İncəsənət və musiqi məktəbləri şagirdlərinin
uğurları
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin şagirdləri ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak ediblər.
Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən “Florida Keys” beynəlxalq müsabiqəsi onlayn formatda keçirilib. Müsabiqənin təşkilatçısı bəstəkarın qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradova-Dilbazidir.
5 yaşdan 35 yaşadək musiqiçilərin qatıldığı “Florida Keys” müsabiqəsi qaliblər qarşısında geniş imkanlar açır. Builki müsabiqə iştirak etmək üçün iyunun 12-dək açıq olub.
Fikrət Əmirov adına İncəsənət məktəbinin zərb alətləri ixtisası üzrə şagirdi Əli Manaflı müsabiqədə I yerə, fortepiano ixtisası üzrə şagirdi Turan Cəfərzadə II yerə layiq görülüblər.
Müsabiqənin şərtlərinə əsasən, I yerin mükafatçısı Əli Manaflı 2022-ci il aprelin 5-də mötəbər konsert salonu sayılan “Carnegie Hall”da keçirilən qala-konsertdə iştirak hüququ əldə edib. II yerin mükafatçısı Turan Cəfərzadə isə Paris Konservatoriyasının professoru, tanınmış pedaqoq Rena Şereşevskayadan ustad dərsi almaq imkanına layiq görülüb.
Müsabiqənin təşkilatçısı Pərvin Muradova-Dilbazi şagirdlərin uğurları ilə bağlı məktəbin direktoru Adilə Yusifovaya təbrik məktubu göndərib. “Rəhbərlik etdiyiniz məktəbdə belə istedadlı, perspektiv şagirdlərin təhsil alması bir azərbaycanlı kimi məni də olduqca qürurlandırır. Çox arzu edərdim ki, gələcəkdə gənc müsabiqə iştirakçılarının repertuarına Azərbaycan bəstəkarlarının – Ü.Hacıbəyli, Q.Qarayev, C.Hacıyev, F.Əmirovun əsərləri salınsın. Onu da qeyd etməliyəm ki, bu ilin final mərhələsinə yüksələnlər arasında Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edən kifayət qədər namizəd var idi. Azərbaycan musiqisinin dünyada tanınması bizi çox sevindirir”, – deyə o, məktubda yazıb.
Şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər S.Süleymanlı və G.Zairova müsabiqənin təşkilatçıları tərəfindən diplomla təltif edilib və onlara təşəkkür məktubları ünvanlanıb.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Nərgiz Zülfüqarlı Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “New Vision Art” Beynəlxalq incəsənət müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb.
İdarədən bildirilib ki, Nərgiz müsabiqəyə Cahangir Zülfüqarovun “Fantaziya” əsəri ilə qatılıb.
Bu, Nərgizin ilk uğuru
deyil. Bundan əvvəl o, Almaniyada
keçirilən “Pro Art Germany” Beynəlxalq incəsənət
festivalının Qran-pri
mükafatına layiq görülüb.
“New Vision Art” müsabiqəsi münsiflər heyətinin
qərarı ilə Nərgizin müəllimi Sevda Ağayeva təşəkkürnamə ilə
mükafatlandırılıb.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 5.