Qarabağ, Şərqi
Zəngəzur...
Prezident İlham Əliyev iyulun
7-də Azərbaycan Respublikasında iqtisadi
rayonların yeni bölgüsü
haqqında fərman imzalayıb
Fərmanda qeyd olunur ki, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.
Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.
Fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgü 14 iqtisadi rayonu əhatə edir: Bakı iqtisadi rayonu (Bakı şəhəri); Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Xatırladaq ki, indiyədək mövcud olan bölgüdə 11 iqtisadi rayon vardı: Bakı şəhəri; Naxçıvan; Abşeron; Gəncə-Qazax; Şəki-Zaqatala; Lənkəran; Quba-Xaçmaz; Aran; Yuxarı Qarabağ; Kəlbəcər-Laçın; Dağlıq Şirvan.
Yeni bölgüdə Aran iqtisadi rayonu (18 rayon və şəhər) üç yerə bölünüb, həmçinin Kəlbəcər-Laçın iqtisadi rayonu əvəzinə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.
Fərmanda o da qeyd edilir
ki, “Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası məqsədləri
üçün həmin Dövlət
Proqramında göstərilmiş iqtisadi
rayonların bölgüsü tətbiq edilir. Yəni yeni bölgü artıq növbəti Dövlət
Proqramında nəzərə alınacaq.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 1.