“Təmrin”in
növbəti xüsusi buraxılışı Mirzə Fətəliyə
həsr olunub
Artıq
ikinci ildir Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi
ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi və
Türkiyənin “Təmrin” dərgisi “Azərbaycanın
görkəmli şəxsiyyətləri” adlı birgə
layihə həyata keçirir. Layihə çərçivəsində
indiyədək “Təmrin”in Rəsul Rza, Mikayıl
Müşfiq və Bəxtiyar Vahabzadəyə həsr
olunmuş xüsusi nömrələri işıq üzü
görüb.
Azərbaycanın
görkəmli dramaturqu, maarifçisi Mirzə Fətəli
Axundzadənin (1812–1878) vəfatının 143-cü
ildönümü (12 iyul) ərəfəsində dərginin
xüsusi nömrəsi çap olunub.
Xüsusi
nömrə ümummilli lider Heydər Əliyevin sözləri
ilə açılır: “Mirzə Fətəli Axundzadənin
yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini
vərəqləyərkən biz böyük iftixar hissi
keçiririk ki, xalqımız ağır zamanlarda gerilik, dini
fanatizm şəraitində belə görkəmli şəxsiyyət,
öz dövrünü qabaqlayaraq gözəl əsərlər
yaradan bir insan yetişdirmişdir”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədibin 200 illiyi ilə bağlı sərəncamından fikirlər təqdim olunur: “Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır...”.
Dərginin xüsusi nömrəsində Xalq yazıçısı Anar, Milli Məclisin deputatı Cavanşir Feyziyev, akademik İsa Həbibbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, professor Cavanşir Yusifli, ədəbiyyatşünaslar Şahbaz Şamıoğlu, Mətanət Vahid, Tural Adışirin və şair Səlim Babullaoğlunun məqalələri dərc edilib. Eyni zamanda görkəmli dramaturqun həyat və sənət barədə fikirləri, geniş bioqrafiyası, Şəki və Tbilisidəki ev-muzeylərindən fotolar, habelə Bakıda şairin adının əbədiləşdirildiyi abidə və yerlərin fotoları, M.F.Axundzadə ilə bağlı dünyanın və Azərbaycanın tanınmış insanlarının fikirləri yer alıb.
“Milli dünyagörüşümüzün inkişafında Mirzə Fətəli Axundzadənin rolu” (Şərqin Volteri – Mirzə Fətəli Axundzadə) yazısını Cavanşir Feyziyev bu sözlərlə bitirir: “Azərbaycan mədəniyyət düşüncəsinin milliləşməsində, ictimailəşməsində, siyasiləşməsində, müasirləşməsində və demokratikləşməsində, dünyaya açıqlıq keyfiyyətləri qazanaraq universallaşmasında həlledici tarixi rol oynayan Mirzə Fətəli Axundzadə ilə, doğrudan da, tariximizin köhnə dövrü bitir, yeni zaman başlayır. Heç şübhə yoxdur ki, yeni zamanda Azərbaycanın müstəqilləşməsində, suveren demokratik respublika kimi dünya dövlətləri arasında özünəlayiq yer tutmasında Mirzə Fətəli Axundzadə ideyalarının xüsusi payı və həlledici əhəmiyyəti olub”.
Xüsusi nömrəni nəşrə şair Səlim Babullaoğlu hazırlayıb. Dərginin naşiri Şərəf Yılmaz, layihənin koordinatoru Bəxtiyar Səlimov, mətnlərin türkcəyə tərcüməçisi Ömər Kiçikməhmədoğludur.
Dərgi Türkiyənin kitabxanalarına, habelə
təhsil müəssisələrinə təqdim edilir. Bu, Mirzə Fətəlinin
çağdaş Türkiyədə
tanıdılmasına önəmli töhfədir.
Mədəniyyət.- 2021.- 7 iyul.
S. 7.