Şeir də var, sənət də
vardır...
Gürcüstanda Azərbaycan mədəniyyəti
rüzgarı – Nizamidən Aşıq Kamandaradək
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gedib. İyulun 6-da başlanan səfərin proqramına rəsmi görüşlərlə yanaşı, Gürcüstanın mədəniyyət müəssisələri, eləcə də bu ölkədəki Azərbaycanla bağlı mədəniyyət ocaqları ilə tanışlıq, müxtəlif tədbir və təqdimatlar da daxildir.
İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, nümayəndə heyətinin üzvləri sərgi ilə tanış olublar.
Sərgidə azərbaycanlı və gürcü rəssamların Nizami irsinə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilir.
Nazir Anar Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bu kimi qərarlar Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafında xidmətləri olmuş görkəmli şəxslərin irsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Nazir qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Kaxa
Sixarelidze: “Nizaminin fikirləri elm mənbəyidir”
Gürcüstanın mədəniyyət,
gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarelidze
dahi söz ustadı, mütəfəkkir şair Nizami Gəncəviyə
həsr olunmuş sərgini yüksək qiymətləndirib.
Bildirib ki, N.Gəncəvinin əsərlərinə
Gürcüstanda da böyük maraq var. Onun fəlsəfi
fikirləri bu gün də sevilir və gələcək nəsillər
üçün bilik, elm mənbəyi olacaq.
“Nizami Gəncəvi özündən sonrakı nəsillərə
faydalı əsərlər bəxş edən hərtərəfli
dahidir. Onun dahiliyi, ilk növbədə, Azərbaycan
xalqına məxsusdur, lakin gürcü xalqı da onunla
qürur duyur. Nizami bütün Qafqazın
dahi şəxsiyyətidir”, – deyə nazir müavini
vurğulayıb.
Tədbirdə Nizami Gəncəvinin 880 illik yubileyi ilə
əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyinin
elan etdiyi rəsm müsabiqəsi qaliblərinə diplom və
hədiyyələr təqdim olunub.
Gürcüstanın
Kançeli adına simli kvarteti konsert
proqramı ilə çıxış edib. Üzeyir
Hacıbəylinin və digər bəstəkarların
Nizaminin şeirlərinə bəstələdikləri əsərlər
səslənib.
Gürcüstanda yaşayan
soydaşlarımızla görüş
M.F.Axundzadə adına Azərbaycan
Mədəniyyəti Muzeyində Nizami irsinə həsr
olunmuş sərgi ilə tanışlıqdan sonra mədəniyyət naziri Anar
Kərimov Gürcüstanda yaşayan soydaşlarımızla
görüşüb.
Görüşdə Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia”
şirkətinin baş direktoru Mahir Məmmədov, ziyalılar
iştirak ediblər.
Səfir Faiq Quliyev çıxış edərək
bildirib ki, Azərbaycan dövləti daim Gürcüstanda
yaşayan soydaşlarımıza diqqət və qayğı
göstərib. Azərbaycanın dövlət və
hökumət rəsmilərinin Gürcüstana mütəmadi
səfərləri, o cümlədən nazir Anar Kərimovun
bu səfəri, keçirilən görüşlərdə
müzakirə olunan məsələlər buna əyani
sübutdur.
Səfir Gürcüstanda yaşayan
soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyini
də qeyd edib.
Onların 44 günlük Vətən müharibəsində
göstərdikləri maddi-mənəvi dəstəyi, ortaya
qoyduqları qəhrəmanlıqları xüsusi
vurğulayıb.
Sonra nazir Anar Kərimov çıxış edərək
xarici ölkələrdə yaşayan
soydaşlarımızın Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında rolunu xüsusi
vurğulayıb, Gürcüstanda yaşayan azərbaycanlıların
da bu istiqamətdə gördüyü işləri yüksək
qiymətləndirib. Bildirib ki, Gürcüstanda yaşayan,
yazıb-yaradan soydaşlarımız ölkələrimiz
arasında mədəni əlaqələrin genişlənməsinə
və möhkəmləndirilməsinə də töhfə
verirlər.
Nazir deyib: “Azərbaycanın Vətən
müharibəsində əldə etdiyi Qələbədən
sonra yeni dönəm başlayıb. Zəfər
qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat
mübarizəsi davam edir. Qalib xalqın mədəniyyətinin
tanıdılması prosesində dünyanın müxtəlif
ölkələrində yaşayan hər bir azərbaycanlı
rol oynamalı, öz töhfəsini verməlidir”.
