“Oyuq”da növbəti dərs
Pandemiyalı teatr mövsümünün sonlarında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında növbəti ustad dərsini izlədim. Studiya rəhbərliyinin uşaqlarda səhnə, efir mədəniyyətini formalaşdırmaq, geniş tamaşaçı auditoriyası qarşısında özünüifadə imkanlarını təkmilləşdirmək məqsədilə təşkil etdiyi silsilə ustad dərslərinə müxtəlif televiziyalardan tanınmış simalar cəlb olunub.
Bu dəfə istedadlı “Oyuq”çuların qarşısına uzun illər televiziya və radioda aparıcı, proqram müəllifi kimi məşhurlaşan, dövlət tədbirlərinin aparıcı simasına çevrilən Emin Musəvi çıxmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN Radio”nun direktoru uşaqlara televiziya və radioda çalışmağın incəliklərindən danışacaqdı.
Həvəskar balaca aktyorlar bu dəfə tamaşaçı zalında, qonaq isə onların qarşısında – səhnədə idi.
Uşaqlar kimi qonaq da sevincək və bir az həyəcanlı idi. Onları çox sevdiyi və bu görüşə həvəslə hazırlaşdığı ilk baxışdan bəlli olurdu. Hər uşağa fərdi yanaşmağa çalışır, hər fürsətdə onlara mütləq nə isə öyrətmək istəyirdi.
Uzunillik televiziya, aparıcılıq təcrübəsindən danışan Emin bəy qazanılan uğurun çox qısa zamanda itirilə biləcəyinin də incə, uşaqların anlaya biləcəyi dildə izahını verirdi. Arabir uşaqlıq xatirələrini, xəyallarını, arzularını da yadına salır, dinləyicilərə məqsədə gedən yolun ağır zəhmətdən, durmadan oxumaqdan, mükəmməl təhsildən və yüksək əxlaqdan keçdiyindən bəhs edirdi.
Bu gün internetin, sosial şəbəkələrin, populyar oyunların uşaqların təhsilinə, davamlı mütaliəsinə müəyyən mənada mane olduğunu da xatırladır, imkan düşdükcə özlərini təkmilləşdirmək üçün dərs vəsaitlərindən əlavə bədii ədəbiyyat, xüsusən nağıllar, maraqlı hekayələr oxumağı tövsiyə edir, diqqətə çatdırırdı.
Çox dil bilməyin, bir neçə xarici dildə sərbəst danışmağın böyük üstünlük olduğunu qeyd etməklə yanaşı, ana dilimizdə səlis, gözəl danışmağın bir vətəndaşlıq borcu olmasını vurğulayır, uşaqlara dilimizə yeni gələn sözlərin yalnız vacib, əvəzləyicisi olmadıqda deməyi məsləhət görürdü.
Uşaqların çoxsaylı suallarını da sevə-sevə cavablandıran telesima zaman-zaman canlı efir vaxtı qarşılaşdığı texniki çətinliklərdən, baş verən xətalardan da söz açdı.
Uşaqların “Məşhur olmaq necə hissdir?” sualına “Əslində, mən də sizin kimi uşaq olanda məşhur olmaq arzusu ilə yaşayırdım. Amma indi anlayıram ki, bu, elə də asan deyil. Hər kəs səni tanıyırsa və efirdə olduğu kimi, həyatda da müəyyən qəlibdə, intizamda, formada olmağını istəyirsə, bu sənin bir az sərbəstliyini alır. Demirəm ki, bu pisdir, sadəcə, mən də arada sizin kimi sərbəst, istədiyim kimi olmaq istəyirəm. Sonra ətrafdakıları nəzərə alıb dayanıram” deyib gülümsündü. Ardınca “Elə zənn etməyin ki, məşhur olmaq lazım deyil. Hər birinizi gələcəyin aktyoru, rejissoru, ifaçısı kimi görürəm. Hər birinizin üzündən məhz bu yağır. Tamaşa və konsertlərinizə baxmışam. Hər dəfə də çox sevinmişəm. Çünki teatrı sevən, onun səhnəsində olan istedadlı insanlara daim ehtiyac var. Teatr bizi insan olaraq çox fərqli hisslərə, xəyallara qovuşdurur. Buradan sizlərə tamaşa edərkən, çox sevinirəm. Məncə, bugünlük bu qədər yetər, qalanını sizi səhnədən növbəti dəfə alqışlayanda deyəcəm” deyib səhnədən enən radio rəhbəri təəssüratını bizimlə bölüşdü.
