İşğaldan azad edilmiş ərazilərin
və tarixi-mədəni irsin bərpası
necə aparılacaq?
“Memarlıq nümunələri
yaradıldığı dövrə uyğun
– məzmunca milli, forma
baxımından müasir olmalıdır”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, ərazilərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması da nəzərdə tutulur. Eyni zamanda cəmiyyətdə bərpa və quruculuq işləri istiqamətində fikir mübadiləsi aparılır, təkliflər irəli sürülür.
Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin, şəhər və kəndlərin bərpası ilə bağlı fikirlərini bölüşüb.
Xudafərin körpülərinin yerləşdiyi ərazi qoruq elan edilə bilər
– Ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin ilkin vəziyyətinə qaytarılması dövlətin diqqətdə saxladığı məsələlərdən biridir. Bu baxımdan Memarlar İttifaqının üzərinə hansı funksiyalar düşür?
– Memarlar İttifaqı ictimai təşkilatdır, yəni bizim əsas vəzifəmiz Azərbaycan memarlığını qoruyub saxlamaq, peşəkarlıq səviyyəsini təmin etməkdir. İttifaqın üzvləri Azərbaycanın ən tanınmış memarlarıdır. Onların sırasında həm müasir memarlıqla məşğul olanlar, həm də tarixi abidələrin bərpası üzrə mütəxəssislər var. Memarlıq irsi üzrə komissiyaya professor Rizvan Bayramov rəhbərlik edir. Memarlar İttifaqının katibi, professor Gülçöhrə Məmmədova bu sahədə ən tanınmış mütəxəssislərdən biridir.
Abidələrin bərpasına yanaşma müxtəlif ola bilər. Elə abidə var ki, bu 30 ildə düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Məsələn, məscidlərimiz, qədim məbədlərimiz, xristian abidələri. Bunları bərpa etmək lazımdır ki, dindar insanlar ibadət etsinlər. Amma elə abidələrimiz var ki, 30 ildə yox, yüz illər ərzində mütəmadi olaraq dağıdılıb. Məsələn, Xudafərin körpüləri. Bu gün fikirlər söylənilir ki, onu mütləq körpü kimi bərpa etmək lazımdır. Bərpa etdikdən sonra o körpünün üstündən yükmü daşıyacağıq? Mümkün deyil. Gəlin, dünya təcrübəsinə nəzər salaq. Romanın mərkəzində Kolizey yerləşir. Əgər onu bərpa etsəydilər, maraq doğurardımı? Xudafərin körpüləri də bu qəbildəndir. Onları konservasiya etmək, qoruyub saxlamaq lazımdır. Düşünürəm ki, həmin ərazi dövlət qoruğu edilməlidir. Lakin nəzərə alaq ki, uçub-dağılmış körpüləri təzədən tiksək, onun tarixiliyi itəcək. Beləliklə, biz keçmişimizi itirəcəyik. Odur ki, bu məsələlərə çox diqqətlə, həssaslıqla yanaşmaq lazımdır.
Memarlar İttifaqı bu istiqamətdə müəyyən işlər aparır. Biz beynəlxalq təşkilatlara – UNESCO, İCESCO, Europa Nostra, İCOMOS və digər müvafiq qurumlara müraciət etmişik, bu abidələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişik. 2017-ci ildə Memarlar İttifaqı İdarə Heyətinin “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda plenumu keçirilib və böyük bir sərgi təşkil edilib. Sözün açığı, o sərgidə nümayiş olunan fotoların əksəriyyətini elə işğalçı dövlətin öz saytlarından götürmüşdük, yəni həmin abidələrin acınacaqlı vəziyyətini elə onların özünə istinadla göstərmişdik. Bu sərgini ikinci dəfə 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqı ilə birgə Bakıda keçirdiyimiz “Tarixi şəhərlərdə kütləvi turizm” adlı Beynəlxalq Memarlıq Forumunda nümayiş etdirdik. Həmin tədbirə 124 ölkədən 500-ə yaxın nümayəndə gəlmişdi və onlar bu sərgidə həqiqətdən xəbər tutdular. Hazırda o sərgimiz Ağdamda qurulub. Oraya gedən qonaqlar sərgini görür. Ağdama səfər etmiş İCESCO-nun Baş direktoru dedi ki, bu sərgiyə baxmaq kifayətdir, heç başqa rayonlara getmək lazım deyil. Çünki sərgidə Kəlbəcər, Füzuli, Laçın, Ağdam, Şuşa, bir sözlə, hər bir rayon haqqında məlumat var.
