Əməkdar
jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyi qeyd olunub
Dünən
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü
ilə "Bakı" və "Baku" qəzetlərinin
baş redaktoru, Əməkdar jurnalist Ağahüseyn
Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı təşkil
olunub.
Tədbiri giriş sözü ilə MŞ sədri
Əflatun Amaşov açaraq bildirib ki, rəhbərlik etdiyi
qurum ömrünü-gününü jurnalistikaya həsr
etmiş qələm adamları ilə bağlı tədbirləri
ənənəyə çevirib. Bu, həm onların həyat
yolunun gənc nəslə çatdırılması, həm
də bu adamların əməyinə dəyər
baxımından son dərəcə önəmlidir. "Əməyinə, şərəfli ömür
yoluna qiymət verilməsi mütləq olan həmkarlarımızdan
biri də ömrünün 80-ci ilinə qədəm
qoymuş respublikanın əməkdar jurnalisti,
"Bakı" və "Baku" qəzetlərinin baş
redaktoru Ağahüseyn Hüseynovdur. Ağahüseyn
müəllim sözün əsl mənasında peşə fədaisidir.
O, həm ziyalıdır, publisistdir, həm də qəzet
işinin mahir bilicisidir. Ağahüseyn müəllimin
jurnalist fəaliyyəti, xüsusən də ustad Nəsir
İmanquliyevin təməlini qoyduğu "Bakı" və
"Baku" qəzetlərindəki əməyi bunu deməyə
əsas verir".
Sonra Ə.Amaşov Ağahseyn Hüseynovu Azərbaycan Mətbuat
Şurasının diplomu ilə təltif edib.
Toplantıda çıxış edən edən Azərbaycan
Dövlət İnformasiya Agentliyinin baş direktor müavini
Dağbəyi İsmayılov yubilyarla
"Bakı"-"Baku" qəzetində birgə
çalışdığı illərdəki xatirələri
yada salıb.
O, A.Hüseynovun çox çətin dövrdə adı
çəkilən mətbuat orqanlarına rəhbərlik etməyə
başladığını, bunun son dərəcə
böyük məsuliyyət olduğunu xatırladıb. D.İsmayılov eyni zamanda, A.Hüseynovu işinin
peşəkarı kimi xarakterizə edən məqamlardan
söz açıb.
MŞ-nin
Ahıl Jurnalistlər Məclisinin rəhbəri, veteran
jurnalist Məzahir Süleymanzadə A.Hüseynovu milli mətbuat
tariximizdə layiqli yerə və rola malik "Bakı" və
"Baku" qəzetlərinə məxsus ənənələri
ləyaqətlə davam etdirən rəhbər olaraq dəyərləndirib.
O bildirib ki, A.Hüseynovun peşəyə məsuliyyətli
yanaşma tərzi bu nəşrlərin qurucusu və uzun
müddət baş redaktoru olmuş, görkəmli jurnalist,
publisist və böyük ziyalı Nəsir İmanquliyevin dəst-xətti
idi.
"Bakı"
və "Baku" qəzetlərinin baş redaktor müavini
Ənvər Məşədiyev çıxışında
A.Hüseynovu əxz etdiyi, ona irsən keçən həyat fəlsəfəsindəki
dürüstlüyü, məsuliyyəti, səmimiliyi,
qayğıkeşliyi jurnalistikaya da gətirməyi
bacarmış qələm adamı, peşəkar idarəçi
kimi səciyyələndirib, xatirələrini
bölüşüb.
Uzun
müddət "Bakı" və "Baku" qəzetlərində
çalışmış, əməkdar jurnalist Zemfira Məhərrəmli
bildirib ki, yubilyar peşəsinə könüldən
bağlanması ilə seçilib. O, bu bağlantıda rəhbər
həssaslığının mühüm amil olduğunu
xatırladıb.
"Xalq qəzeti"nin əməkdaşı,
"Bakı" və "Baku" qəzetlərində
jurnalistlik fəaliyyəti keçmiş İlqar Rüstəmov
böyük Nəsir İmanquliyevin rəhbərlik etdiyi qəzetləri
məktəb adlandırıb. O, bu məktəbin A.Hüseynov kimi
məzununun olmasını Azərbaycanın ictimai mühitinin
mühüm tapıntısı kimi dəyərləndirib.
İ.Hüseynov çıxışında həmçinin,
Azərbaycan mətbuat tarixində dərin iz qoymuş
"Bakı" və "Baku" qəzetlərinin
yubileyinin keçirilməsinin vacibliyinə də diqqət
yönəldib.
Poliqrafçı alim Şəddat Cəfərov da
çıxışında A.Hüseynovu işinin peşəkarı
olan bütöv şəxsiyyət kimi dəyərləndirib. O, həmçinin,
yubilyarın həyat yolunun örnək mahiyyət
daşıyan müxtəlif cəhətlərindən söz
açıb.
Veteran
jurnalist Fazil Rəhmanzadə A.Hüseynovla birgə
"Bakı"-"Baku" qəzetlərində
çalışdığı dövrə ekskurs edib, həm
peşə xüsusiyyətləri, həm də yubilyarı səciyyələndirən
digər cəhətlər üzərində dayanıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri Umud Rəhimoğlu yubilyar qələm
sahibini əsl ziyalı simasına malik, bunu əməli ilə
təsdiqləyən jurnalist olaraq dəyərləndirib.
Toplantıda
çıxış edənlərdən "Bakı" və
"Baku" qəzetlərində
çalışmış, filologiya üzrə fəlsəfə
doktoru Şərəf Cəlilli, "Xalq qəzeti"nin
baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər
- Mehman Fərzullayev, respublikanın əməkdar jurnalisti Rəhim
Hüseynzadə, naşir və publisist Zülfüqar
Şahsevənli və başqaları Ağahüseyn
Hüseynovu jurnalist peşəsinin təəssübünü
çəkən, gördüyü işlə peşəyə
dəyər qazandıran həmkar və ziyalı kimi xarakterizə
edib, təbriklərini çatdırıb, xoş istək və
arzularını dilə gətiriblər.
Sonda çıxış edən A.Hüseynov həyat və
fəaliyyətinə verilən yüksək qiymət və dəyərə
görə toplantı iştirakçılarına təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2021.- 3
iyul. S. 6.