Aşıq Ələsgərə
həsr olunmuş film
çəkilir
Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Salnaməfilm” studiyasında “Aşıq Ələsgər 200” işçi adlı sənədli film istehsala buraxılıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmin xronometrajı 52 dəqiqədir. Aşıq Ələsgərin ana vətəni Göyçə mahalı indiki Ermənistan ərazisində qalsa da, onun həyatının və yaradıcılığının əhəmiyyətli hissəsi bu mahala qonşu Kəlbəcərlə bağlıdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi həm də rəmzi olaraq tarixi Oğuz yurdu Göyçə mahalına açılan qapı olub. Bu gün Azərbaycan əsgərlərinin dayandığı mövqelərdən Aşıq Ələsgərin doğma kəndi Ağkilsə arasındakı məsafə cəmi 7 km-dir. Elə filmin finalı da bu notlar üzərində qurulacaq.
Filmin çəkilişləri Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və işğaldan azad edilmiş Kəlbəcər ərazisində, o cümlədən Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində aparılacaq, arxiv foto və kino materiallarından, folklorşünas alimlərin və sənətkarların, eləcə də Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə ediləcək. Filmə bədii səhnələrlə rəng qatılacaq. Artıq Gədəbəy, Qazax rayonlarında çəkilişlər aparılıb.
Qeyd edək ki,
filmin ssenari müəllifi
Füzuli Sabiroğlu,
quruluşçu rejissoru
Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyevdir. İcraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynovdur.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 1.