“Əsərlərim
qəlbimin çağırışıdır”
Xanlar Əhmədov:
“Məktəbli illərimdə hər il yayı Şuşada
keçirərdim. 75 yaşımda Şuşanı belə
görmək mənə çətin idi”
Heykəltəraşın
hər bir əsəri onun həyatı, övladı,
yaratdığıdır, Allah tərəfindən ona verilən
qüdrətdir deyir, Xalq rəssamı Xanlar Əhmədov. Bu
il 75 illik yubileyini qeyd edən sənətkarla
görüşmək planımız bir müddət əvvələ
nəzərə tutulmuşdu. Bu arada heykəltəraş
Şuşaya getməli oldu. Söhbətimiz də bu səfərdən
sonra baş tutdu.
– Xanlar müəllim, elə
Şuşa təəssüratınızdan başlayaq
söhbətimizə. Səfərin məqsədi də öz
yerində...
– Təqribən
40 il əvvəl dostum, Əməkdar rəssam Namiq
Dadaşovla Şuşada Bülbülün və Üzeyir bəyin
büstlərini işlədik. O heykəllər ki, sonradan
talelərinə “Güllələnmiş heykəllər”
adı yazıldı. 44 günlük müharibənin möhtəşəm
Qələbə sevinci və Şuşanın azad edilməsindən
sonra cənab Prezident bu heykəlləri öz doğma yurduna
qaytardı. Şuşada digər işlədiyim heykəltəraşlıq
nümunəsi isə Bülbülün Ev-Muzeyinin
qarşısında müğənninin qaval içərisində
olan heykəli idi. Həmin heykəli də mənfur ermənilər
darmadağın edib tuncunu aparmışdılar. Prezident
İlham Əliyev Şuşa səfərində bildirdi ki,
Bülbülün evi təmir edilib əvvəlki vəziyyətinə
qaytarılmalıdır. Xalq artisti Polad Bülbüloğlu
hazırda ata yurdunun bərpası ilə bağlı işlərə
başlamaq istəyir. Elə bu səbəbdən də mənimlə
əlaqə yaradıb heykəlin yenidən bərpası ilə
bağlı fikirlərimi öyrəndi. Beləliklə,
şükür olsun ki, mən də bu günü, azad
Şuşanı gördüm və heykəlin yenidən
yerində bərqərar olunmasını həyata keçirəcəyəm.
Böyük həvəslə bu işə başlayacağam.
Şuşaya getməyimin məqsədi də bu idi.
Təəssürata
gəlincə isə, qədim şəhərimizə Zəfər
yolu ilə getməli olduq. Bir az mənə ağır təsir
etdi. O səbəbdən ki, mənim ana tərəfim
şuşalıdır. Şuşada babamın evi də var. Hətta
40 il əvvəl Şuşanın icra nümayəndəsi mənə
demişdi ki, indi bu evdə erməni ailəsi yaşayır,
amma biz evi boşaltdıra bilərik. Lakin o zaman razı
olmamışdım. Nə biləydim ki, bir neçə il
sonra onların belə məkrləri ortaya çıxacaq. Məktəbli
illərimdə hər il yay tətilini Şuşada keçirərdim.
Şuşa mənə doğmadır. 75 yaşımda
Şuşanı yenidən belə görmək mənə
çətin idi. İkili hisslər yaşayırdım.
Sevinc hissi – öz torpağımda addımlayıram və bu
şəhəri yaddaşımda qalan Şuşa kimi görməməyin
qüssəsi. Axşamlar Şuşa məscidi tərəfdə
qələbəlik, məhəllələrdəki
çal-çağır, bulaq qarşısındakı
növbə, bir də yerlə yeksan olunmuş mədəniyyət
evi canlanırdı gözlərim önündə.
Dünyanın ən gözəl şəhərləri belə
insan amili yoxdursa, əhəmiyyətini itirir. İnanıram
ki, Şuşada həyat bərpa olunacaq.
–
Xatırlayıram, bir neçə il əvvəl siz “Güllələnmiş
heykəllər”in bərpasına etiraz etmişdiniz...
– Bəli,
buna etiraz etmişdim və sevindim ki, bizim bir müəllif kimi
o dövrdə fikrimiz dinlənildi, bu heykəllər
restavrasiya olunmadı. Biz ürəyiyumşaq xalqıq, təəssüf
ki, tarixi unutqanlığımız da var. Odur ki, bu heykəllər
gələcək nəsillərə bir ibrət dərsi
olacaq.
– Demək, gələcək
üçün də restavrasiya nəzərdə
tutulmayıb?
–
Xeyr, olunmaycaq. Bu bir tarixdir və yaddaş səhifəmizdir.
