Davakar
qəzetçinin kədərli ömür yolu - Haşımbəy
Vəzirov
1905-ci il
inqilabından sonra Azərbaycan mətbuatı oyanış dövrünü
keçirirdi. Sanki coşqun dağ
çayının qarşısını kəsən bənd
uçmuş, yollar açılmışdı. Müxtəlif istiqamətli qəzet və jurnallar
fikirlərə, düşüncələrə hakim olmaq,
milli ideyaları və maarifçiliyi təbliğ etmək,
xalqı oyatmaq üçün bir-biri ilə rəqabətə
girmişdilər.
Mətbuat rejimin hər cür yeniliyin əleyhdarı
kimi qələmə verdiyi Azərbaycan türklərinin həyatına
daxil olmuşdu. Yeni peşə adamları - peşəkar jurnalistlər ordusu
formalaşmağa başlamışdı.
Onlardan biri də 1907-1916-cı illərdə Azərbaycan
və rus dillərində 7 mətbu orqanın naşiri,
redaktoru, müəllifi kimi geniş fəaliyyət göstərən
Haşım bəy Vəzirov idi. Müəyyən səbəblər
üzündən onun keşməkeşli həyatı, zəngin
yaradıcılıq yolu tədqiqatdan kənarda qalıb. Azərbaycanda milli fikrin, mətbuat və nəşriyyat
işinin inkişafındakı rolu ya unudulub, ya da təhrif
edilib. Bunu müəyyən dərəcədə
Haşım bəyin ictimai-siyasi görüşləri, ədəbi
platforması ilə izah etmək olar.
Sənətkarın
kapitalistin pul kisəsindən asılı olduğu dövrdə
yaşayıb-yaradan Haşım bəy bəzən "maddi əsarətdən"
uzaqlaşmaq üçün özündə qüvvə və
iradə tapa bilməmişdi. Amma bu, onun milli
düşüncə tarixindəki yerini və rolunu inkar etmək
üçün əsas verə bilməz.
Kim idi bu davakar təbiətli narahat insan?
Mir Haşım Mir İman oğlu Vəzirov 1868-ci ildə
Şuşada doğulmuşdu. İlk bioqraflarından Əliabbas
Müznibin yazdığına görə, "atası dəxi
zamanının ali tərbiyə və təlim
görmüşlərindən olduğu cəhətlə mərhum
Haşım bəyin istər ev tərbiyəsi, istərsə
də məktəb tərbiyəsi yaxşı
olmuşdur". 12 yaşından anası Nənəş
xanım Hacı İsmayıl qızının himayəsində
böyümüşdür. Əsil-nəsilli
ailədən çıxmış qadın imkan daxilində
oğluna yaxşı təhsil verməyə
çalışmışdı.
Haşım
bəy əvvəl Şuşada Molla Həmid və Mirzə
Əli adlı müdərrislərin yanında oxumuş, Azərbaycan,
fars, qismən də ərəb dilini
öyrənmişdi. Təhsilini rus-müsəlman
məktəbində davam etdirmişdi. 1889-cu
ildə İrəvan müəllimlər seminariyasını
bitirmişdi. İrəvan
quberniyasının Böyük Vedi, Cavanşir qəzasının
Alpout, Şəkinin Göynük kəndlərində və Bərdədə
çalışmışdı. Sonra həmyerlilərinin
təkidi ilə Şuşa rus-müsəlman
məktəbinin nəzarətçisi vəzifəsinə dəvət
olunmuşdu.
Çalışdığı tədris ocaqlarında
savadlı və tələbkar pedaqoq kimi
tanınmışdı. Şagirdləri arasından müasirlərinin
etiraf etdiyi kimi, "mərhumun ustalığı sayəsində
həyat və məişətlərini lazımınca təmin
edən ziyalılar yetişmişdilər". Harada işləməyindən asılı olmayaraq
daim müəllimliklə ictimai fəaliyyəti birləşdirmiş,
xalqın ehtiyaclarını dəf etməyi, ona yardım əli
uzatmağı əsas vəzifəsi saymışdı.
Şuşada müəllimliyi dövründə
həm də şəhər idarəsinə qlasnı
seçilmişdi. Ədibin qardaşı
oğlu Yusif Vəzirin xatırladığı kimi, yalnız
Haşım bəy şəhər idarəsinə üzv
olandan sonra tək ermənilərin deyil, türklərin
yaşadıqları küçə və məhəllələrin
də abadlaşdırılmasına başlanmışdı.
