Düşmənə onun yerinin göstərildiyi gün...

 

Tovuz döyüşlərindən bir il ötür

 

12-14 iyul tarixi Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmanın – erməni silahlı qüvvələrinin törətdiyi təxribata Azərbaycan Ordusunun hissələri tərəfindən layiqli cavabın verildiyi Tovuz döyüşlərinin ildönümüdür.

 

2020-ci il iyulun 12-də günorta saatlarında Ermənistan tərəfi sərhəddə növbəti dəfə hərbi təxribat törədərək Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərini ələ keçirməyə cəhd göstərib. Düşmənin bu cəhdlərinin qarşısı hərbi qüvvələrimiz tərəfindən alınıb.

 

İyulun 12-də günün ikinci yarısı, eləcə də iyulun 13-də və 14-də sərhəddə gedən şiddətli döyüşlərdə hərbçilərimiz böyük rəşadət və qəhrəmanlıq göstərərək düşmənə mövqelərimizə doğru irəliləməyə imkan verməyiblər. Düşmənin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

 

Döyüşlərdə Azərbaycan Ordusu da itkilər verib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov qəhrəmancasına şəhid olublar. Həmçinin 12-14 iyul tarixində sərhəddə düşmənin hücumunun qarşısının alınması zamanı daha 8 hərbçimiz – baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları – əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına həlak olublar.

 

Ermənilərin atdığı mərminin Tovuz rayonunun  Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində 76 yaşlı Əziz Əliyev də şəhid olmuşdu. Rayonun bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə ciddi ziyan dəymişdi.

 

Bununla belə, igid Vətən oğulları sərhədimizi canları bahasına qoruyaraq düşmənin istəyini qursağında qoydular.

 

“Düşmənə ağır zərbə vurulub, həlak olan hərbçilərimizin qisası alınıb və bundan sonra da alınacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq” – bu fikri 2020-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan etmişdi.

 

Ali Baş Komandan vurğulamışdı ki, sərhəddə davam edən vəziyyətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: “Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlüriyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq... Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin... Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

 

Həqiqətən də, 2020-ci ilin iyulundakı Tovuz döyüşlərində Azərbaycan Ordusu düşmənə yerini göstərdi. Tovuz döyüşləri faktiki olaraq 2020-ci ilin şanlı Vətən müharibəsinin müqəddiməsi idi. Bu döyüşlərdən nəticə çıxarmayan işğalçı dövlətin rəhbərliyi sentyabrın 27-də cəbhə xəttində – bu dəfə Qarabağda hərbi təxribat törətdi və bundan sonra Azərbaycanın “Dəmir yumruğunu gördü. 44 günlük müharibədə rəşadətli Silahlı Qüvvələrimiz işğalçıya tarix boyu unutmayacağı dərs verdi...

 

***

 

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və ruhlarına dualar oxunub. 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb.

 

Nazirlik tərəfindən Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər təşkil edilib.

 

Mədəniyyət.- 2021.- 14 iyul. S. 2.