“Şəhər və kəndləri ən müasir səviyyədə qurub qüdrətimizi göstərməliyik”
– İşğaldan azad edilmiş şəhər və kəndlərin bərpasını, memarlıq elementlərini necə təsəvvür edirsiniz?
– Bilirsiniz, 50 illik peşəkar təcrübəm mənə bu fikri söyləməyə hüquq verir ki, memarlıq müasir olmalıdır. Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır. Biz bu gün o dağıdılmış şəhərlərimizin memarlıq görkəmini XVI, XVII, XVIII əsrlərə oxşatsaq, fikrimcə, düzgün olmaz. Əgər qorunub saxlanılsaydı, dağılmasaydı, bəli, onları olduğu kimi saxlamaq lazım gələrdi. Amma həmin yerlər viran qoyulub, dağıdılıb, yerlə yeksan edilib. Hər dəfə o mənzərəyə baxanda adamın ürəyi sıxılır. Mənim ən böyük arzularımdan biri budur ki, dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikək və bütün dünyaya Azərbaycanın qüdrətini göstərək.
– Bərpa və quruculuq işlərində xarici mütəxəssislərin təcrübəsinə nə dərəcədə ehtiyac duyulur?
– Məncə, öyrənmək, həmişə
müsbət cəhətdir. Elə məsələlər var
ki, onlar bilir, biz bilmirik. Əlbəttə ki, Azərbaycan memarlığının nə
olduğunu biz onlardan yaxşı bilirik. Amma onlarda yeni texnologiyalar,
yeni yanaşmalar var və etiraf
edək ki, həm də böyük təcrübə
var. Elə şirkətlər
var ki, bütün
dünyada işləyir.
Məsələn, Misirin bütün
tarixi sirlərini ingilislər açıblar,
arxeoloji qazıntıları
onlar aparıblar.
Bunun pis cəhəti odur ki, belə
hallarda artefaktlar daşınıb aparıla
bilər. Amma biz nəzarət
etməliyik ki, belə hallar baş verməsin. Onsuz da Azərbaycanın qədim artefaktları vaxtilə daşınaraq aparılıb – bu gün onların bəziləri Ermənistandadır,
dünyanın müxtəlif
muzeylərində, müxtəlif
hərraclardadır. Biz
bunun qarşısını
almalı, onları qaytarmalı və bundan sonra burada
yeni nə işlər görüldüsə,
bir dövlət olaraq buna nəzarət
etməliyik.
“Ağıllı” kənd və şəhər ideyasının Qarabağda
tətbiqi çox düzgün qərardır
– Prezident İlham Əliyev bərpa işlərində “ağıllı
kənd”, “ağıllı
şəhər” layihələrinə
üstünlük veriləcəyini
bəyan edib. Sizcə, milli memarlıq ənənələri innovativ
kənd və şəhərlərlə necə
uzlaşdırıla bilər?
– Millilik yaradıcı insanın daxilində olmalıdır. Yəni bu əsəri
azərbaycanlı memar
yaradırsa, onun əsəri formasından,
dekorundan asılı olmayaraq mütləq milli olacaq, çünki
o memarın damarında
azərbaycanlı qanı
axır. Onun duyumu,
milli adət-ənənələr
haqqında bilikləri
– bütün bunlar layihələndirilən yaşayış
evlərinin quruluşunda
bu və ya digər şəkildə
təcəssüm olunacaq.
Lakin
forma baxımından, əlbəttə
ki, memarlıq müasir olmalıdır.
Möhtərəm Prezidentimiz “ağıllı
şəhər” ideyasını
irəli sürdü.