– Uşaqlarla hər görüşdən böyük zövq alıram. Bu gün bir neçə görüşüm olub və günün sonunda çöhrəsindən nur yağan bu uşaqlarla təmas mənə böyük enerji verdi. Düşünürəm ki, belə görüşlər çox olmalı və cəmiyyətin tanıdığı simalar azyaşlılar, onların zövqləri, arzu və istəkləri ilə maraqlanmalıdır. Bu görüşdən özüm üçün də xeyli nəticə götürdüm. Bir radio rəhbəri olaraq təəssüflə qeyd etməliyəm ki, televiziyalarımızda, radio dalğalarında uşaqların maraqlarına xidmət edib, onları istiqamətləndirən verilişlər, yayımlar çox azdır. Əslində, müxtəlif mövzu və formatlarda uşaq proqramları, müzakirə klubları, istənilən uşağa təsir gücünə malik verilişlər olmalıdır. Unutmaq olmaz ki, biz onlara necə təsir ediriksə, hansı informasiyanı ötürürüksə, uzağı bir neçə ilə onun nəticəsini görürük. Uşaq belədir ki, informasiyanı maraqlı, ona uyğun, anlaya biləcəyi forma və üsullarda çatdırdıqda, yadında qalır. Biz onları öyrədərkən, sanki özümüz də öyrənirmiş kimi başa salsaq, daha yaxşı və tez qavrayarlar. Bu gün lazımsız informasiyanı uşaqlara elə “bərbəzəkli” təqdim” edirlər ki, istər-istəməz müdaxilə etməyə bilmirsən. Nümunələr sadalamadan yetəri qədər neqativ halın yaşandığını sizli-bizli görürük.
Əgər biz uşaqlara yaxşı nümunə göstərə
bilmiriksə, onun beynini,
məlumat boşluğunu asanlıqla neqativ, gərəksiz informatorlar
dolduracaq. Bu informatorlar da animasiyadan oyunlara kifayət qədər geniş və çoxformalıdır.
Uşaqların teatr, sənət ruhu və zövqündə
böyüməsi çox
vacibdir. Hələ də pandemiya
şəraitində yaşayırıq
və təəssüf
ki, bir valideyn
kimi də uşaqlarımızı teatra
apara bilmirik. İnanın,
onları nə qədər müxtəlif,
maraqlı, heyrətamiz
əyləncələrə aparsaq da, heç
biri teatrı, onun ecazkar təsir
gücünü əvəz
edə bilmir. Odur ki, valideynlər mütləq uşaqlarını
teatra aparmalı, onlarda uşaqlıqdan bu sənətə tamaşaçı marağı
yaratmalıdır. Baxın, artıq
müəyyən yaşa
gəlib çatmışam,
amma hələ də uşaq vaxtı getdiyim teatr tamaşaları, sirk nümayişləri, konsertlər xatirimdədir.
Xüsusən bu teatr həm maraqlı kukla tamaşaları hazırlamaq, həm də dinamik, çağdaş uşaqların
zövqünə xidmət
edən nümunələr
ərsəyə gətirmək
imkanındadır. Uşaqlara teatrın
çox vacib mənəvi qida yeri olduğunu izah etməliyik. Böyüdükdən sonra zatən
onun öz seçimi olacaq. Nə qədər ki, uşaqdırlar, onları
yüksək, peşəkar,
klassik sənətə,
yaradıcılıq sahələrinə
maraqlı yetişdirməliyik.
H.NİZAMİQIZI
Mədəniyyət.-
2021.- 9 iyul. S. 4.