Başqırdıstanda VI Dünya Folkloriadası
Azərbaycan da təmsil olunub
İyulun 3-dən 10-dək Rusiya Federasiyasının Başqırdıstan Respublikasında VI Dünya Folkloriadası keçirilib. Dünyanın 37 ölkəsinin təmsil olunduğu folkloriadada Azərbaycandan “Ritm” rəqs qrupu iştirak edib.
Folklor Festivalları və Xalq Sənətkarlığı Təşkilatları Beynəlxalq Şurasının (CİOFF) himayəsi altında keçirilən Dünya Folkloriadası dörd ildən bir təşkil edilir. Folkloriada Başqırdıstanda 2020-ci ildə keçirilməli idi, lakin COVİD-19 səbəbindən təxirə salınmışdı.
Folklor festivalı pandemiya ilə bağlı ciddi ehtiyat tədbirləri alınmaqla gerçəkləşib. COVİD-19-a yoluxma aşkarlanan iki heyət – Özbəkistan kollektivi və Moskvanın “Qjel” rəqs qrupu folkloriadadan kənarlaşdırılıb.
Folkloriadanın konsert proqramları Başqırdıstanın paytaxtı Ufada və 22 bələdiyyədə keçirilib. “Ufa-Arena”da təşkil olunan təntənəli açılış mərasimində 37 ölkədən iştirakçıların milli geyimdə möhtəşəm keçidi olub.
Azərbaycanı təmsil edən “Ritm” rəqs qrupu bir neçə şəhərdə çıxış edib. Yerli sakinlər kollektivi çox səmimi qarşılayıb, təqdim edilən proqramdan zövq alıblar. Azərbaycan diasporunun çoxsaylı nümayəndələri də onları dəstəkləməyə gəliblər.
Başqırdıstanda VI Dünya Folkloriadası dünya rekorduna da imza atıb. İlk dəfə olaraq 37 ölkədən 71 millətin təmsilçiləri yallı gediblər. Bu günlərdə Ufada olan əcnəbi turistlər də onlara qoşulublar. Yallıda ümumilikdə 2700 nəfər iştirak edib.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 8.