Görüşdə
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyinin direktoru Leyla Əliyeva, ziyalılardan Fatma Əliyeva,
Ceyran Qurbanova, Mahmud Kamaloğlu, Şahismayıl Məmmədov,
Çingizxan Yaqubov və başqaları
çıxış edərək görüşün təşkilinə
görə minnətdarlıq ediblər, Borçalı
xalçaçılığı, milli rəqslər,
muğam sənətinin yaşadılması və digər məsələlərlə
bağlı fikir və təkliflərini bildiriblər.
Anar Kərimov qeyd edib ki, gələcəkdə
Gürcüstanda Azərbaycan incəsənəti məktəbi
yaradıla bilər. Azərbaycan rəqsləri,
xalçaçılıq, muğam dərslərinin tədris
olunacağı təhsil ocağı Gürcüstan hökuməti
ilə birgə əməkdaşlıqla təsis oluna bilər.
Qaldırılan digər məsələ ana dilində bədii
kitabların çatışmazlığı ilə
bağlı olub. Nazir qeyd edib ki, hər il Azərbaycanda
dövlət sifarişi əsasında nəşr olunan
kitabların bir qisminin Gürcüstana göndərilməsi məsələsi
nəzərdən keçiriləcək. Bunun
üçün bu ölkədəki kitabxanalarla bağlı
təhlil aparılmalıdır. Gürcüstanda
azərbaycanlıların yığcam yaşadıqları
bölgədə Azərbaycan Kitab Evinin yaradılması
imkanları araşdırıla bilər.
Soydaşlarımızın Gürcüstan cəmiyyətinə
inteqrasiyası barədə də fikir mübadiləsi
aparılıb. Nazir deyib ki, soydaşlarımız
gürcü dilini öyrənməli və Gürcüstan cəmiyyətinə
inteqrasiya etməli, lakin ana dilini unutmamalıdırlar.
Anar Kərimov Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı
rəssamların Bakıda sərgisinin təşkili təklifinə
də müsbət yanaşıb.
Azərbaycanla bağlı mədəniyyət
ocaqlarının qayğıları
Gürcüstanda Azərbaycanla
bağlı mədəniyyət ocaqlarının fəaliyyəti,
onların qayğı və problemləri iyulun 7-də nazir
Anar Kərimovun bu müəssisələrlə
tanışlığı zamanı da gündəmdə olub.
Nazir
görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin
Tbilisidə ev-muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti
ilə tanış olub.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar
Şurasının sədri İsak Novruzov nazirə məlumat
verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət
göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10 ailə
yaşayır.
Muzey binasının möhkəmləndirilməsi, bərpası,
təmiri və bədii tərtibatı ilə bağlı
müzakirələr aparılıb. Anar Kərimov muzeyin bərpası,
eksponatların yenilənməsi məsələsinin diqqət
mərkəzində saxlanılacağını bildirib.
Sonra Anar Kərimov görkəmli dövlət xadimi, ədib
və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində
olub. Nazirə muzeyin fəaliyyəti
barədə ətraflı məlumat verilib.
Mədəniyyət nazirinin rəhbərlik etdiyi
nümayəndə heyəti Tbilisidəki Botanika
bağında görkəmli azərbaycanlıların dəfn
olunduğu panteonu ziyarət edib.
Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları – Fətəli xan Xoyski, Həsən
bəy Ağayev, böyük ədiblər Mirzə Fətəli
Axundzadə və Mirzə Şəfi Vazehin məzarları
üzərinə gül dəstələri qoyulub.
Tbilisidəki Azərbaycan teatrı
üçün yeni bina inşa ediləcək
Mədəniyyət naziri Anar Kərimov
Tbilisidəki Heydər Əliyev adına
Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına
da baş çəkib. Nazir mədəniyyət
ocağının yerləşdiyi bina ilə tanış
olub.
Anar Kərimov teatrın səhnələrinə,
rekvizitlərin saxlanıldığı otaqlara baxış
keçirib, truppa üzvləri ilə görüşüb.
Bədii
rəhbər kollektivin il ərzində 3-4
tamaşa səhnələşdirdiyini, beynəlxalq teatr
festivallarına qatıldıqlarını, mədəniyyət
ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı
gənclərin cəlb olunduğunu qeyd edib.
Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin
“Öldür məni, sevgilim” əsəri əsasında
hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.
