Məşhur
azərbaycanlı arxeoloq vəfat edib
Dünya
şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev
iyulun 4-də, ömrünün 93-cü ilində Moskvada vəfat
edib. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutundan məlumat verilib.
Rauf
Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də
Zaqatalada anadan olub. Uşaqlıq və yeniyetməlik illəri
bu şəhərdə keçib, orta təhsili burada
alıb. 1945-49-cu illərdə Dağıstan Dövlət
Pedaqoji İnstitutunun Tarix fakültəsində, 1949-1953-cü
illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət
İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında
arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü
ildə tarix elmləri namizədi, 1971-ci ildə tarix elmləri
doktoru dissertasiyalarını müdafiə edib.
60-cı
illərdə R.Munçayev Əfqanıstan, Bolqarıstan,
Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak
edib. 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini
tədqiq edən sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri
olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu
illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə
aid abidələrdə arxeoloji qazıntılar aparıb. R.Munçayevin
təşəbbüsü ilə onun Azərbaycandan olan
yaxın dostu və həmkarı İdeal Nərimanov da bu
ekspedisiyanın tərkibinə daxil edilib.
R.Munçayev
elmi yaradıcılığında Azərbaycan abidələrinə
tez-tez müraciət edib. Naxçıvan, Qarabağ, Gəncə-Qazax,
Muğan, Quba-Xaçmaz bölgələrində
yayılmış Neolit-tunc dövrü mədəniyyətləri
R.Munçayevin əsərlərində dəfələrlə
işıqlandırılıb. Böyük Sovet Ensiklopediyasında
R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə
məqalələri nəşr edilib. O illərdə
R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir,
burada aparılmış arxeoloji qazıntıların nəticələri
ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları
ilə birgə elmi məqalələr nəşr etdirirdi.
R.Munçayev
görkəmli alim olmaqla yanaşı, həm də çox
bacarıqlı, yorulmaz elm təşkilatçısı idi.
O, 1968-1991-ci illərdə SSRİ Elmlər
Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər
üzrə müavini vəzifəsində
çalışıb. 1991-1994-cü illərdə Rusiya
EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra
edib, 1994-2003-cü illərdə isə institutun direktoru olub.
Məşhur
arxeoloq məhsuldar elmi fəaliyyətinə görə Rusiya
Federasiyasının “Dostluq” ordeni (1998), “Şərəf”
ordeni (2009) ilə təltif edilib. 1982-ci ildə Dağıstan
Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının,
2008-ci ildə İnquşetiya Respublikasının “Əməkdar
elm xadimi” fəxri adlarına layiq görülüb, 2013-cü
ildə isə Çeçenistan Respublikası Elmlər
Akademiyasının fəxri akademiki seçilib. Qədim
Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə
görə 1999-cu ildə Rusiya Federasiyasının elm və
texnika üzrə Dövlət mükafatına layiq
görülüb. R.Munçayev 1985-ci ildən Almaniya
Arxeologiya İnstitutunun, 1990-cı ildən İtaliyanın
Afrika və Şərq İnstitutunun müxbir üzvü
olub.
Allah
rəhmət eləsin.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 7.