“Səhnədən səngərə” layihəsində şəhid Tural Hümmətov

 

 

Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə” layihəsində 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinə həsr olunmuş videotəqdimatlar davam edir. Layihənin beşinci buraxılışı 23 yaşlı qəhrəmanımız Tural Hümmətov haqqındadır.

 

Tural Rövşən oğlu Hümmətov 20 may 1998-ci ildə Lənkəran şəhəri Tatova kəndində doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Kompüter sahəsində bilgi və hazırlığı nəzərə alınaraq 2018-ci ildə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar Kompüter mərkəzində inzibatçı vəzifəsinə işə qəbul edilmişdi. İşinə məsuliyyətlə yanaşır, bu sahədə bildiklərini uşaq və gənclərə həvəslə öyrədirdi.

 

Tural hərbi xidmət zamanı artilleriya bölməsində qulluq etmişdi. 2020-ci il sentyabrın əvvəllərində qısamüddətli xüsusi təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yola düşür.

 

Tural topçu kimi əvvəlcə Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin işğaldan azad edilməsində  rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Atası Rövşən Hümmətov oğlunun şəhid olması xəbərini mətanətlə qarşılasa da, ürəyi bu itkiyə dözməyib, noyabrın 30-da dünyasını dəyişib.

 

Videomaterialda şəhidimizin yoldaşları, ailə üzvləri, öz balası kimi sevdiyi bacısının övladları onunla bağlı işıqlı xatirələrini bölüşüblər.

 

“Səhnədən səngərə” layihəsinin beşinci buraxılışını bu linkdə izləmək mümkündür: https://bit.ly/2Ugnc2H

 

Mədəniyyət.- 2021.- 2 iyul.- S.6.