Maarifçilik
ideallarının görkəmli təbliğatçısı
Dərin
məzmunlu əsərləri ilə maarifçilik
ideallarını təbliğ edən ədiblərimizdən
biri də Nəcəf bəy Vəzirov olub. Görkəmli
dramaturq M.F.Axundzadə ənənələrini davam etdirərək
silsilə komediyalar yazıb, “Müsibəti-Fəxrəddin” əsəri
ilə ədəbiyyatımızda faciə janrının əsasını
qoyub. Maarifçi ədibin xatirəsini
vəfatının 95-ci ildönümü ərəfəsində
yad edirik.
Nəcəf
bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ildə
Şuşa şəhərində anadan olub. İbtidai məktəbi
bitirdikdən sonra təhsilini Bakı şəhərində
davam etdirir. İmkan düşdükcə teatra gedir. Bir
müddət sonra izlədiyi tamaşaların, xüsusilə
M.F.Axundzadənin komediyalarının təsiri ilə onda
yaradıcılığa meyil oyanır. Gimnaziyanın son
siniflərində oxuyarkən “Əti sənin,
sümüyü mənim”, “Qaragünlü” adlı ilk pyeslərini
qələmə alır.
Nəcəf
bəy tərcümeyi-halında yazır: “1873-cü ildə
altıncı sinifdə olduğum halda birinci dəfə rus
teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə
əsər elədi. Teatrın nə olduğunu başa
düşdüm. Sabahı günü gimnaziya müəllimi
Həsən bəy Məlikov (Zərdabi) cənablarına
müraciət edərək soruşdum ki, bizim dilimizdə
teatr əsərləri, məzhəkə, faciə
vardırmı? Həsən bəy Mirzə Fətəli
Axundzadənin “Hacı Qara” komediyasını tapdı. Bu
komediyanı pansionda olan müsəlman şagirdləri ilə
bir yerdə oynamaq üçün hazırlamağa
başladıq. Tamaşa günü çox adam var idi... Bizim
bu teatrımız camaata nəhayət dərəcədə
xoş gəlmişdi. Həman gecə müəllimimiz Həsən
bəy Məlikov Mirzə Fətəli Axundzadənin təbrik
teleqramını gətirdi. M.F.Axundzadə iki vərəqə
minnətdarlıq kağızı yazmışdı.
Axırda bunu əlavə etmişdi: “Bu gün “Hacı
Qara”nı səhnədə göstərməklə mənim
ömrümün üzərinə on il daha
artırdınız”.
Orta
təhsili uğurla başa vuran Nəcəf bəy Rusiyaya
gedir. Sənədlərini
Sankt-Peterburq Universitetinə verir. Şəhərin
rütubətli havası onun səhhətinə pis təsir
etdiyi üçün xəstələnir. Həkimlər ona
Moskvaya köçməyi məsləhət görür.
Bundan sonra Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı
və Meşəçilik Akademiyasına daxil olur. Qəbul
imtahanlarında yüksək qiymətlər aldığı
üçün ona təqaüd də təyin olunur.
Aldığı təqaüdlə o, teatr tamaşalarına
gedir. Asudə vaxtlarında bədii əsərlər
yazır. “Əkinçi” qəzetində məqalələrlə
çıxış edir.
Dörd
ildən sonra təhsilini başa vurur və vətənə
dönür. Gəncə quberniyasının Dilican, Tərtər
bölgələrində meşəbəyi işləyir.
Eyni zamanda Bakıda çıxan “Həyat”, “İrşad”,
“Tazə həyat”, “Açıq söz” və s. qəzetlərdə
“Dərviş” imzası ilə felyetonlar yazır. Digər tərəfdən
isə dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda
teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi
üçün böyük səy göstərir. 1905-ci ildə
birinci rus inqilabı başlayanda çar hökumətinin nəzərində
siyasi cəhətdən o qədər də etibarlı olmayan
Petrovski-Razumovski Akademiyasının məzunları da nəzarətə
götürülür. Nəcəf bəy Vəzirov da əsassız
olaraq işdən azad edilir. O, Bakıda bir daha imtahan verir və
vəkil işləmək hüququ alır. Bundan sonra vəkillik
fəaliyyəti ilə yanaşı, bədii
yaradıcılıqla daha ardıcıl məşğul olur.
“Yağışdan çıxdıq, yağmura
düşdük”, “Pəhləvanani-zəmanə”, “Daldan
atılan daş topuğa dəyər”, “Sonrakı
peşmançılıq fayda verməz”, “Adı var,
özü yox” pyeslərini yazır.
Ədibin
dövrümüzə gəlib çatan ilk əsəri “Ev tərbiyəsinin
bir şəkli” komediyasıdır.
