“Qarabağla
bağlı reallıqları sərgilər vasitəsilə
dünyaya çatdıracağam”
Fransada məşhur
fotoqraf Rza Diqqətinin silsilə sərgiləri
Fransanın
müxtəlif şəhərlərində Azərbaycan əsilli
məşhur fotoqraf Rza Diqqətinin (Reza Deqati) silsilə sərgiləri
təşkil olunub.
Şatovilən
şəhərində tanınmış incəsənət
kuratoru Pyer Boncovanninin təşkilatçılığı
ilə keçirilən “Dünyanın mənşəyi”
adlı sərgi çərçivəsində Rza Diqqətinin
Azərbaycanda çəkdiyi fotolar nümayiş olunur. Sərginin
ən iri zalı onun böyük formatda fotolarına
ayrılıb.
Qobustan
qayaüstü rəsmlərini əks etdirən fotolar ziyarətçilərdə
böyük maraq doğurub və bu fotolar vasitəsilə və
sərginin adına uyğun olaraq, ölkəmizin qədim
yaşayış məskənlərindən olduğu diqqətə
çatdırılıb.
“Sülh
fotojurnalisti” kimi təqdim edilən Rza Diqqətinin
münaqişə olan müxtəlif ölkələrdən,
xüsusilə də Qarabağ müharibəsindən, Azərbaycanın
erməni silahlı qüvvələri tərəfindən
viran qoyulmuş şəhərlərindən çəkdiyi
fotolar emosiyalarla qarşılanıb.
Bu
fotolar arxa planda – çəkildiyi məqam, yer və onun əks
etdirdiyi səhnəni, bəzən faciəvi bir hadisəni
xatırladır. Fotoların arxasında gizli qalan faciəvi
tarixçələr yazılı şəkildə hər
bir fotonun aşağısında təqdim olunur.
Seçilmiş xüsusi ifadələrlə yazılan mətn
də ziyarətçilər tərəfindən xüsusi
maraqla oxunur.
Nümayiş
olunan 100-ə qədər fotonun hər biri
qardaşlığa, sülhə, barışığa və
mehriban birgə yaşayışa
çağırışı ifadə edir. Rza Diqqəti
fotoların dili ilə yaşadığı səhnələri
ifadə edir, bu gün bəşəriyyət
üçün zərurətləri insanlara
çatdırır, müharibələrin törətdiyi
acıları fotolardakı insanların üz ifadələri
ilə göstərir.
“Bu sərgi
Fransada ən möhtəşəm sərgilərdəndir.
İldə bir dəfə təşkil olunur və iki ay davam
edir. Burada dünyanın 22 ölkəsindən
tanınmış incəsənət nümayəndəsinin əsərləri
sərgilənir. İlk dəfədir ki, bu sərgidə
fotolar nümayiş olunur. Bir neçə ildir Pyer Boncovanni məni
bu sərgiyə dəvət edir. Builki sərgiyə dəvəti
qəbul etdim. Bu sərgi çərçivəsində
fotolarım əsasında iki sərgi düzəldilib”, – deyə
məşhur fotoqraf-jurnalist AZƏRTAC-a müsahibəsində
bildirib.
Böyük
zalda “Rezanın müasir Odisseyası” (l’Odyssee contemporaine de
Reza) adlı sərgi
nümayiş olunur. Burada fotoqrafın geniş formatda Azərbaycanla
bağlı 6 fotosu yer alıb.
Hər
birinə xüsusi mətn tərtib edilmiş Qarabağla
bağlı fotolar digər zalda “Sükutun ümmanı”
(Epaisseur du silence) adı altında nümayiş edilir.
Şuşadan, Ağdamdan, digər azad olunmuş ərazilərimizdə
erməni işğalı dövründə viranə
qoyulmuş şəhərlərdən olan fotoları sərginin
kuratoru Pyer Boncovanni özü seçib və onların
tarixçəsi ilə bağlı yazılı mətnlər
hazırlayıb.
