ATƏT
PA-nın sessiyasında Ermənistanla Azərbaycan arasında
etimad tədbirlərindən söz açılıb
İyulun
5-də Vyana şəhərində ATƏT Parlament
Assambleyası (ATƏT PA) Daimi Komitəsinin iclası
başlanıb.
Azərbaycanın
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri
və qurumun vitse-prezidenti Azay Quliyev iclasda
çıxış edib. Deputat 2020-ci ilin İkinci Qarabağ
müharibəsi ilə bağlı Ermənistanda səslənən
spekulyativ fikirlərə və revanşist
çıxışlara toxunaraq bildirib ki, bu ölkə hələ
də 44 günlük müharibədən dərs
çıxarmağı və reallığı
düzgün qiymətləndirməyi bacarmır. Ermənistanın
ənənəvi ritorikasının nə özlərinə,
nə də regiona heç bir faydası olmayacaq.
Azay
Quliyev iclas iştirakçılarını Ermənistanla Azərbaycan
arasında humanitar sahədə etimadın
artırılması məqsədilə həyata keçirilən
tədbirlər barədə məlumatlandırıb. Qeyd edib
ki, ABŞ, Avropa Birliyi, ATƏT sədri və
Gürcüstanın dəstəyi ilə 12 iyun 2021-ci ildə
əldə olunmuş razılığa görə, Ermənistan
Ağdam rayonunda yerləşdirilmiş 97 min tank və piyada əleyhinə
minanın xəritələrini Azərbaycana təqdim edib,
bunun əvəzində Azərbaycan ölkə ərazisində
saxlanılan 15 ermənini geri qaytarıb. Qeyd olunan şəxslər
müharibədən sonra, 2020-ci ilin dekabrında Ermənistan
tərəfin Azərbaycan ərazisinə göndərdiyi təxribatçı
qrupun üzvləri olub. Millət vəkili diqqətə
çatdırıb ki, ikinci humanitar təşəbbüs 3
iyul 2021-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi
ilə baş tutdu. Bu dəfə Ermənistan Azərbaycanın
Füzuli və Zəngilan rayonlarında işğal zamanı
yerləşdirilmiş təxminən 92 min tank və piyada əleyhinə
minanın xəritələrini təqdim edib. Buna cavab olaraq,
Azərbaycan məhkəmənin hökmü ilə həbs
edilmiş və təyin olunmuş cəzanın müddəti
bitmiş daha 15 erməni vətəndaşını humanizmə
əsaslanaraq Ermənistana təhvil verib.
Azərbaycanın
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri
bildirib ki, Ermənistanı son humanitar tədbirlərin müvəffəqiyyətini
möhkəmləndirməyə və Azərbaycandakı digər
minalanmış ərazilərin xəritələrinin təqdim
olunması üçün beynəlxalq ictimaiyyət və
bölgədəki aktorlarla konstruktiv əlaqələri davam
etdirməyə təşviq etmək lazımdır.
Daha
sonra Azay Quliyev Ermənistanın otuzillik işğal
dövründə ərazilərimizdə yerləşdirdiyi
minaların partlaması ilə bağlı son 8 aydakı dəhşətli
statistik məlumatları qeyd edib – məlum olduğu kimi, bu
günə qədər minaya düşən 144 azərbaycanlının
27-si həyatını itirib və yerdə qalanları
ağır yaralanıb: “Bu xəritələrin əldə
edilməsi humanitar baxımdan böyük əhəmiyyət
kəsb edir, çünki bununla minlərlə insanın, o cümlədən
Azərbaycanın dağıdılmış şəhər
və kəndlərinin bərpası və yenidən
qurulması prosesində fəal iştirak edən beynəlxalq
tərəfdaşlar və şirkətlərin nümayəndələrinin
həyatını real təhlükədən xilas etmək
mümkün olacaq”.
Sonda
Azay Quliyev ATƏT PA-nı və üzv ölkələri
post-münaqişədən irəli gələn məsələlərin
həllində, regionda qalıcı sülhün və
barışın əldə olunmasında üzərilərinə
düşən vəzifələri layiqincə yerinə
yetirməyə çağırıb.
Sessiyanın
ikinci günündə ATƏT PA-nın plenar müzakirələri
davam edib, həmçinin qurumun prezidenti, vitse-prezidentləri
ilə bağlı seçkilər keçirilib.
Bu
arada ATƏT-in fəaliyyətdə olan sədri,
İsveçin xarici işlər naziri xanım Ann Linde Azərbaycan
ilə Ermənistan arasında saxlanılanların və
minalanmış ərazilərin xəritəsinin mübadiləsinə
dair növbəti razılaşmanı alqışlayıb.
Onun “Twitter” hesabındakı paylaşımında deyilir:
“Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən
buraxılmasını və Ermənistanın
minalanmış ərazilərin xəritəsini təqdim etməsini
alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir
edirəm. Ümidvaram ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin
himayəsi ilə daha çox etimadın yaradılması
davamlı həllə yol aça bilər.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 3.