Nakam ömrün rəngləri
Xətai Sənət Mərkəzində mərhum jurnalist, rəssam Taleh Cavanşiroğlunun (Vahabov) anım tədbiri və rəsmlərindən ibarət sərgi keçirildi.
İyulun 9-da Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Taleh Cavanşiroğlunun Zülmətdən işığa, Şam ağacı, Rənglər dünyası, Qız qalası, Nənəm, babam və mən, Qana boyanmış narlar, Göl qırağında ümumilikdə 11 əsəri nümayiş olunurdu.
Qafqazmedia.az saytının baş redaktoru Mirdaməd Əzizov tədbiri açaraq mərhumun qısa ömür yolu, jurnalist və rəssamlıq fəaliyyətindən danışdı. Bildirdi ki, Taleh Cavanşiroğlu 1988-ci ildə Bakıda doğulub. Gəncədəki Türk liseyində, Gəncə şəhər Uşaq rəssamlıq məktəbində təhsil alıb. Sonra Ankara Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində oxuyub.
Taleh kiçik yaşlarından rəssamlığa maraq göstərib və 11 yaşında ilk dəfə Gəncədə fərdi sərgisi təşkil olunub. Sonralar ölkəmizlə yanaşı, Gürcüstan və Almaniyada da sərgiləri keçirilib. Eyni zamanda dövri mətbuatda çıxış edib. 19 iyul 2020-ci ildə ürəktutmasından dünyasını dəyişib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, bəstəkar-rəssam İmruzə Hüseynova və başqaları çıxış edərək Taleh Cavanşiroğlu ilə bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, ömrünə nakamlıq yazılan Taleh istedadlı bir gənc idi. Yaşasaydı, daha böyük sənət uğurlarına imza atacaqdı.
Çıxışlardan sonra Talehin anası şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızı tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi. O, Taleh, haradasan? kitabını qonaqlara hədiyyə etdi.
Tədbir iştirakçıları sərgi ilə tanış oldular.
S.FƏRƏCOV
Mədəniyyət.-
2021.- 14 iyul. S. 5.