Macar
bəstəkarın musiqisi “Dədə Qorqud” orkestrinin
ifasında
Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondu Bela Bartokla
bağlı tədbir keçirib
Xəbər verdiyimiz kimi, iyulun 2-də
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda
məşhur macar bəstəkarı Bela Bartokun (1881–1945) 140
illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
“Bela
Bartok İli” çərçivəsində təşkil
edilən tədbirdə rəsmilər, fonda üzv ölkələrin
səfirləri, diplomatik korpusun digər nümayəndələri,
tanınmış mədəniyyət və incəsənət
xadimləri iştirak ediblər.
Fondun
prezidenti Günay Əfəndiyeva çıxış edərək
bildirib ki, Bela Bartokun həyat və yaradıcılıq yolu cəsarət
və nəciblik nümunəsidir. Onun yaratdığı əsərlər
XX əsr musiqi mədəniyyətinin ən yüksək
nailiyyətlərindən hesab olunur.
“Bela
Bartok böyük bəstəkar və pianoçu olmaqla
yanaşı, həm də xalq
yaradıcılığını dərindən bilən
musiqi etnoqrafı idi. O, Şərqi Avropa və türk ölkələrinin
folklorunun Avropada ən tanınmış
araşdırmaçılarından biri olub. Macar və
türk xalq musiqisinin yaxınlığını duyaraq
onları tədqiq və müqayisə edib, bir-biri ilə
genetik əlaqəsini sübut edib”, – deyə G.Əfəndiyeva
bildirib.
Macarıstanın
ölkəmizdəki səfiri Viktor Sederkenyi tədbirin əhəmiyyətindən
söz açaraq deyib: “Macarıstan artıq iki ildir Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunda
müşahidəçi statusuna malikdir və biz bu sahədə
Türk dünyası ilə əməkdaşlığımızı
dərinləşdiririk. Ortaq tarixi və mədəni mənşəyimizə
görə türkdilli xalqları dost və qardaş hesab
edirik”.
Səfir
diqqətə çatdırıb ki, Bela Bartok Budapeştdə
türk dilini öyrənib, həmçinin İstanbuldakı
türk xalq ifaçılarından toplanan xalq musiqisi səsyazmaları
kolleksiyasını dinləyib.
Tədbirdə
fondun himayəsində yaradılan “Dədə Qorqud” kamera
orkestrinin ifasında bəstəkarın “Rumın xalq rəqsləri”
və “Divertisment” əsərlərindən ibarət konsert
proqramı təqdim edilib.
Qeyd
edək ki, “Dədə Qorqud” kamera orkestri Türk
dünyasının mədəniyyət və incəsənətini,
xalq yaradıcılığını, dahi bəstəkarlarının
əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə
yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru
Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
GÜLCAHAN
Mədəniyyət.- 2021.- 7 iyul.
S. 8.