Gəncədə “Dumanlar başımda dastana
döndü” adlı sərgi
Mədəniyyət
Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin
təşkilati dəstəyi ilə Gəncə şəhərindəki
Məhsəti Gəncəvi Mərkəzində YARAT Müasir
İncəsənət Məkanının “Dumanlar
başımda dastana döndü” adlı qrup sərgisi
açılıb. Sərgidə yerli rəssam və
fotoqrafların əsərləri nümayiş olunur.
Sərgi
Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinə,
ümumilikdə Qarabağ münaqişəsinə, eləcə
də erməni silahlı qüvvələrinin müharibə
cinayətlərinə həsr olunub.
YARAT-ın
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri
Hökümə Kərimova və kurator Zəhra Məmmədova
sərgi haqqında məlumat veriblər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov sərginin əhəmiyyətini yüksək qiymətləndirib. O, 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən uzaq olan qədim Gəncənin Ermənistanın raket hücumlarından əziyyət çəkdiyini, çoxsaylı insan tələfatı olduğunu və infrastruktura ciddi ziyan dəydiyini qeyd edib: “Çox şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan ata-baba yurdlarımızı düşməndən xilas edərək xalqımıza şanlı Qələbə qazandırdı”.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, AMEA Gəncə Bölməsinin əməkdaşı Elnur Həsənov və “Gənclər evi”nin direktoru Amil Qurbanov da çıxış edib.
Qeyd edək ki, sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında səslənən, görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun Əliağa Vahidin sözlərinə yazdığı “Vətən yaxşıdır” (hazırda “Xudayar təsnifi” adlanır) təsnifindən götürülüb. Bu mahnı həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.
Sərgidə Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya və rəqəmsal sənət əsərləri nümayiş olunur. Ekspozisiyaya YARAT-ın və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.
Sərgi sentyabrın 25-dək davam
edəcək.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 3.