O,
Şuşada mədəni həyatın dirçəlməsində,
Əhməd bəy Ağayevin qurduğu kitabxana və qiraətxananın
fəaliyyətində, tamaşa və müsamirələrin təşkilində
iştirak edirdi. Əliabbas
Müznibin "Dirilik" jurnalındakı bir materialdan
öyrənirik ki, Haşım bəyin 1905-ci ildə,
"müsəlman-erməni iğtişaşında göstərdiyi
xidmətləri daha böyükdür. Qarabağda vaqe
olan iğtişaş əsnasında müsəlmanları
daima hökumət yanında və əfkari-ümumiyyə nəzərində
müdafiə etmiş və dilsiz milləti əğyarın
töhmət və təcavüzündən dili və qələmi
ilə müdafiə və mühafizə etməkdən bir an geri durmamışdı. O vəqtlərdə
Qarabağın müsəlman və erməni münasibətini
islahi bir yola qoymaq üçün Qafqaz hökuməti - aliyyəsi
tərəfindən təyin olunan generalın hüzurunda
böyük bir izdiham içində müsəlmanları
müdafiə etmək yolunda mənidar və kəskin bir nitq
söyləmiş, nitqi sayəsində
qarabağlıların hökumət nəzərində
asayişsevici bir cəmaət olduqları bilinmişdir. Hətta nitqinin arasında bir Quran ayəsini öylə
şərh və təfsir etmiş ki, general fövqəladə
məmnun olub mərhumdan nitqinin yazılıb ona verilməsini
xahiş etmişdir".
Təbiidir
ki, Haşım bəyin ictimai işlərdə, millətinin
haqq və hüququnu qorumaq sahəsində fəallığı ermənilərin
xoşuna gəlmirdi. Xüsusən, 1905-ci ildən
sonra ona münasibət kəskin dəyişmişdi. Ermənilər
H.Vəzirovun simasında regionda həyata keçirmək istədikləri siyasətə
qarşı çıxan güclü şəxs
görür və onu hər vasitə susdurmağa
çalışırdılar. Bu məqsədlə
rus administrasiyası ilə əlaqələrdən,
donoslardan, ayrı-ayrı soydaşlarımızın "xidmətindən"
bacarıqla istifadə edirdilər. Bu səylər
səmərəsiz qalmadı. 1905-ci ilin sonlarında H.Vəzirov
ictimai asayişi pozan və "erməni-müsəlman
qarşıdurmasını qızışdıran" şəxs
kimi ittiham olunub 5 il müddətinə
Şimali Qafqaza, Stavropol şəhərinə sürgün
edildi.
Günahsızlığını sübuta yetirən
Haşım bəy bir neçə ay sonra vətənə
qayıtdı.
Amma Şuşada deyil, Bakıda məskən
saldı. Müəllimlikdən
uzaqlaşıb özünü tamamilə mətbuata həsr
etdi. Artıq onu susdurmaq mümkün
olmayacaqdı. Çünki həqiqi
tribunasını və auditoriyasını tapmışdı.
Bu tribuna mətbuat idi.
Əslində, ədəbi yaradıcılığa və
jurnalist fəaliyyətinə hələ 1880-ci illərin
sonunda, seminariyada oxuduğu vaxt başlamışdı. İlk qələm
təcrübələrini dövrün yeganə anadilli mətbu
orqanı olan "Kəşkül" məcmuəsinə
göndərsə də, yazıları naşir Ünsizadə
qardaşlarının zövqünə uyğun gəlmədiyindən
çap edilməmişdi. Milli maraqlara cavab verən mətbuatın
olmaması 1890-cı illərin əvvəllərindən
Haşım bəyin Qafqazın
rus qəzet və jurnallarında iştirakını zərurətə
çevirmişdi. Xüsusən müəllimlik dövründə
folklor nümunələri toplayıb ruscaya
çevirmiş, Tiflisdə, SMOMPK məcmuəsində
çap etdirmişdi. "Novoe obozrenie", "Kavkaz",
"Kaspi" kimi qəzetlərdə çıxan məqalələrində
Haşım bəy milli həyatdakı qabaqcıl, mütərəqqi
meylləri təbliğ edir, doğma xalqını maarifi və
mədəniyyəti inkişaf etdirməyə, müasirliklə
milli təməl üzərində əlaqə qurmağa səsləyirdi.
