Faciə qurbanları Tbilisidə anılıb

 

Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Səudiyyə Ərəbistanının səfiri, Qazaxıstan, Ukrayna, Türkmənistan səfirliklərinin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.

 

Səfir Faiq Quliyev çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Xocalı soyqırımının səbəbləri barədə məlumat verib. Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi sonuncu hərbi təxribatı Azərbaycanın dəmir yumruğu ilə qarşılaşıb və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünüsuverenliyini bərpa edib.

 

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib ki, Xocalı soyqırımının törədilməsindən 29 il keçsə də, səbəbkarları hələ də cəzasız qalır. O qeyd edib ki, dünyanın Xocalı soyqırımı barədə məlumatsız olmasının heç bir bəraəti yoxdur.

 

Gürcüstanın 1997-2007-ci illərdə Azərbaycanda səfiri olmuş Zurab Qumberidze çıxışında deyib ki, 26 fevral tarixinin Azərbaycan xalqı üçün nə qədər ağrılı-acılı gün olduğunu bilir. O, qətliamı törədənlərin layiqli cəzalarına çatacaqlarına inandığını qeyd edib.

 

Tədbirin sonunda Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyorları tərəfindən hazırlanan “Ana fəryadı” teatral səhnəsi nümayiş etdirilib.

 

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.3.