“Xosrov və Şirin” bədii serialı çəkilir

 

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii serialının çəkilişləri davam edir. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsalıdır.

 

Kinostudiyadan bildirilib ki, serialda “Xosrov və Şirin” poemasındakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.  Psixoloji dram strukturunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığı ilə tanış etmək, həm də onun kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.

 

Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin səkkiz əsr öncə yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti kimi prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır. Məhz bu əsərin süjeti əsasında serialın çəkilməsinin bir səbəbi də var. Məlumdur ki, üzdəniraq erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər. Bu baxımdan serialın istehsalı ideoloji vasitə kimi də əhəmiyyət kəsb edir.

 

Çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullazadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirini isə Kəmalə Piriyeva canlandırır.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 5.