“Dumanlar
başımda dastana döndü”
YARAT Mədəniyyət
Nazirliyinin dəstəyi ilə Gəncədə sərgi
keçirəcək
YARAT Müasir İncəsənət
Məkanı iyulun 8-də Gəncədə rəssam və
fotoqrafların əsərlərindən ibarət “Dumanlar
başımda dastana döndü” adlı qrup sərgisini təqdim
edəcək. 2020-ci il Vətən müharibəsi
dövründə Gəncə şəhəri Ermənistan
silahlı qüvvələrinin dinc əhaliyə qarşı
hücumlarının əsas hədəflərindən biri
olub.
Sərgi
Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinə,
ümumilikdə Qarabağ münaqişəsinə, eləcə
də erməni silahlı qüvvələrinin müharibə
cinayətlərinə həsr olunub.
“Dumanlar
başımda dastana döndü” adlı qrup sərgisi
Qarabağ münaqişəsini təsir və nəticələr
aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının
və siyasi münaqişələrin travmatik
yaddaşını gündəmə gətirir. Ekspozisiya
müharibədən qabaqkı “nə sülh – nə hərb”
illərinə səslənərək, regionun ən həssas
probleminə köklənir və bu mürəkkəb səyahətin
gedişatını əks etdirir. Bununla yanaşı, tarixi
analiz edərək, onun qərəzli dövr və
epizodlarının qiymətləndirilməsi, cəmiyyət və
mədəniyyətin uğradığı deformasiya və zədələrin
sənədləşdirilməsinə əsaslanır və
xalqın bu çətin dövrlərinin müşahidəçisi
qismində çıxış edir. Hərbi münaqişələrin
nəticələri və siyasi böhranlarla yaxından bələd
olanların simasında toplanılan əsərlər milli
konteksti araşdırır və universal, fövqəlmilli səciyyə
kəsb edən sualları ortaya çıxarır.
Sərgi
həm şəxsi, həm də ümumi yanaşma
prizmalarından keçərək, Qarabağ məsələsində
yeni mərhələnin gəlib çatmasından bəhs
edir. Bəşər tarixi üçün çox qısa,
lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə
qalan otuz ilə yaxın müddət, müxtəlif nəsillərin
üzləşdiyi fərqli siyasi durum və sosial
reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən
paralellərin olmadığını nəzərə
çatdıraraq, nümayiş olunan əsərlər Qələbəyə
aparan yollardan danışır.
Sərginin
adı Vətən müharibəsində şəhid
olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus
ifasında səslənən və onun adı ilə əbədiləşən,
görkəmli xanəndə Əlibaba Məmmədovun qəzəlxan
Əliağa Vahidin sözlərinə yazdığı “Vətən
yaxşıdır” təsnifindən
götürülüb. Bu mahnı, həmçinin sərgidə
nümayiş olunan Rəşad Ələkbərovun
instalyasiyasının tərkib hissəsidir.
Ağababa
Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd
Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov,
Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov,
Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev
kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya və rəqəmsal
sənət əsərləri ilə dialoqa girərək,
artıq həll olunmuş Qarabağ münaqişəsinin
mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya YARAT
Müasir İncəsənət Məkanı və Azərbaycan
Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər
və fotomateriallar daxil edilib.
Səyyar
sərgi əsasında yerli mütəxəssislər tərəfindən
təhsil proqramlarının həyata keçirilməsi də nəzərdə tutulub. Proqram
çərçivəsində iştirakçılar
müasir incəsənət sahəsində rəqəmsal
dünya və virtual reallıq mövzularını
araşdıracaq, həmçinin incəsənətdə
müxtəlif ünsiyyət kanalları mövzusuna dair
seminarlarda iştirak edəcəklər.
Sərgi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və
“Məhsəti Gəncəvi” Mərkəzinin təşkilati
dəstəyi ilə həyata keçirilir.
“Dumanlar
başımda dastana döndü” qrup sərgisi Gəncədəki
“Məhsəti Gəncəvi” Mərkəzində iyulun 8-dən
sentyabrın 25-dək davam edəcək.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 3.