Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondu üçün

 

İlk eksponatlar təqdim olunub

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq.

 

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün materialların toplanılmasına başlanılıb.

 

Qeyd edək ki, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir. Gazelli Art House” qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.

 

Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm Qələbəmizinşahidi”dir.

 

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

 

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.1.