60-lardan günümüzə Azərbaycan hekayəsi

 

Türkiyədə çapdan çıxıb

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda hazırlanan “60-lardan günümüzə Azərbaycan hekayəsi” kitabı Türkiyədə çapdan çıxıb.

 

İnstitutdan verilən məlumata görə, Ankarada “Bengü” nəşriyyat evində çap olunan kitabın redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, çapa hazırlayanı institutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımlıdır.

 

Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə nəzər salınaraq, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Hüseynov, Sabir Əhmədli, Yusif Səmədoğlu, Anar, Elçin, Kamal Abdulla – ümumilikdə 18 yazıçının hekayələri təhlil olunub.

 

Kitabda hər bir yazıçı haqqında qısa məlumat verildikdən sonra onun hekayəsi təqdim edilir, sonra təhlilə keçilir. Hekayələrin əksəriyyəti bu layihə çərçivəsində türk dilinə tərcümə edilib. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosent və doktorantlar iştirak edib. Topluda Lalə Qasımlının “İsmayıl Şıxlı”dan mərdlik dərsi: “Namərd gülləsi” məqaləsi də yer alıb.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 6.