Bu, çox gözəl
ideyadır, çünki
bu gün dünyada belə təcrübə çox
da geniş yayılmayıb, yeni başlanan bir istiqamətdir və bunun Azərbaycanda, məhz Qarabağda tətbiq olunması həm mənəvi, həm də siyasi cəhətdən çox yaxşı, düzgün qərardır.
Amma, gəlin, bunu biz düzgün başa düşək. Cənab Prezident
bunu deyəndə o ərazilərdəki mühəndislik
qurğularının idarə
edilməsini nəzərdə
tuturdu. Bəzən
məndən soruşurlar:
hər ev
“ağıllı ev” olacaq? “Ağıllı
ev” üçün uzun vaxt, insanların
şəxsi mədəniyyəti
lazımdır. “Ağıllı şəhər”
işğaldan azad edilmiş şəhərlərin
idarə edilməsinə
aiddir və bunlar mütləq həyata keçiriləcək.
– “Ağıllı” kənd
və şəhərlərdə
landşaft memarlığı
barədə nə deyə bilərsiniz?
– Landşaft memarlığı
hər bir şəhərin ayrılmaz
hissəsidir. Çünki insanlar haradasa istirahət etməli, gəzməli, asudə vaxtlarını keçirməlidirlər.
Kafedə, yaxud çayxanada
oturmaqla bağ-bağatlı
yerlərdə gəzmək
tamam fərqli istirahətdir. Bu baxımdan landşaft memarlığı “ağıllı
şəhər” prinsipinə
uyğunlaşdırıla bilər. Yəni ərazinin işıqlanması,
suvarılması, orada,
məsələn, müxtəlif
məlumat informasiya lövhələri quraşdırılması
– bunlar
da elə “ağıllı şəhər”
ideyasına uyğunlaşdırıla
bilər. “Landşaft”
sözü təbii şəraiti ifadə edir. Deməli, landşaftı qoruyub
saxlamaq lazımdır.
Çünki təbiətin hər
guşəsinin özünəməxsusluğu
var və ustalıqla onu daha da gözəlləşdirmək
memarın əsas vəzifələrindən biridir.
Yeni şəhərlərdə həm
çoxmənzilli binalar,
həm də fərdi evlər olmalıdır
– İşğaldan azad
edilmiş ərazilərdə
şəhərlərin baş
planları hazırlanarkən
üstünlük hansı
prinsiplərə verilsə
daha yaxşı olar?
– Bilirsiniz, o ərazilərdəki şəhərlər arasında ən böyüyü Ağdamdır. Məncə, Ağdam gələcəkdə böyük bir iqtisadi rayonun mərkəzi ola bilər. Ağdam şəhər kimi tikilməlidir. Yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır. Eyni zamanda, orada fərdi evlər olmalıdır. Çünki orada yaşayacaq əhalinin əksəriyyəti fərdi evlərə öyrəşib, həyatları elə keçib. Fikrimcə, oranın əhalisi ilə yanaşı, Azərbaycanın başqa bölgələrindən də Ağdama gedənlər olacaq. Çünki həmin bölgə daha sürətlə inkişaf edəcək. Orada kifayət qədər münbit torpaq sahələri var. Düşünürəm ki, bu yeni şəhərlər qarışıq üslubda tikilməlidir. Bir daha vurğulamaq istərdim: burada həm çoxmənzilli evlər olmalıdır, çoxmərtəbəli yox və eyni zamanda fərdi evlər olmalıdır ki, insanların həyat tərzinə o qədər də ciddi təsir etməsin. O ki qaldı, başqa şəhərlərimizə, məsələn, Laçın dağlıq ərazidir. Onun relyefi, landşaftı nəzərə alınmalıdır. Şuşaya tamam başqa yanaşma olmalıdır. Şuşanın bu gün mərkəzində sovet dövründə tikilmiş beşmərtəbəli evlər var. Bu binalar o dövrdə lazım idi, çünki şəhər kurort kimi inkişaf edirdi və gələn mütəxəssisləri mənzillə təmin etmək lazım gəlirdi. Bu gün o evlərin vaxtı artıq ötüb. Şuşanın qədim 17 məhəlləsi, hər məhəllənin öz bulağı, məscidi olub. Bax, bunları bərpa etmək lazımdır.
