Ağoğlan
monastırında Xocalı qurbanlarının xatirəsi
anılıb
Alban (Qafqaz) Müstəqil (Avtokefal) Apostol Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 24-də Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi – Ağoğlan monastırını ziyarət ediblər.
Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin də iştirak etdiyi mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, şamlar yandırılıb. İcma sədri Robert Mobili və icmanın sədr müavini Rafik Danakari, habelə Alban-udi xristian icmasının üzvləri şəhidlərin və Xocalı qurbanlarının ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycanın Alban-udi xristian icmasının nümayəndələri uzun illərdən sonra ilk dəfə bu il fevralın 6-da Ağoğlan monastırını ziyarət etmişdilər. Həmin mərasimə Vətən müharibəsində iştirak etmiş udi gəncləri də qatılmışdı.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilasından və 1836-cı ildə təxminən 15 əsr tarixi olmuş Alban Apostol Kilsəsi Erməni Qriqorian Kilsəsinə tabe etdiriləndən sonra xristian udilər Qarabağdakı tarixi məbədlərindən uzaqlaşdırılmış, bu məbədlər isə erməniləşdirilmişdi. Dini fəaliyyət və ibadətə məhdud çərçivədə icazə verildiyi sovet dövründə də erməni icması və din xadimləri xristian udiləri bu məbədlərə yaxın buraxmırdılar.
Ağoğlan monastırındakı Xocalı qurbanlarının anılması mərasimindən sonra jurnalistlərə açıqlama verən R.Mobili bildirib ki, bu gün ilahi ədalətə şahidlik edirlər: “O ilahi ədalət ki, başda Azərbaycan Prezidenti olmaqla müzəffər Azərbaycan Ordusu bərpa etdi. Azərbaycan əsgəri təkcə torpaqları deyil, dini məbədləri də əsirlikdən azad etdi”.
Ağoğlan monastırının əhəmiyyətindən danışan R.Mobili vurğulayıb ki, Laçında bir çox alban məbədləri var. Ağoğlan məbədi isə Laçın üçün, Qarabağ üçün bir mirvaridir.
R.Mobili monastırdakı illərlə həyata keçirilmiş erməni saxtakarlığından da bəhs edib: “Bu məbəd 30 il yox, mən deyərdim iki yüz ilə yaxındır işğalda idi. Ermənilər onu saxtalaşdırıblar. Nə qədər daşın üstündə erməni xaçları çəkilib. Axır ki, tarixi ədalət bərpa olundu və biz burada ibadət edirik. Şəhidlərimizin ruhları qarşısında baş əyirik. Xocalı qurbanlarının ruhları qarşısında baş əyirik. Xocalı soyqırımı heç vaxt yaddaşdan silinməyəcək. Mən inanıram ki, işğaldan azad edilmiş torpaqlardakı bütün məbədlər, kilsələr bərpa olunacaq”.
Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə yerləşir və V-VI əsrlərə aid bazilikadır.
VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Qafqaz Albaniyası dövlətinin tərkibində olub. Məbəd müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib. Bu haqda məlumatların əks olunduğu kilsə kitabları olub. Onlardan biri 1967-ci ildə, digəri isə 1989-cu ildən sonra yoxa çıxıb. Necə “yoxa çıxdığını” isə təxmin etmək mümkündür.
Laçın rayonu 1992-ci
ildə Ermənistan tərəfindən işğal
olunduqdan sonra isə Ağoğlan monastırının erməniləşdirilməsi
daha intensiv şəkil
alıb. Nəhayət, Azərbaycan 2020-ci ilin
Vətən müharibəsində tarixi Zəfəri
bu qədim məbədi də əzəli
sahiblərinə – xristian udilərə
qaytardı.
Mədəniyyət.- 2021.- 26
fevral.- S.1;4.