Milli Qəhrəman
Mübariz İbrahimovun
Ev-Muzeyinin açılışı keçirilib
Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev-Muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, şəhid valideynləri, kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin onu özlərinə bir örnək aldıqlarını qeyd ediblər. Bildirilib ki, Türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov öz hünəri ilə adını Azərbaycan xalqının qəhrəmanlıq tarixinə əbədi olaraq yazdırıb.
Çıxışçılar Milli Qəhrəmanın adını daşıyan qardaşı oğlu, balaca Mübarizi 3 yaşının tamam olması münasibətilə də təbrik ediblər.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov oğlunun xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, tədbir iştirakçılarına təşəkkür edib.
Sonra ev-muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar.
Muzeyin birmərtəbəli binası Prezident İlham Əliyevin 2018-ci il sentyabrın 18-də Biləsuvar rayonuna səfəri zamanı verdiyi tapşırıq əsasında tikilib. Burada Mübariz İbrahimovun şəxsi əşyaları, ömür yolunu əks etdirən eksponatlar yer alıb.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət müxtəlif mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda gizir rütbəsində hərbi xidmətə başlayıb.
Mübariz İbrahimov Vətən torpağının işğalı ilə heç cürə barışa bilmirdi. Yağıdan intiqam almaq hissi ilə yaşayırdı. Təkrar orduda xidmətə qayıtması da bununla bağlı idi.
2010-cu ildə iyunun 19-na keçən gecə Mübariz İbrahimov Tərtərin Çaylı kəndi istiqamətində təxminən bir kilometrlik minalanmış sahəni keçərək işğalçı Ermənistan ordusunun çox sayda hərbçisini birinci həmlədə məhv edib. Düşmənlə bir neçə saat təkbaşına döyüşüb. Səhər saatlarında qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.
NURƏDDİN
Mədəniyyət.-
2021.- 14 iyul. S. 3.