“Oğurlanmış Zəngəzur”

 

Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

Romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Müəllif romanda zəngəzurluların vətənə bağlılığı, döyüşkən ruhunu təsvir edib. Laçın rayonundan olan Sultan bəyin, qardaşı – Qarabağın general-qubernatoru (Xalq Cümhuriyyəti dövründə) Xosrov bəyin vətən qarşısında fədakarlığı əsərin aparıcı xəttidir.

Romanda Qarabağın və Zəngəzurun fövqəladə komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real hadisələr əsasında təsvir edilib. Daşnaklarla mübarizədə misilsiz xidmətləri olan Çingiz İldırımın fəaliyyəti haqqında da söhbət açılır. 1920-ci ildə Qarabağı erməni işğalından qorumaq üçün əsgərləri ilə bu savaşda iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi haqqında geniş məlumat verilir.

Əsərdə sovet hakimiyyəti dövründə Zəngəzur mahalının Ermənistana verilməsinin səbəbi tarixi faktlarla açıqlanır.

Yazıçı Güllü Məmmədova bundan əvvəl “Qarabəkir əfsanəsi”, “Kalbalı xan”, “Qan işində işıq” tarixi-sənədli romanlarını qələmə alıb. “Qan içində işıq” Türkiyədə də nəşr edilib.

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.7.