndərilənləri yəqin unutmamalıyıq. İttifaq olaraq o gənclərlə işi necə qurursunuz?

 

– Biz onların da əsərlərini qurultay plenumlarda səsləndiririk, daimi əlaqələrimiz var. Bizə fərq etməz, əgər o, Azərbaycan bəstəkarıdırsa əsərlərinin səsləndirilməsini istəyirsə, bunu məmnuniyyətlə edirik.

 

 

 

Hazırda üzvlərinizin sayı neçə nəfərdir?

 

– 200 nəfərə yaxındır. İldə 2 ya uzağı 4 nəfəri qəbul edirik.

 

 

 

Bəlkə sonda bir bəstəkar Firəngiz Əlizadəni dinləyək. İttifaq rəhbərliyi bəstəkarlıq. İdarəçilik yaradıcılığa mane olmadı ki?

 

– Niyə olmadı, çox oldu. Həmişə örnək olaraq Üzeyir bəyi, müəllimim Qara Qarayevi yadıma salıram və onların fədakarlıq missiyasını davam etdirdiyimi düşünüb özümə təsəlli verirəm. Amma çox çətindir. Bilirsiniz ki, yaradıcı insanlar şəxsiyyət kimi bəzən qəliz olurlaronlarla ünsiyyət çətin olur. Amma bu həm də şərəfli işdir və taleyimə yazılan bu qisməti layiqincə davam etdirməyə çalışıram.

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.-2021.- 24 fevral.- S.5.