– Müsahibələrinizdə
deyirsiniz ki, heykəltəraşların heç zaman boş
vaxtı olmur. Olanda isə ürəyimiz istəyən əsərləri
yaradırıq. Sizin ürəyiniz istəyən əsərlərin
mövzusu nə olur?
– Son
30 ildə boş vaxtımın hamısını Xocalı
faciəsinə həsr etmişəm. Elə oldu ki, həmin
gecə mən hadisənin içinə düşdüm. Həmin
gün Ağdamda idim və Ağdama gətirilən
yaralılar, şəhidlər hamısı gözümün
qarşısındadır. Sənətkar üçün də
bu, həssas mövzudur. Son 20 ildə Xocalıya həsr edilən
bütün müsabiqələrdə iştirak etmişəm
və hamısında da əsərlərim yer qazanıb.
Əslində, bu əsərlər ürəyimin
çağırışıdır. Yaradıcılıq
belə işdir ki, bir var sifariş olunur, bir də var qəlbinin
səsi ilə hazırlayırsan.
– Hazırda həyətdə
tamamlanmamış bir heykəl görürük. Cəfər
Cabbarlının heykəli...
– Bəli,
bu heykəl sifarişdir. Gəncə Dövlət Dram
Teatrının qarşısında qoyulacaq. İki heykəl nəzərdə
tutulub. C.Cabbarlı və M.F.Axundzadə. Hazırda bu heykəl
üzərində çalışıram. Azad mövzulara gəlincə
isə, gənclik illərimdə bu mövzular fərqli idi.
Sevgi, ana və s. Bu mövzulara ürəkdən
yanaşırdım.
– Bəs başqa hansı
sifarişiniz var?
–
Eskiz kimi xarıbülbül heykəli nəzərdə
tutulub. Simvolik güldür. Gülü, yarpağı,
budağı heykəl dilinə çevirmək bir az çətindir.
Onun öz yolları var. Sonra “Dəmir yumruq”, “Ana” heykəli var.
Ana kimi o nə fəryad edir, nə də danışır. O,
əsgərlərə yol göstərir, inamlı olmağa
çağırır. Yəni bu günün mövzuları
artıq bu heykəllərdir.
–
Əsgər demişkən, bu mövzuda da yeni işiniz
olmalıdır, məncə...
– Bəli,
həmin iş böyük həcmli olduğu
üçün digər emalatxanadadır. “Bayraq sancan əsgər”.
Bu heykəl Şirvan şəhərində qoyulacaq. Daha
önəmli bir işim isə ulu öndər Heydər
Əliyevin büstüdür ki, həmin iş də
tamamlanmaq üzrədir. Son işlərdən biri də general
Əliağa Şıxlinskinin qəbirüstü abidəsi
oldu.
– Bülbülün Şuşada
heykəli nə vaxta nəzərdə tutulub?
–
İnşallah, yəqin ki, 8 Noyabr – Qələbə
Gününə, ilin axırına kimi
yekunlaşdırmağa imkan olacaq.
– Hacı Zeynalabdin Tağıyevin
heykəlini də hazırlamısınız. Nə vaxt
qoyulacaq?
– Bu
mövzuda son günlər mənə çoxsaylı zənglər
olub. Heykəl il yarım bundan əvvəldən
hazırdır. Pandemiya, müharibə şəraiti. Heykəlin
ləngiməsi səbəbləri başa düşülməlidir.
Yaxın iki ay müddətində açılışı
nəzərdə tutulur.
–
Xanlar müəllim, yubileyiniz ərəfəsində zəngləşdik.
Dediniz ki, heç vaxt ad günü qeyd etmirsiniz. Amma bir az da həyat
və yaradıcılıq yolunuza nəzər salaq...
–
Hamı yubiley və 75 rəqəmini qeyd edir. Amma mən
öz yaşımda 35-dən yuxarı keçə bilmirəm.
Hələ də 35 yaşımda qalmışam. Bu günlərdə
isə oxudum ki, insan həyatını dəyişəndə,
bu dünyadan o biri dünyaya qədəm qoyanda 35
yaşında olur. Bu məni çox
düşündürdü. Ümidverici haldır. Demək, mən
həmişə bu yaşda olacağam.
– Yəqin 35 yaşınızda həyat
və yaradıcılığınızda çox önəmli
hadisələr olub ki, bu yaşın təsirindən
çıxa bilmirsiniz, eləmi?
–
Əlbəttə. 35 yaş elədir ki, həyat sənin əlindədir.
Həm də bizim dövrün 35 yaşı tamam başqa idi.
İndi bəzən gənclərə baxıram 35 yaşda hələ
də 15 yaşdakı kimi düşünənlər
çoxdur. Mən öz 35 yaşımı düşünəndə
o vaxtkı fəaliyyətimi xatırlayıram. Rəssamlar
İttifaqından ezamiyyətlər, heykəl eksperti kimi fəaliyyətim
və s. Amma etiraf edim ki, elə insanlar da var ki, 80
yaşında belə 12 yaşdakı düşüncə ilə
yaşayırlar...
