Zəhmətin axırında
rahatlıq var, şadlıq var...
Nizami sözündən incilər
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Vəhşi ilə dost olsa insan dünyada,
Vəhşi adətincə ömr edər o da.
(“Leyli və Məcnun”)
Dünyada xoşbəxtdir yalnız
o kəslər
Ki, öz çörəyini dostlarla
yeyər.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Çalış, ayağına tikan
batsa da,
Tənə bəhanəsi olmasın yada.
Bu deməsin: ömrün yetibdir başa,
O gülməsin: başın dəyibdir daşa.
(“Yeddi gözəl”)
Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,
Zəhmətin axırında rahatlıq var, şadlıq var.
(“Sirlər xəzinəsi”)
Dünyada zülm etmək qoçaqlıq deyil,
Rəiyyət bəsləmək çox yaxşıdır, bil.
(“Xosrov və Şirin”)
Qan ilə islanmış zülmkar başdan,
Şübhə yox, yaxşıdır başsız bir insan.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 7 iyul.
S. 7.