Dünyanın bütün paytaxtlarında yüklənmə problemi var
– Bakı hədsiz dərəcədə yüklənib. Dövlət idarələri, ali məktəblərin, istehsal müəssisələrinin, böyük ticarət mərkəzlərinin və s. əksəriyyəti burada yerləşir, kənddən şəhərə axın artır. Paytaxtımız bu yükü daşımağa çətinlik çəkir. Siz problemin həlli yollarını nədə görürsünüz?
– Mən sualın axırıncı hissəsindən – kənddən şəhərə əhali axını məsələsindən başlayım. Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir. Bunlar şəhərə yaxın ərazilərdən gələn sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir, işləyir və axşam qayıdırlar. İkinci məsələyə gəlincə, Bakı paytaxtdır və burada çoxsaylı dövlət və başqa müəssisələrin yerləşməsi təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Çünki paytaxtın öz statusu var. Paytaxt, ümumiyyətlə, insanları cəlb edən bir yerdir. Məsələn, biz deyirik ki, ABŞ-da Vaşinqtona heç gedən yoxdur. Nə üçün? Çünki Amerikanın başqa böyük şəhərləri var ki, insanlar o tələbatlarını orada təmin edirlər. Azərbaycanda Bakı, Gəncə və Sumqayıtdır. Yəni üç böyük şəhərimiz var, üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da, əlbəttə, öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar.
Yaxşı yadımdadır, vaxtilə hansısa bir ucqar rayonda biri xəstələnəndə onu gətirirdilər Bakıya, indiki Füzuli küçəsində yerləşən 4 nömrəli xəstəxanaya. El arasında ona “Kəndçi xəstəxanası” deyirdilər. İndi isə bütün bölgələrdə yeni xəstəxanalar tikilib, yeni məktəblər, mədəniyyət obyektləri tikilib. Eləcə də bir çox rayonlarda ali məktəblər açılıb.
O da yadıma gəlir ki, bir neçə il əvvəl paytaxtı köçürmək fikri irəli sürüldü və müzakirələr başlandı. Məncə, bu, Bakıya qarşı ədalətsizlikdir. Çünki Bakı bizim xalqımızın ən qədim şəhərlərindən biridir. Şəhərin iki min ildən çox tarixi var. Şirvanşahlar Bakıya köçəndən sonra şəhər Azərbaycanın paytaxtı statusunu qazanıb. Yəni bu gün narahatlıq var deyə bu statusu Bakının əlindən almaq ədalətsizlik olardı. Məsələyə digər tərəfdən yanaşsaq, nazirliklərin və başqa dövlət qurumlarının qarşısında şəxsi avtomobillərin həddən çox yığışdığını görürük. Zənnimcə, hər kəs evdən maşını ilə yola çıxanda düşünməlidir ki, şəhərə, onun ekologiyasına müəyyən ziyan vurur. İnsanlar işə gəlib-gedərkən ictimai nəqliyyatdan istifadə etsələr, sıxlıq azalar. Bu baxımdan Yaponiyanın təcrübəsini qeyd etmək olar. Xatırlayıram ki, 2011-ci ildə Yaponiyada atom elektrik-stansiyasında qəza baş verdi və elektrik enerjisi qıtlığı yarandı. Ölkənin Baş naziri bütün Yaponiya xanımlarına müraciət etdi ki, paltarı həftədə bir dəfə yusunlar və insanlar da buna riayət etdi.
Deməyim odur
ki, həm paytaxtda yerləşən
müəssisələr əməkdaşları üçün nəqliyyat
sıxlığı ilə bağlı müəyyən nizam-intizam tətbiq etsələr, həm də
insanlar ətraf mühiti,
ekologiyanı, sağlamlığı düşünsələr,
Bakıda bu gün çox yaxşı işləyən ictimai nəqliyyatdan istifadə etməklə
məsələni yoluna qoymaq
olar.
Mədəniyyət.- 2021.- 26
fevral.- S.5.