Şəki Xan
məscidində Məhəmmədhüseyn xanın qəbri aşkar edilib
Hakimiyyətdaxili ədavət nəticəsində
öldürülən Məhəmmədhüseyn xan “Müştaq” təxəllüslü
şair kimi də
tanınmışdı
Şəki Xan məscidi Şəki şəhərinin tarixi hissəsində – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Xan məscidinin uzunluğu 45, eni 10 metrdir. Məscid hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın (?–1780) sifarişi ilə tikilmişdir. Məscidin tikintisi başa çatarkən bu münasibətlə o dövrün məşhur şairlərindən biri – Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazmış və həmin qəzəlin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərmişdir. Bu qəzəllə yanaşı görkəmli ədəbiyyatşünas Salman Mümtaz “Riyazül-üləma” sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirib. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi 1769-1770-ci ilə uyğundur.
Salman Mümtazın qeyd etdiyinə görə, məscid daha əvvəl I Cümə məscidi adlanmışdır və Məhəmmədhüseyn xan özü tikdirdiyi bu məscidin mehrabı içində dəfn edilmişdir.
14 aprel 1853-cü il tarixdə (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842-1843) məscid Nuxa bazarı ilə birlikdə yanmışdır. Mustafa ağa Şəkixanovun yazdığına görə, o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscid ətrafındakı evlər də yanğına məruz qalıblar. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov bu məscidi bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır. Sovet dövründə məsciddən barama anbarı, “Ziyalılar evi” kimi istifadə edilmiş, 1992-ci ildə isə məscid “Azəri” adlanan qeyri-leqal dini icma üzvlərinin sərəncamına verilmişdi. Sonuncular məscidi daima bağlı saxlamış, hansısa təmir-bərpa işlərinə və icma üzvü olmayan şəxslərin orada ibadət etməsinə uzun müddət imkan verməmişdilər. Nəhayət, bir neçə il davam etmiş məhkəmə çəkişmələrindən sonra məscid geri alınaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin balansına daxil edilmiş və orada təmir-bərpa işlərinə başlanılmışdır.
Bir neçə aydır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində təmir-bərpa işləri davam edir. Məscid Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşdiyinə görə təmir-bərpa işləri çərçivəsində DTA-nın sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi altında ərazidə arxeoloji qazıntılar da aparılmaqdadır.
Zaur Həsənov bu günlərdə mediaya verdiyi müsahibəsində vurğulamışdır ki, Məhəmmədhüseyn xanın qəbrinin yerini dəqiqləşdirmək üçün Salman Mümtazın qeydlərinə uyğun olaraq Şəki Xan məscidinin içində arxeoloji qazıntılara başlanılmış, məscidin 1-ci mehrabının qarşısında, 1-2 metr qərb tərəfdə qəbir daşları aşkar olunmuşdur. Çox güman ki, bu Məhəmmədhüseyn xanın qəbridir.
İyulun 3-də həmin yerdə arxeoloji qazıntılar davam etdirilərkən insan sümükləri, hətta bir ədəd güllə də aşkar edilmişdir. Məlum olduğu kimi, Məhəmmədhüseyn xan edam edilməzdən 1 həftə əvvəl güllə ilə yaralanmışdı…
Məhəmmədhüseyn xanı kimlər və niyə öldürmüşdü?
Məhəmmədhüseyn xan Şəki xanı Hacı Çələbi xanın nəvəsidir. Atası Həsən ağa hələ Hacı Çələbi xanın sağlığında bir döyüşdə həlak olmuşdur. 1755-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkidə hakimiyyətə keçmişdi. Lakin 4 il sonra o, Ərəşdə Qazıqumux hakimi Məhəmməd xan tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra isə Məhəmməd xan Şəki xanlığının paytaxtı olan Nuxanı da (indiki Şəki) tutdu. Lakin bu hadisələr vaxtı Nuxanı tərk etmiş Məhəmmədhüseyn xan Məhəmməd xanın Nuxaya daxil olmasının 40-cı günü qonşu xanların hərbi yardımı ilə Nuxanı geri ala bildi və özünü Şəki xanı elan etdi.
Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı öldürtdü. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada) qaçdı. Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də, uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbrahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün (amma İbrahim xan Məhəmmədhəsən ağanı öldürməmiş, siyasi məqsədlər üçün gizlincə saxlamışdı).
1780-ci ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecə xəlvəti gəlib Nuxa ətrafındakı dağlarda gizləndilər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhüseyn xanın iqamətgahını – Qurğuşunlu evi mühasirəyə aldılar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərdi; oğlu tüfəngi doldurub verdi, o isə atəş açdı. Amma sonda yaralanaraq təslim olmağa məcbur oldu. Bundan sonra hakimiyyət Hacı Əbdülqadir xanın əlinə keçdi. Məhəmmədhüseyn xanı isə bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam etdilər.
Onu da qeyd edək ki, Məhəmmədhüseyn xan “Müştaq” ədəbi təxəllüsü ilə şeirlər yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır. Faciəli ölümü münasibətilə o dövrün məşhur şairlərindən Molla Vəli Vidadi özünün “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.
Aydın MƏMMƏDOV
M.F.Axundzadə adına Şəki Mədəniyyət
Mərkəzinin əməkdaşı
Mədəniyyət.-
2021.- 9 iyul. S. 6.