Məsələn,
"Novoe obozrenie" səhifələrində Haşım bəy
Tiflis mühitinin, rus və Avropa ziyalıları ilə
yaradıcı ünsiyyətin milli tərəqqiyə təsirini
izləməyə çalışır, Şiller və
Lermontovun Azərbaycan dilinə çevrilmiş əsərlərinin
təhlilini verirdi. "Kaspi"də
"Müslim" imzası ilə çap olunan məqalələrində
isə daha çox sinfi və ictimai zülmdən, sosial ədalətsizliklərdən,
Azərbaycan kəndlərinin problemlərindən,
çarizmin milli ayrı-seçkilik siyasətindən
yazırdı.
1905-ci ildən etibarən "Həyat",
"İrşad" kimi qəzetlərin nəşri H.Vəzirovun jurnalistlik fəaliyyətinin
milli zəmində inkişafı üçün yeni imkanlar
açdı.
Həmin vaxta qədər məcburiyyət
üzündən rus qəzetlərinə yazan müəllif
böyük həvəslə milli mətbuata üz tutdu.
"İrşad"da "hər kəsin təhsin
və təqdirinə mocib olacaq atəşin məqalələr
yazmağa" (Ə.Müznib) başladı. 1906-cı
ilin dekabrın 5-dən 1907-ci il yanvarın
23-nə kimi Əhməd bəy Ağayev Peterburqda olduğu
müddətdə qəzetin redaktorluğunu da üzərinə
götürdü. Bu onu mətbuat aləminə daha sıx
bağladı, "öz qəzetini" yaratmaq fikrini qətiləşdirdi.
1907-ci il aprelin 1-dən H.Vəzirovun redaktorluğu ilə
iri formatlı, gündəlik "Tazə həyat" qəzeti
nəşrə başlayır. "Azərbaycan
dövrü mətbuatı" kitabının müəllifi
prof. N.Axundovun yazdığına görə, qəzet
"liberal-burjua ideologiyasını müdafiə edir,
dini-mürtəce yazılara yer verirdi. Bu
yazılar demokratik mətbuatda ciddi müqavimətə rast gəlirdi".
Əslində isə belə deyildi. Haşım bəy milli burjuaziyanın
maraqlarını qoruyurdu. Azərbaycan oxucusunu dünyada
baş verən mühüm ictimai-siyasi və ədəbi-mədəni
hadisələrlə tanış etməyə
çalışırdı.
M.Ə.Sabir,
M.Hadi, Ə.Haqverdiyev, Ə.Müznib, H.İ.Qasımov,
T.Şahbazi, C.Yusifzadə, Q.R.Mirzəzadə, S.Səlmasi kimi
şair, yazıçı və müəllimlər "Tazə
həyat"la əməkdaşlıq edirdilər. Müxtəlif ideya-bədii istiqamətli bu
ziyalılarının qəzetdə iştirakı onun daha
çox ədəbi-bədii xarakter almasına təkan
verirdi. Haşım bəy özü demək
olar ki, hər say üçün "Birisi" təxəllüsü
ilə müxtəlif problemlərə toxunan aktual məqalə
və felyetonlar yazırdı.
"Tazə
həyat" 1908-ci il oktyabrın 7-də hökumət tərəfindən
bağlanandan sonra H.Vəzirovun naşirliyi və
redaktorluğu ilə "İttifaq" (1908-ci il dekabrın
1-dən 1909-cu il oktyabrın 2-nə qədər, 251 say), "Səda"
(1909-cu il oktyabrın 12-dən 1911-ci il avqustun 17-nə qədər,
480 say) qəzetləri işıq üzü
görmüşdü. Kiçik formatlı
"Səda" əvvəlcə Orucov
qardaşlarının elektrik mətbəəsində
çap olunurdu. Bakı milyonçusu Murtuza Muxtarovun vəsaiti
ilə çıxan "Tərəqqi" bağlananda Haşım bəy qəzetin
mətbəəsini satın almış və XX əsrin əvvəllərində kitab nəşri sahəsində fəaliyyəti
ilə seçilən "Səda" nəşriyyatının
əsasını qoymuşdu. Eyni adlı qəzet
də 25-ci sayından həmin mətbəədə çap
olunurdu.
İndiyə qədər bu qəzetlərin zərərli
ideya istiqamətindən başqa onlar barədə demək
olar ki, ciddi söhbət açılmayıb. Bəs "zərərli"
tendensiya özünü nədə büruzə verirdi?
Haşım bəyin nəşrlərinin ciddi
senzuraya məruz qalması və tez-tez bağlanması
onların rus hakimiyyətinin bölgədəki mənafelərinə
cavab vermədiyini göstərir. Təbii
ki, çarizmə "zərərli" olan, yerli xalq
üçün faydalı sayılmalı idi. Hər
halda suala dəqiq
cavabı yalnız H.Vəzirovun nəşrlərinin ciddi
şəkildə öyrənəndən sonra vermək olar.
