Norveçdə Azərbaycanla əlaqələrə
həsr edilmiş sərgi
açılıb
Dünya şöhrətli alim və səyyah Tur Heyerdalın doğulduğu Norveçin Larvik şəhərinin “Bölgen” mədəniyyət mərkəzində Azərbaycan-Norveç əlaqələrinə həsr edilən sərgi açılıb.
“Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi, Tur Heyerdal İnstitutu, “Vestfold” və “The Viking Planet” muzeylərinin dəstəyi ilə reallaşıb.
Açılış mərasimində Larvik şəhər bələdiyyəsi sədrinin müavini Rune Höiset çıxış edərək layihəni yüksək qiymətləndirib, şəhərin 350 illik yubileyində Tur Heyerdalın xatirəsini yad edən və səyyahın Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən sərginin əhəmiyyətini vurğulayıb.
Türkiyənin Norveçdəki Səfirliyinin birinci müşaviri Barbaros Tuna Erdem çıxışında səfir Fazlı Çormanın təbriklərini çatdırıb, “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru uğurlu təşəbbüs münasibətilə təbrik edib.
Şervin Nəcəfpur layihə barədə qonaqlara geniş məlumat verib. Sərginin yerli muzeylərdə nümayiş olunacağını bildirən Şervin Nəcəfpur Azərbaycan xalçaları və milli geyimlərinin də sərgiyə əlavə olunacağını diqqətə çatdırıb.
Tur Heyerdal İnstitutunun direktoru Beate Björge məşhur səyyahın ölkəmizə bağlılığı barədə danışıb, sərgini Azərbaycanda da nümayiş etdirmək istədiklərini deyib.
Qeyd edək ki, sərgi iyulun 31-dək davam edəcək. Oktyabrda isə Tur Heyerdalın Ev-Muzeyində nümayiş olunacaq.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 8.