Ukraynalı
alim Kiyev küçələrindən birinə Yusif Vəzir
Çəmənzəminlinin adının verilməsini təklif
edib
Kiyev
küçələrindən birinə azərbaycanlı məşhur
siyasətçi, yazıçı, tarixçi Yusif Vəzir
Çəmənzəminlinin adı verilməlidir.
Ukraynalı
alim, tarix elmləri namizədi, Taras Şevçenko adına
Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən
yeni tarixi kafedrasının dosenti Oleq Kupçik bu fikri
AZƏRTAC-a müsahibəsində söyləyib. O
vurğulayıb ki, Yusif Vəzir Çəmənzəminlini
Ukrayna ilə bağlayan amillər çoxdur.
Alim
diqqətə çatdırıb ki, 1993-cü ildə Kiyevdəki
“Veselka” (“Göy qurşağı”) nəşriyyatında
ukraynalı gənc oxucular üçün Yusif Vəzir
Çəmənzəminlinin “ijâî÷å äæåðåëî” (“Qızlar
bulağı”) kitabı çapdan çıxıb. Bu
gün isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin
Tarix fakültəsinin “Şərqşünaslıq”
proqramı üzrə təhsil alan tələbələr
onun fəaliyyətinin Kiyev dövrünü maraqla öyrənirlər.
Yusif
Vəzir Çəmənzəminlinin Azərbaycan Xalq
Cümhuriyyətinin Kiyevdə səfiri təyin edilməsindən
də söz açan alim bildirib ki, bu, heç də təsadüfi
olmayıb. Yusif Vəzir Müqəddəs Kiyevdəki Vladimir
Universitetinin Hüquq fakültəsini bitirib. Birinci Dünya
müharibəsi dövründə Kiyevin almanlar tərəfindən
işğal edilməsi təhlükəsi vardı. Buna
görə universitet Saratova təxliyə edilmişdi. Yusif Vəzir
sonradan Saratov məhkəmə palatasında işə qəbul
edilib. Az sonra maddi çətinliklər üzündən
Ukraynaya qayıdan Yusif Vəzir Cənub-qərb cəbhəsinin
zemstvosunda işə düzəlib. 1917-ci il fevral inqilabı
başlananda Yusif Vəzir Çəmənzəminli
Qaliçinada idi. O, burada Ukrayna Xalq Respublikasının rəhbər
xadimləri ilə tanış olub. Alim bir faktı da qeyd edir
ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
Vasili Kujimin qardaşı Aleksey Kujim (1919-1920-ci illərdə
Ukrayna Xalq Respublikasının Azərbaycanda vitse-konsulu)
universitetdə Yusif Vəzir Çəmənzəminli ilə
birgə oxuyub: “Buna görə də Yusif Vəzirin Ukraynaya səfir
təyin edilməsi tamamilə qanunauyğun idi: Yusif Vəzir
bu ölkəyə və onun insanlarına bələd olmaqla
bərabər Ukrayna xarici siyasətinin o vaxtkı rəhbərləri
ilə şəxsən tanış idi”.
“Ümidvaram
ki, Kiyev küçələrindən birinə görkəmli
yazıçı, əslən Azərbaycanın Şuşa
şəhərindən olan, Kiyev Universitetində təhsil
almış, ukraynalı oxucuların çoxu
üçün Azərbaycan tarixi və mədəniyyətinə
dair biliklərin mənbəyi olmuş Yusif Vəzir Çəmənzəminlinin
adı veriləcək”, – deyə Oleq Kupçik bildirib.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 3.