Ekranlara
yeni filmlər gəlir...
Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 3 bədii
tammetrajlı film istehsal prosesindədir. Bu barədə kinostudiyanın mətbuat
xidmətindən məlumat verilib.
Rejissor Elçin Musaoğlunun “Məryəm”
filminin çəkilişlərinə may ayından
başlanılıb. Hazırda Zaqatala-Balakən bölgəsində
son çəkilişlər gedir və iyulun 10-na kimi çəkilişlər
tamamlanacaq. Ekran əsərinin ilin sonuna
tamaşaçılara təqdim olunması nəzərdə
tutulub. Dram janrında olan filmin süjet xətti
ölmüş bildiyi atasını görmək
üçün uzun illər sonra Azərbaycana gələn və
onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında
tapan Məryəm adlı qızdan bəhs edir. Qeyd edək ki,
filmlə bağlı əlavə məlumat növbəti
günlərdə mətbuata açıqlanacaq.
İkinci
Qarabağ müharibəsinə həsr olunmuş kinorejissor
Vaqif Mustafayevin “Fəryad 2” filmi ilə bağlı
hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə
hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyul
ayının 15-dən sonra çəkilişlər
başlanacaq.
Asif
Rüstəmovun “Mərmər soyuğu” adlı filmi isə
fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki
filmin də çəkilişlərinin tamamlanması nəzərdə
tutulub.
Eyni
zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri
də davam edir. “Görünməyən qəhrəmanlar”
adlı 5 hissəli silsilə
xronikal filmlərin istehsalı prosesinə artıq start verilib.
Silsilə filmlər İkinci Qarabağ müharibəsində
öz qəhrəmanlıqları ilə ad qazanmış
döyüşçülər haqqındadır. Mədəniyyət
Nazirliyinin “Böyük qayıdış” ssenari müsabiqəsinin
qalibi olan “Fulya” sənədli filmi tamamlanıb və montaj
prosesindədir.
L.AZƏRİ
Mədəniyyət.-
2021.- 7 iyul. S. 5.