“Qarabağla
bağlı reallıqları belə sərgilər vasitəsilə
dünyaya çatdıracağam. Ötən il oktyabr
ayından beynəlxalq səviyyədə
planlaşdırılmış layihələrimi ləğv
etdim və Qarabağa getdim. Fransanın bir neçə şəhərində
təşkil edilmiş builki sərgiləri ləğv etmədim”
deyən fotoqraf bildirib ki, Fransada olacağı 12 gün ərzində
ümumilikdə 4 sərgisi və 3 konfransı nəzərdə
tutulub.
“Bu tədbirlər
zamanı məndən harada olduğumu, son aylar görünmədiyimi
soruşurlar. Onda Qarabağdan danışır, orada
olduğumu deyir və fotolarımı göstərirəm”, –
deyə R.Diqqəti əlavə edib.
Fotoqraf
vurğulayıb ki, Qarabağın şəhər və kəndlərində
törədilən vandalizm aktlarını, yaşayış
məntəqələrinin viranə qoyulduğunu göstərməyə
təzə başlayıb. Yenidən Azərbaycana
qayıdacağını və bu ilin sonunadək orada
olacağını deyən fotoqraf Qarabağı
qarış-qarış gəzəcəyini, hər
addımı fotolarında əbədiləşdirəcəyini
diqqətə çatdırıb: “Azərbaycanda işlərimi
qurtarandan sonra Qarabağa həsr edilmiş böyük
fotokitab, xüsusi sərgi və konfrans təşkil edəcəyəm.
Qarabağ həqiqətlərini əks etdirən
fotolarımı, onlardan hazırladığım kitabı
dünyanın böyük şəhərlərində də
sərgiləyəcəyəm”.
Pontuaz
şəhərində “Baxış Festivalı” (Festival du
regard) çərçivəsində məşhur
fotoqrafın sərgisi və onun iştirakı ilə konfrans
təşkil olunub. Konfransda Azərbaycanın UNESCO yanında
daimi nümayəndəsi, səfir Elman Abdullayev, Pontuaz şəhərinin
rəhbərliyi, sakinləri iştirak ediblər.
Fotoqraf
Qarabağda çəkdiyi fotoları təqdim edərək,
hər fotonun tarixçəsi haqqında məlumat verib.
Bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı
Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız
2 jurnalist göndərilib. Belə bir ədalətsizlik
qarşısında ölkəmizə gələrək,
baş verən hadisələri fotonun yaddaşına
köçürməyə qərar verib.
Birinci
Qarabağ müharibəsi və Xocalı soyqırımı
haqqında məlumat verən R.Diqqəti çəkdiyi şəkilləri
göstərib. Soyqırımı qurbanı olmuş ərinin
və oğlunun cəsədini eyni vaxtda görən
qadının haray çəkdiyi anı, eləcə də
cılız, üzündə övlad itkisinin əzabları
ifadə olunan, əlində itkin düşən oğlunun
şəklini tutaraq xəbər gözləyən
yaşlı atanın şəkilləri fotoqrafın məşhur
fotoları arasında diqqəti xüsusilə cəlb edib.
Fotoqraf
İkinci Qarabağ müharibəsində erməni silahlı
qüvvələrinin mülki əhalini qadağan olunmuş
bombalarla hədəfə almasından, yaşlılarla bərabər,
məsum körpələri qanına qəltan etməsindən
söz açıb. Erməni mərmisinin qurbanı olmuş
7 yaşlı qızcığazın şəklini təqdim
edərkən, onun atasının sözlərini
xatırladaraq özü də qəhərlənib, konfrans
iştirakçılarını da qəhərləndirib.
Təqdim
olunan fotolardan birində Azərbaycandakı tolerantlıq və
multikulturalizm mühiti, udi kilsəsi icmasının azərbaycanlılara
iftar süfrəsi açması əks olunub. Bu foto da konfrans
iştirakçıları tərəfindən maraqla
qarşılanıb.
Konfrans
zalının qarşısında “Günahsızların
kütləvi qırğını” (Le massacre des innocents)
adlı fotoalbomun satışı təşkil olunub.
Fotoqrafın
seçmə şəkillərindən ibarət sərgi
insanların sıx olduğu dəmiryol vağzalının həyətində
təşkil edilib.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 1; 8.