Mədəniyyətimizə verilən dəyər

 

İki il əvvəl Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi Azərbaycan xalqının mədəniyyətinə, tarixinə və irsinə verilən bir dəyərdir. UNESCO-nun əsas şərtlərindən biri ondan ibarətdir ki, həmin tarixi məkan, tarixi irs müstəsna universal dəyərə malik olsun. Eyni zamanda bu irs insan sivilizasiyasının yaradıcı dühasını ehtiva etməlidir və bu ənənələr gələcək nəsillərə çatdırılmalıdır. Bu kontekstdə, Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi Azərbaycan xalqının, dünya mədəniyyətinin tarixində çox mühüm rol oynayır.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə bu sözləri UNESCO sertifikatının Şəki şəhərinə təqdim edilməsi mərasimində jurnalistlərə açıqlamasında söyləyib.

Vasif Eyvazzadə qeyd edib ki, dünyada milyonlarla mədəni tarixi abidə, çoxsaylı tarixi mərkəzlər var. Lakin onlardan yalnız 1121-i Dünya İrsi Siyahısına daxil edilib. Bu siyahıda Şəkinin tarixi mərkəzinin yer alması Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması deməkdir, eyni zamanda xalqımızın çoxəsrlik tarixinin göstəricilərindən biridir.

 

Mədəniyyət.- 2021.- 9 iyul. S. 3.