Qobu
emalatxanasında ilin ən böyük xalçası kəsilib
“Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobu
emalatxanasında son bir ildə toxunan ən böyük
ölçülü xalça kəsilib. İyulun 2-də kəsilən
xalçanı beş ay müddətində 4 xanım toxuyub.
“Azərxalça”nın
mətbuat xidmətindən bildirilib ki, Quba məktəbinə
aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24
kvadratmetrdir. Bu, Qobu emalatxanasında kəsilən
dördüncü böyük ölçülü
xalçadır.
Qeyd
edək ki, iriölçülü
(24-25 kvadratmetr) xalçaları toxumaq üçün
“Azərxalça”nın hər emalatxanasında 2 böyük
xalça dəzgahı mövcuddur.
“Azərxalça”
ASC-nin Abşeron rayonunun Qobu qəsəbəsində
xalça istehsalı emalatxanası 2018-ci ilin dekabrında fəaliyyətə
başlayıb. Emalatxananın Qobu qəsəbəsinin ərazisində
yaradılması təsadüfi deyil. Çünki bu qəsəbədə
həm tarixən xalçaçılıqla məşğul
olublar, həm də filialın yerləşdiyi ərazi
xalçaçılığın
yaşadıldığı Güzdək, Aşağı
Güzdək və Hökməli qəsəbələrinə
təqribən eyni uzaqlıqda olan məsafədə yerləşir.
Burada əsasən Bakı qrupu Azərbaycan
xalçalarının toxunmasına üstünlük verilir.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 5.