Tarixirsin sənətdə qalan rəngləri

 

Milli rəssamlıq sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdan biri Xalq rəssamı Oqtay Sadıqzadədir. Onun müxtəlif janrmövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsinə çevrilib. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalar, yüksək sənətkarlıqla yaratdığı portretlər sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Bu il rəssamın anadan olmasının 100 illiyidir.

 

Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə Xızıda tanınmış yazıçı-publisist Seyid Hüseyn və şairə Ümmügülsümün ailəsində dünyaya göz açıb. Yaradıcı mühit onun həyata baxışına və sənət seçiminə müsbət təsir göstərir. Erkən çağlardan təsviri sənətə marağı olan Oqtay orta məktəbi bitirdikdən sonra Bakı Rəssamlıq Texnikumunda təhsil alır. Tələbəlik illərindən öz üzərində daha çox çalışır. Respublika sərgilərində yaxından iştirak edir. Əsərləri sərgi komitəsi tərəfindən bəyənilir. 1940-cı ildə Moskvadan gələn komissiya həmin sərgiyə qatılır. Tretyakov Qalereyasında açılacaq ümumittifaq sərgisi üçün iki əsər seçir. Həmin əsərlərdən biri 19 yaşlı Oqtay Sadıqzadənin “Çağırışçılar” tablosu idi...

 

Gənc rəssam 1941-ci ilin yanvar ayında Moskvada oxuyan dostu Mikayıl Abdullayevdən bir məktub alır. O, məktubunda yazırdı: “...Oqtay, TretyakovkadaSovet rəngkarlığı 23 ildə” sərgisi açılıb. Orada sənin “Çağırışçılar” əsərinlə Sadıq Şərifzadənin “Kəndli” etüdü asılmışdı. Əsərini görəndə çox sevindim. Bizim gənclər arasında belə bir istedada malik olduğun üçün səni yenidən təbrik edirəm”.

 

Oqtay Sadıqzadə bu uğurdan çox sevinir. Ancaq bu sevincli günlərin ömrü uzun olmur. Atası Seyid Hüseyn 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdi. Ona görə də qara kölgə onu rahat buraxa bilməzdi. 1941-ci ildə “xalq düşməni”nin oğlu kimi həbs edilirAltay diyarına sürgünə göndərilir. O illəri xatırlayan sənətkar müsahibələrinin birində deyib: “Rəssamlar İttifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərin rəhbərliyinə məktubla müraciət edir. Qayıtmağımla bağlı xahiş edir. Həmin məktubun böyük köməyi oldu. Sürgündən azad olunaraq 1946-cı ildə Bakıya qayıtdım”.

 

Araşdırmalarda bildirilir ki, sürgündən qayıdan rəssam kitab qrafikası ilə məşğul olmağa başlayır və uğurlar qazanır.  V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda qrafika ixtisası üzrə təhsil alır. “Azərnəşr”də bədii redaktor vəzifəsinə təyin edilir. NizamininYeddi gözəl” əsəri əsasında çap olunan “Fitnə” uşaq kitabına çəkdiyi illüstrasiyalar xüsusilə maraqla qarşılanır. Rus yazıçısı İ.TurgenevinAtalaroğullar” kitabına çəkdiyi silsilə illüstrasiyalar gənc rəssamı sənət ictimaiyyətinə daha da tanıdır. V.Hüqo, O.Balzak, M.Qorki, H.Cavid, C.Cabbarlı, R.N.Güntəkin və digər ədiblərin qəhrəmanlarının yaddaqalan obrazlarını yaradır. Ə.Xaqani,  Q.Təbrizi, İ.Nəsimi, X.Natəvan və digər şairlərin poeziyası onun  əsərlərində canlanır.

 

Ümumiyyətlə, rəssamın yaradıcılığında Nizami mövzuları əhəmiyyətli yer tutur. Oqtay Sadıqzadəyə şöhrət gətirən əsərlərdən biri də “Nizami Gəncəvi və dünya mədəniyyəti” monumental silsiləsidir. “Antik filosoflar”, “Nizaminin sələfləri”, “Nizaminin xələfləri” və “NizamiAvropa mədəniyyəti” adlı əsərlər Azərbaycan təsviri sənətinin qiymətli nümunələrindən hesab olunur. Müəllif gərgin zəhmət tələb edən bu silsilə üzərində 6 il işləyib.

 

Oqtay Sadıqzadənin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi ilə yanaşı,  Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzlərinin daimi eksponatlarına çevrilib. Müəllifin yüksək sənətkarlığı ilə səciyyələnən tabloları ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Rəssam 2000-ci illərdə Drezdendə yaşayan incəsənət həvəskarları və rəngkarlıq kolleksiyasının sahibi, tibb elmləri doktoru, professor Mario Marrenin portretini çəkir. Bundan çox məmnun qalan professor rəssama göndərdiyi məktubunda yazır: “...Çəkdiyiniz əsərə baxarkən heyran oldum... Mən portretdə mənəvi aləmimi, ruhumu gördüm”.

 

Sənətkarın tematik tablo, kompozisiya və portretləri sənətşünaslar tərəfindən yüksək dəyərləndirilir. Təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnən bu əsərlər incəsənət tariximizdə özünəməxsus yer tutur.

 

Sənətşünas Əsəd Quliyev araşdırmasında yazır ki, rəssam zəngin sənət metodlarına əsaslanaraq uğurlu kolorit həlli, əlvan rəng keçidləri və mahiranə rəng yaxıları ilə diqqəti cəlb edən tabloların yaradılmasına nail olub. Oqtay Sadıqzadənin süjetli tablolarından onun portret ustası olduğunu asanlıqla sezmək olar. Bunu rəssamın çoxsaylı portret əsərləri də təsdiq edir. “Seyid Hüseyn”, “Tatalovanın portreti”, “Qız portreti” , “Bakılı qız”, “Natəvan”, “Akademik Zərifə xanım Əliyeva” və s. portretləri müəllifin yüksək sənət duyumunun göstəricisidir.

 

Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən rəssam  1977-ci ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adları, həmçinin “Şöhrət” (2009) və “Şərəf” (2011) ordenləri ilə təltif olunub. 2014-cü ildə isə Dövlət mükafatına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

 

Müasir rəssamlıq məktəbimizin təşəkkülü və inkişafında böyük əməyi olan  yaradıcılığı hər zaman sənətsevərlər tərəfindən maraqla qarşılanan Oqtay Sadıqzadə uzun ömür yaşayıb və 20 dekabr 2014-cü ildə, 93 yaşında vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 26 fevral.- S.6.