İstiqlal
savaşında Nəsib bəy Yusifbəyli yolu
Elmi konfrans
keçirilib
Azərbaycan İlahiyyat İnstitutu
(Aİİ) və Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı
ilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli
yolu” mövzusunda elmi konfrans keçirilib. Azərbaycanın və
Türkiyənin ali təhsil müəssisələri alimlərinin
iştirak etdikləri tədbir görkəmli dövlət və
ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin (1881–1920) anadan
olmasının 140 illiyinə həsr edilib.
Konfransın
açılışında çıxış edən
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə
doktoru Aqil Şirinov ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin
həyatını xalqına həsr edən şəxsiyyət
olduğunu vurğulayıb, onun qısa ömür
yaşamasına baxmayaraq, böyük xidmətlər göstərdiyini
qeyd edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
N.Yusifbəylinin fəaliyyətindən bəhs edən rektor
onun hökumətdə vəzifə tutduğu dönəmlərdə
xalqın maarifləndirilməsi, savadlanması yolunda xidmətlərinin
danılmaz olduğunu vurğulayıb.
Azərbaycan
“Türk Ocağı”nın başqanı, tarix üzrə fəlsəfə
doktoru Akif Aşırlı N.Yusifbəylinin Cümhuriyyətin
başlıca simalarından biri olduğunu vurğulayıb, onun
Baş nazir və maarif naziri kimi fəaliyyətindən
danışıb.
Türkiyənin
Azərbaycandakı səfiri Cahit Bağçı iki dövlətin
qardaşlıq əlaqələrindən bəhs edib. O, iki
qardaş ölkə arasındakı əlaqələrin
yalnız elm, təhsil, mədəniyyət deyil, bütün
sahələrdə inkişaf etdiyini deyib. Səfir Nəsib bəy
Yusifbəylinin xüsusilə Xalq Cümhuriyyəti
dövründə 100 tələbənin xaricdə təhsil
alması üçün gördüyü işlərdən,
maarif naziri kimi fəaliyyət göstərdiyi dönəmdəki
yüksək fəaliyyətindən danışıb.
Türk
Ocaqlarının rəhbəri, professor Mehmet Öz konfransa
onlayn formatda qoşulub. O, Nəsib bəy Yusifbəylinin
Türkiyədəki fəaliyyətini, xüsusilə gənclərin
maariflənməsi, savadlanması yolunda göstərdiyi əvəzsiz
xidmətləri vurğulayıb.
Milli
Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə
doktoru Fazil Mustafa konfransın əhəmiyyətini diqqətə
çatdırıb. Deputat, həmçinin “Difai” təşkilatının
yaranmasında N.Yusifbəylinin rolunun, o cümlədən
İsmayıl bəy Qaspıralı ilə olan münasibətlərinin
araşdırılmasının vacibliyini qeyd edib.
Milli
Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə
doktoru Ceyhun Məmmədov da çıxışında Nəsib
bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətindən ətraflı
söz açıb. Onun fəaliyyət göstərdiyi
dövrdə Bakı Dövlət Universitetinin yaranması,
yüzlərlə tələbənin xaricdə təhsil
alması, həmçinin ana dili ilə bağlı bir
sıra məsələlərin öz həllini
tapdığını qeyd edib.
Türk
Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram
konfransa onlayn formatda qoşularaq, Nəsib bəy Yusifbəylinin
faciəvi sonluqla nəticələnən həyatından bəhs
edib, Cümhuriyyət dövründəki fəaliyyətini
qeyd edərək, milli şüurun formalaşmasında əvəzsiz
xidmətlərindən danışıb.
Konfrans
işini panellərlə davam etdirib.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 6.