“Portret
3293” – Polad Həşimov haqqında film təqdim olunacaq
İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində
“Portret 3293” adlı sənədli filmin təqdimat mərasimi
keçiriləcək. Film şəhid general-mayor, Azərbaycanın
Milli Qəhrəmanı Polad Həşimovun (1975-2020) xatirəsinə
həsr olunub.
Layihənin rəhbəri və
ideya müəllifi Nurana Babayeva bildirib ki,
ötən ilin iyulunda xain düşmən tərəfindən
Tovuz hadisələrinin törədilməsi və general-mayor
Polad Həşimovun şəhid olması onu bir Azərbaycan gənci
kimi çox sarsıdıb: “2020-ci ilin iyul ayından
emalatxanamda generalın portretini işləməyə
başladım. Polad Həşimovun portreti mənim
bu janrda ilk işimdir. Eyni zamanda ideyamı genişləndirərək
“Portret 3293” sənədli filminin ərsəyə gəlməsinə
nail olduq. 3293 rəqəmi Polad Həşimovun
düşməndən aldığı postun adı, hadisələrin
baş verdiyi yeri əks etdirir. Zabit və əsgər
heyəti həmin postu həm də “Polad postu”
adlandırırdı”.
Müəllif qeyd edib ki, məqsədi Azərbaycanın Milli Qəhrəmanının
xatirəsini yaşatmaqdır: “Polad Həşimovun ailə
üzvlərinin tövsiyələrini nəzərə alaraq
layihəmi tamamladım. Filmin və portretin təqdimatı
üçün etdiyim müraciətə Beynəlxalq
Muğam Mərkəzi müsbət cavab verdi
və buna görə minnətdarlığımı bildirirəm”.
“Chelebi Media Group” tərəfindən
lentə alınan filmin prodüseri Məlahət
Qurbanovadır.
Çəkilişlər Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri
xiyaban, Polad Həşimovun Sumqayıt şəhərindəki evi və
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə həyata
keçirilib.
LALƏ
Mədəniyyət.-
2021.- 9 iyul. S. 2.