Vindzor
atçılıq şousunda “Xarıbülbül”
kompozisiyası
Qarabağ
atları ilə budəfəki proqram Vətən müharibəsində
Zəfərə həsr olunub
Böyük Britaniyanın
paytaxtı Londonda keçirilən ənənəvi “Vindzor Kral Atçılıq
Şousu”nda (“Royal Windsor Horse
Show”) Azərbaycan heyəti yenə möhtəşəm
çıxışı ilə yadda qalıb.
İyulun
1-dən 4-dək davam edən, Kraliça II Elizabetin və
kral ailəsinin digər üzvlərinin tamaşa etdikləri
tədbirlərdə “Xarıbülbül” adlı xüsusi
şou-kompozisiya təqdim olunub.
Vətən
müharibəsində əldə olunmuş möhtəşəm
Zəfərə və şəhidlərimizin müqəddəs
xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd
Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində
nümayiş etdirdikləri cəsur hərəkətlər,
Azərbaycanın milli geyimində arenaya çıxan “Sərhədçi”
rəqs ansamblının möhtəşəm
çıxışları, süvarilərin başları
üzərində Azərbaycan və Böyük
Britaniyanın dövlət bayraqlarını
dalğalandırması, Azərbaycan milli rəqsi ilə
atsürmə elementlərinin sintezi böyük rəğbətlə
qarşılanıb.
Məşhur
“Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının,
Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin
müsiqisinin sədaları altında təmsilçilərimizin
çıxışları Azərbaycanın, o cümlədən
də işğaldan azad olunmuş Qarabağın və ətraf
rayonların böyük ekranlarda nümayiş etdirilən
füsunkar görüntüləri ilə müşayiət
olunub.
Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası
Atçılıq Federasiyasının təşkilatçılığı
ilə hazırlanmış proqramda xalqımızın zəngin
mədəniyyəti, qəhrəmanlığı, cəsarəti
və qorxmazlığı Qarabağ atlarının bənzərsiz
gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə
ifadə olunub.
“Xarıbülbül”
şou kompozisiyasını xüsusi maraqla izləmiş
Kraliça II Elizabet nümayəndə heyəti ilə
görüşüb, xatirə şəkli çəkdirib,
Azərbaycan təmsilçilərinin
çıxışını möhtəşəm
adlandırıb, onların gələcək
atçılıq tədbirlərinə də
qatılacağına ümidvar olduğunu vurğulayıb.
Azərbaycanın
qədimliyini, özünəməxsus gözəlliyini və
Qarabağın əsarətdən azad olmasını tərənnüm
edən Qarabağ atlarının Böyük Britaniya
atçılığının ən mötəbər tədbirinin
əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən
heyranlıqla qarşılanıb. Bu tədbir eyni zamanda Azərbaycan
Respublikası ilə Böyük Britaniya arasında mədəni
əlaqələrin inkişafına töhfədir.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 1; 8.