7 iyul Şəkidə
“Şəhər günü” kimi qeyd ediləcək
Şəkinin tarixi mərkəzinin
UNESCO-nun Dünya İrsi Siyahısına salınması ilə
bağlı sertifikat təqdim olunub
İki il əvvəl, 2019-cu il iyulun 7-də UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın tarixi-mədəni irsinin təntənəsi olan əlamətdar hadisə baş verdi.
Ölkəmizin qədim mədəniyyət mərkəzlərindən biri, məxsusi sənət irsi, memarlığı ilə tanınan Şəki şəhərinin tarixi hissəsi “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya olaraq UNESCO-nun Dünya İrsi Siyahısına daxil edildi. Bu, İçərişəhər (Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə; 2000-ci il) və Qobustandan (2007-ci il) sonra Azərbaycandan Dünya İrsi Siyahısına salınan üçüncü tarixi-mədəni məkandır.
İyulun 7-də bu əlamətdar faktın rəsmi sənədinin – Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun siyahısına salınmasına dair sertifikatın Şəki şəhərinə təqdim olunması mərasimi keçirilib.
Mərasimdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatları, digər rəsmi şəxslər və qonaqlar, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində Şəki sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Şəki Xan sarayının qarşısında təşkil edilən mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək bildirib ki, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Dünya İrsi Siyahısına daxil edilməsi ölkəmizin tarixində, eləcə də Şəkinin mədəni irsinin və turizm potensialının tanıdılmasında çox mühüm hadisədir.
Hazırda Şəki şəhərinin turistlərin ən çox üz tutduqları tarixi, bənzərsiz məkanlardan biri olduğunu vurğulayan agentliyin sədri deyib: “Şəki şəhəri memarlığı, tarixi-mədəni irsi, sənətkarlıq nümunələri, təbiəti, mətbəxi, qonaqpərvərliyi ilə hər zaman seçilib. Şəkinin tarixi hissəsinin mühafizəsi və inkişafı dövlətin daim diqqətindədir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna Milli Qoruq statusunun verilməsi bu diqqətin bariz nümunəsidir”.
Fuad Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqların hər birinin ərazisində kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESCO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, “Xınalıq” qoruğunun da təşkilatın namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov əlamətdar gün münasibətilə şəhər ictimaiyyətini təbrik edib. Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2010-cu ildə Azərbaycanın “Sənətkarlıq paytaxtı” seçilib, 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki eyni zamanda Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür.
Şəkinin sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olduğunu vurğulayan icra başçısı hazırda şəhərdə xalq tətbiqi sənətinin 18 növü üzrə 200 nəfərdən çox sənətkarın məşğul olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Şəki Azərbaycanda festivallar şəhəri kimi də tanınır. Şəkidə keçirilən ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, beynəlxalq teatr, şirniyyat festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanılmasına imkan yaradıb, eyni zamanda turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
Bildirilib ki, Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, şəhərin inkişafı ilə bağlı imzalanan sərəncamlar nəticəsində bu gün Şəki milli memarlıq üslubunu qoruyub saxlamaqla müasirləşir.
Şəkinin zəngin tarixi-mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirən Elxan Usubov çıxışının sonunda hər il iyulun 7-nin Şəkidə “Şəhər günü” kimi qeyd olunmasını təklif edib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi mərkəzinin UNESCO-nun siyahısına salınması ölkəmizin ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda tanınmasının daha bir nümunəsidir: “Şəkinin tarixi əhəmiyyətini göstərən bu mühüm hadisə, öz növbəsində region üçün bir sıra iqtisadi imkanlar yaradır. İqtisadi imkanlar bu diyarın turizm potensialının reallaşdırılması deməkdir”.
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısına salınmasının uzun və çətin yol olduğunu bildirərək, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında ölkəmizdə mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Tədbirdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov iki il əvvəl UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunmuş qərarın tarixi əhəmiyyətini bir daha diqqətə çatdıraraq bildirib ki, bu, Azərbaycan mədəniyyətinin, onun qədim tarixinin zənginliyini ifadə edir: “Bu həm də Xan sarayının, qədim Şəkinin tarixi abidələrinin bütün bəşəriyyətin mədəni sərvəti olaraq qəbul edilməsi anlamına gəlir. UNESCO-nun Baş direktoru tərəfindən imzalanan sertifikat mədəni irsimizi qoruduğumuza, təşviq etdiyimizə və gələcək nəsillərə ötürdüyümüzə görə xalqımıza təqdim olunan rəmzi bir təşəkkürnamədir”.
Sonra Şəkinin tarixi mərkəzinin Dünya İrsi Siyahısına salınması ilə bağlı UNESCO sertifikatı şəhərin icra başçısı Elxan Usubova təqdim edilib.
Tədbir çərçivəsində
həmçinin Şəkidə tarixi-mədəni irsin qorunub
saxlanılması və xalq tətbiqi sənətinin
inkişafında xidmətlərinə, keçirilən mədəni-kütləvi
tədbirlərdə fəal iştirakına görə bir qrup şəxs təltif
olunub.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 1; 3.