Nümayəndə heyəti daha sonra Azərbaycanın
Gürcüstandakı Səfirliyinin binası
yaxınlığında, Qorqosali küçəsində Azərbaycan
teatrı üçün yeni binanın inşa olunacağı
əraziyə baş çəkib.
Nazir
“SOCAR Energy Georgia” şirkətinin dəstəyi ilə
hazırlanan yeni tikilinin layihəsi ilə tanış
olub. Məlumat verilib ki, inşaat işləri
zamanı ərazidə yerləşən köhnə hamam
binası da tarixi görkəminə uyğun bərpa olunacaq və
məkanda sərgi zalları yaradılacaq.
Daha sonra
nazir Anar Kərimov və səfir Faiq Quliyev Azərbaycanın
dahi müğənnisi, SSRİ Xalq artisti Bülbülün
büstünü ziyarət edib, önünə gül dəstələri
düzüblər.
***
Səfər çərçivəsində mədəniyyət
naziri Anar Kərimov iyulun 7-də Gürcüstan Milli Muzeyində
olub.
Muzeyin baş direktoru David Lordkipanidze muzeyin tarixi, burada
saxlanılan eksponatlar barədə Azərbaycanın mədəniyyət
nazirinə ətraflı məlumat verib.
Bildirilib ki, ilk dəfə 1853-ci ildə “Qafqaz Muzeyi” kimi
fəaliyyət göstərən muzeydə xeyli sayda eksponat
saxlanılır. 1905-ci ildə
tikintisinə başlanılan müasir muzey kompleksinin tikintisi
xeyli müddət müxtəlif səbəblərdən
dayandırılıb. 1926-cı ildə
tikintisi başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində
14 muzey kompleksi fəaliyyət göstərir. Muzeydə Azərbaycan mədəniyyətini, incəsənətini
əks etdirən eksponatlar da nümayiş etdirilir.
Nazir Anar
Kərimov muzeylə tanış olub, Azərbaycan
və Gürcüstanın dövlət və milli muzeyləri
arasında əməkdaşlıq əlaqələrinin
genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib
ki, birgə əməkdaşlıq sayəsində qədim
Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini
dünyaya çatdırmaq olar.
Görüşlərdə
Anar Kərimovu Gürcüstanın mədəniyyət, gənclər
və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev və “SOCAR Energy
Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov
müşayiət ediblər.
Aşıq Kamandarın Ev-Muzeyi əsaslı
təmir olunub
İyulun 8-də
Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində
Borçalı aşıq məktəbinin görkəmli
nümayəndəsi Aşıq Kamandarın (Kamandar Əfəndiyev)
Ev-Muzeyinin əsaslı təmir və bərpadan sonra
açılışı olub.
Mərasimdə
mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın
mədəniyyət, gənclər və idman nazirinin birinci
müavini Kaxa Sixarulidze, restavrasiya layihəsini həyata
keçirmiş Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar, Azərbaycanın
Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin
Gürcüstandakı səfiri Fatma Ceren Yazqan,
Gürcüstan Parlamentinin azərbaycanlı deputatları
iştirak ediblər.
Tədbirdə
çıxış edən Anar Kərimov deyib: “Simvolikdir ki,
qardaş Türkiyə ilə birgə Gürcüstanda Azərbaycan
mədəniyyətinə aid ocağın
açılışında iştirak edirik. Tarixin
bütün dövrlərində azərbaycanlılar,
türklər və gürcülər dostluq şəraitində
yaşayıblar və bir-birinin mədəniyyətlərinə
böyük hörmət bəsləyiblər”.
Mərasimin fəxri qonaqları “Aşıq Kamandar”
medalı ilə təltif olunublar.
Daha sonra yerli aşıqların ifaları dinlənilib.
Bolnisi Muzeyi ilə
tanışlıq
Mədəniyyət naziri Anar Kərimov Gürcüstana
səfəri çərçivəsində azərbaycanlıların
yığcam yaşadıqları Kvemo Kartli-Borçalı
bölgəsinin Bolnisi rayonunda da olub. Nazir Bolnisi Muzeyini ziyarət edib.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze
muzeyin tarixi, müxtəlif millətlərin milli mədəniyyət
nümunələrinin qorunduğu bölmələr barədə
nazirə ətraflı məlumat verib.
Muzeyi gəzərək
eksponatlarla tanış olan nazir Anar Kərimov
Azərbaycanın milli mədəniyyət nümunələrinin
saxlanıldığı guşəyə də baxıb.
Mədəniyyət.- 2021.- 9 iyul. C. 1; 2.