– Dünən zəng etdiyim zaman qəbul
komissiyasında imtahanlarda olduğunuzu qeyd etdiniz. Yeni nəsil,
gənc rəssamlar ümidvericidirmi?
–
İstedadlı gənclər var. Amma bizim zaman ilə
götürəndə fərqlidirlər. Çox da
işgüzar deyillər. Bizim kursumuzda Fərhad Xəlilov,
Ağaəli İbrahimov, Şərif Şərifov, Rafael
Əsədov, Namiq Dadaşov, Rafael Muradov və digərləri
vardı – bu gün hamısı tanınmış
adlardır. Ancaq əməksevərlik onları bu yerə
çıxardı. Elektrik qatarına pulumuz olmayanda xəlvət
minib Buzovnaya gedər, gəzib öyrənərdik. Ağaəli
ilə kitabxanalardan kitab səhifələrindən Pikassonun
işlərini oğurladığımızı da etiraf etməliyəm.
Çox sayda kitablar alıb oxuyardıq. Amma bu gün internetdə
istədiyimiz sahələr üzrə zəngin məlumat var.
Buna baxmayaraq, tələbələr tənbəldirlər. Onu
da qeyd edim ki, hazırda rəssamlıqda əsasən
qızlar təhsil alır. Narahatlıq doğuranı budur ki,
birinci kursda tələbələrlə tanış olan zaman
çoxu deyir balı çatmadığı
üçün bu sahəni seçib.
– Bir neçə il əvvəl heykəllər
parkı ilə bağlı fikir irəli
sürmüşdünüz. Bu gün də aktualdırmı
həmin məsələ?
– Bəli,
mən 30 ildən çoxdur ki, Rəssamlar İttifaqında
heykəltəraşlıq cəmiyyətinin sədriyəm.
Bu səbəbdən də emalatxanalarda çox oluram. Heykəltəraşların
emalatxanalarında, orta və yaşlı nəsildə
çox gözəl heykəllər var. Onları cəmiyyətə
tanıtmaq lazımdır. Xüsusən də boş parklarda
həm gənc, həm də yaşlı rəssamların
yaradıcılıq nümunələri nümayiş
olunmalıdır. Elə köhnə heykəllər də
qorunmalı idi. Çünki tarixdir. Mən Hindistanda olanda
görürdüm ki, hansısa ingilis lordun heykəlinin üzərində
“Bu, ingilis müstəmləkəsi zamanına aid əsərdir”
qeydi var. O vaxt paytaxtın “Dostluq” parkında heykəllər
parkının yaradılması təklifini irəli
sürmüşdüm...
Söhbətimizi
masa ətrafında yekunlaşdırıb emalatxanaya
keçirik. Burada heykəllərin kiçik maketləri var və
bəzi əsərlərin üzərində bərpa
işinin getdiyinin şahidi oluruq. Xanlar müəllim bizə sənətə
gəlişindən danışır: “Rəssamlıq, heykəltəraşlıq
mənə qanla keçib. Dayılarım həmişə
evdə uşaqlar arasında müsabiqə edərdilər və
nədənsə həmişə mən qalib gələrdim.
Bu qalibiyyətlər məni sənətə bağladı”.
Sənətkar
Hacı Zeynalabdin Tağıyevin heykəllərinin digər
nümunələrini bizə göstərir. Deyir ki, heykəl
yaradılarkən onun maliyyə tərəfləri də nəzərə
alınmalıdır.
Sonra
Xanlar müəllimin kitabxanası ilə tanış oluruq.
Heykəltəraş bu kitabxananı nəvəsinə cehiz
verməyi düşünür...
Xanlar
müəllimlə maraqlı müsahibəyə görə
sağollaşıb ayrılırıq. Yolboyu
yaratdığı heykəlləri göz önünə gətirirəm.
Hər biri Azərbaycanın ictimai-siyasi, mədəni həyatında
mühüm izlər qoymuş insanlara həsr olunub. Bu heykəllər
yaradılarkən müəllif onların həyatını,
xarakterini oxuyur, öyrənir və beləliklə, bir heykəltəraş
taleyində onlarla insan ömrü yaşanır. Sevərək
seçilən sənətdə isə bu iş yorucu deyil, sənətə
böyük töhfələrlə müşayiət olunur.
Bu sevginin gerçək nümunəsi isə Xalq rəssamı
Xanlar Əhmədovun zəngin yaradıcılıq irsidir.
LALƏ
Mədəniyyət.-
2021.- 7 iyul. S. 5.