Uşaq musiqi məktəbləri
yetirmələrinin nailiyyətləri
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin yetirmələri 2020-2021-ci tədris ilində beynəlxalq onlayn müsabiqələrdə uğur qazanıb.
İdarədən bildirilib ki, məktəbin xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə şagirdləri Elnur Əliverdiyev, Eldar Hüseynov və Nuray Adbullayeva Qazaxıstanda keçirilmiş “Astana vision contest” beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində I dərəcəli laureat adına layiq görülüb. Qarmon ixtisası üzrə şagird Murad Abdullayev Moskvada keçirilən “Muzıkalnıy rassvet” instrumental ifaçılıq üzrə beynəlxalq müsabiqədə Qran-pri mükafatı alıb. ABŞ-da keçirilmiş “American edition contest” müsabiqəsində Xədicə Balabəyova III dərəcəli diplomla təltif olunub.
Fortepiano şöbəsində təhsil alan Amirə Əliyeva Budapeştdə (Macarıstan) keçirilən “Best of the Best” beynəlxalq müsabiqəsində l yeri, II sinif şagirdi İbrahim Əhmədov isə II yeri tutub. Fransa paytaxtında təşkil olunan “Le Ciel De Paris” III beynəlxalq festival-müsabiqəsində Duyğu Ziyalı II yerə çıxıb. O, həmçinin Sara Teyyublu ilə birlikdə Kopenhagendə (Danimarka) keçirilən “Pease and Friendship” beynəlxalq müsabiqəsində I və II yerlərə layiq görülüb.
Aydan Hüseynova Madriddə keçirilən “Spain Star Production” beynəlxalq müsabiqəsində, Nuray Manafova isə İtaliya paytaxtında “Star of the Rome” yarışmasında II yeri qazanıb. Simli alətlər şöbəsində təhsil alan Neylor Çarlz Emin İspaniyada keçirilən ”World Art Games” müsabiqəsində II yerə, Leyla Əfəndiyeva və Rada Ramazanova II yerə, Fərid Ziyalı və Mail Manafov l yerə layiq görülüblər.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Xədicə Vəliyeva Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “El Gran Astor” I beynəlxalq instrumental musiqi müsabiqəsində uğurla iştirak edib. Xədicə fortepiano nominasiyası üzrə 11-13 yaş kateqoriyasında I dərəcəli laureat adına layiq görülüb. Gənc istedadın müəllimi Aidə Şeyxovaya təşəkkürnamə təqdim olunub.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri Aytən Şirinova və Malik Qədimzadə Moskva şəhərində keçirilən “Art world 2021” beynəlxalq yaradıcılıq onlayn müsabiqəsində “ansambl” nominasiyası üzrə iştirak ediblər.
Şagirdlər uğurlu çıxışlarına görə münsiflər heyəti tərəfindən birinci dərəcəli diploma layiq görülüblər. Onları müsabiqəyə hazırlayan müəllimlər A.Ələkbərova və Q.Rüstəmova sertifikatla təltif olunublar.
Mədəniyyət.- 2021.- 2 iyul.-
S.5.