Bu əsərdə mülkədar ailələrindəki
tərbiyə üsulu tənqid edilir. Komediyanın konflikti
varlı, amma kobud, mədəniyyətsiz ata Bayraməli bəylə
tənbəl və tərbiyəsiz oğulları Rəsul və
Səfdərqulu arasındakı müasir həyat
qaydalarına, məktəbə münasibətdən doğan
ziddiyyətlər üzərində qurulub.
N.Vəzirovun
yaradıcılığında “Müsibəti-Fəxrəddin”
əsəri mühüm yer tutur. Müəllifin 1896-cı ildə
yazdığı və Azərbaycan ədəbiyyatında
faciə janrının əsasını qoyduğu pyesin
mövzusu iki mülkədar ailəsi arasında gedən qan
davasından alınıb. Faciənin konflikti mürtəce
köhnəliklə nisbətən zəif yenilik
arasındakı mübarizədir. Birincilərin nümayəndəsi
mühafizəkar mülkədar olan Rüstəm bəy,
ikincilərin nümayəndəsi isə demokratik ruhlu mülkədar
ziyalı Fəxrəddin bəydir. Rüstəm bəy
yaşadığı ərazidə özündən
böyük heç bir varlı şəxs görmək istəmir.
Ona salam verməyən hər kəsi öldürür, evinə
od vurub yandırır... İntiqam hissi Rüstəm bəyin
gözünü tutur. Oğlu Mahmud bəyi də bu işə
təhrik edir və sonda onun da ölümünə səbəb
olur. Əsərin müsbət qəhrəmanı Fəxrəddin
bəy gənc ziyalıdır. Xaricdə 5 il ali təhsil
aldıqdan sonra böyük arzularla vətənə
dönür... Qan davasına son qoymaq və Rüstəm bəylə
barışmaq istəyir. Sonda o, maarifsizliyin gülləsinə
tuş gəlir...
“Yağışdan
çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”)
komediyasının mövzusu isə tacir həyatından
götürülüb. Komediyanın mənfi qəhrəmanı
Hacı Qəmbərdir. O, xarici ölkələrlə ticarət
edir. Daha çox varlanmaq sevdasına düşür. Sonda
barama alverinə girişir. Lakin barama yüklənmiş gəminin
dənizdə batması xəbərini eşidəndə
havalanır. Ayaqyalın, başıaçıq küçələrdə
dolaşır. Bir növ gülüş obyektinə
çevrilir. Bir müddət sonra baramanın sığorta
olunduğunu, pulunun qaytarılacağı xəbərini
eşidir. Bundan sonra ağlı başına gəlir və
sağalır...
N.Vəzirov
yaradıcılığının ikinci dövrü “Ağa
Kərim xan Ərdəbili” məzhəkəsi ilə
başlayır. Müəllif əsəri yazarkən məşhur
fransız dramaturqu Jan Batist Molyerin “Xəsis” komediyasından bəhrələnib.
Ancaq o, əsərə milli ruh verməklə tipik bədii
obrazlar yarada bilib. Buna görə də komediya
dramaturgiyamızda diqqətəlayiq nümunələrdən
hesab olunur. Ədib daha sonra “Vay şələküm-məəlləküm”,
“Nə əkərsən, onu biçərsən” və
“Keçmişdə qaçaqlar” əsərlərini
yazır. Ədib eyni zamanda müxtəlif teatr truppalarında
rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar
aktyor kimi kiçik həcmli rollar da oynayıb...
1913-cü
ildə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi
münasibətilə Tağıyev teatrında təntənəli
yubiley tədbiri keçirilir. “Nəcəf bəy Vəzirov”
adlı ayrıca kitabça nəşr olunur. Ədəbi
ictimaiyyətin ehtiramı N.Vəzirovun yaradıcılıq
ilhamını, işləmək həvəsini daha da artırır.
1917-ci
il oktyabrın 25-də Rusiyada çar hakimiyyətinin devrilməsi
xəbərini böyük sevinclə qarşılayan ədib
mətbuatda “Getsin, gəlməsin” adlı məqalə ilə
çıxış edir. N.Vəzirov Azərbaycan Xalq
Cümhuriyyəti zamanında pedaqoji fəaliyyətini daha da
genişləndirir, maarifçiliyin inkişafına töhfələr
verir.
Azərbaycanın
sovetləşməsindən (1920) sonra N.Vəzirov Bakıda Kənd
Təsərrüfatı Texnikumunda müəllim işləyir.
Meşəçilik işi ilə bağlı tələbələri
Azərbaycanın müxtəlif rayonlarına aparır. Təcrübə
məşğələlərinə rəhbərlik edir.
Unudulmaz
yazıçı-dramaturq 9 iyul 1926-cı ildə tələbələri
ilə birlikdə Şamaxıda, Çuxuryurdda olarkən
ürəktutmasından vəfat edir, Bakıda dəfn olunur.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2021.- 7 iyul. S. 6.