Amma bir məsələ aydındır ki, naşir xalqına ziyan vuran insan
deyildi. Əks-təqdirdə çarizmin təqiblərinə
məruz qalmazdı.
1911-ci il martın 19-da H.Vəzirov da əksər Azərbaycan
qəzetlərinin redaktorları ilə birlikdə Bakıda həbs
olunmuş, 25 gün məhbəsdə saxlanmışdı. Sabirin məşhur "Düşdü bütün
qəzetlər qiymətdən, ay can, ay can!" satirası da həmin
hadisə ilə bağlı yazılmışdı. Həbsdən çıxan H.Vəzirov yenidən "Səda"nın
nəşrini davam etdirmiş, "Səda" bağlananda isə
rusca "Kavkazets" adlı qəzet çıxarmağa
başlamışdı. İctimai-siyasi və ədəbi
xarakterli nəşrin ilk sayı 1911-ci il
sentyabrın 27-də, son sayı isə həmin il oktyabrın
12-də işıq üzü görmüşdü. 7-ci saydan fəaliyyətini dayandırmalı
olmuşdu.
Bundan
sonra H.Vəzirovun redaktorluğu və naşirliyi ilə
"Sədayi-Vətən" (1911-ci il
dekabrın 1-dən 1912-ci il martın 20-nə qədər, 90
say), "Sədayi-həqq" (1912-ci il martın 21-dən
1915-ci il mayın 31-nə kimi, 962 say), "Sədayi-Qafqaz"
(1915-ci il iyunun 1-dən 1916-cı il fevralın 4-nə qədər,
205 say) qəzetləri çıxmışdı. Son sayı Haşım bəyin vəfatı
günü oxuculara çatdırılan "Sədayi-Qafqaz"ın
redaktorluğunu bir müddət publisist və tənqidçi
Hacı İbrahim Qasımov aparmışdı.
Adları çəkilən qəzetlərlə
yanaşı, H.Vəzirov 1914-1915-ci illərdə "Məzəli"
adlı həftəlik satira jurnalı da nəşr
etmişdi. H.İ.Qasımovla əməkdaşlıq şəraitində
işıq üzü görən jurnalın rəssamı
Əzim Əzimzadə idi. Burada C.Cabbarlı, Ə.Qəmküsar,
Ə.Müznib, H.İ.Qasımov, H.S.Səyyah, C.Əsgərzadə
və b. tanınmış müəlliflərin satirik əsərləri,
bədii-publisist yazıları çap olunurdu. "Məzəli"
jurnalı açıq elan etməsə də, "Molla Nəsrəddin"
yolunu davam etdirməyə çalışırdı.
Əslində, gürcü və erməni satira
jurnallarının da "Molla Nəsrəddin"in təsiri
altında olduğu
dövrdə bu jurnalın nə isə orijinal yol tutması qeyri-mümkün idi.
Mirzə Cəlillə şəxsi münasibətlərinin
kəskin olmasına baxmayaraq, H.Vəzirov "Molla Nəsrəddin"i
çox bəyənirdi. Yusif Vəzirin xatirələrindən öyrənirik
ki, Haşım bəy "paxıl və tündməzac adam" kimi tanınsa da, jurnalın ədəbi-ictimai
mühitdə bomba kimi partlayan ilk sayı haqda xoş sözlərini
əsirgəməmişdi. Şəxsi
antipatiyasının əsirinə çevrilməyən
Haşım bəy üçün "Molla Nəsrəddin"
etalon idi. "Məzəli"
jurnalını da Mirzə Cəlilin nəşri ilə rəqabət
apara biləcək gülgü məcmuəsinə çevirmək
istəyirdi. Lakin Mollaya xas xalq müdrikliyi, mübarizlik
və barışmazlıq hissi, iqtisadi sərbəstlik və
fikir azadlığı "Məzəli"də
çatışmadığından jurnal qarşısına
qoyduğu məqsədə nail ola bilməmişdi.
Beləliklə, fəaliyyəti dövründə H.Vəzirov
çap edilmiş nömrələrinin sayı 2500-ə
çatan müxtəlif qəzet və jurnalların redaktoru və
naşiri olmuşdu. XX əsrin əvvəllərində mətbuatın
qeyri-sabitliyini, mətbu orqanların qısa
ömürlülüyünü, maliyyə çətinliklərini və
s. nəzərə alsaq, ilk peşəkar jurnalistlərdən
olan Haşım bəyin milli mətbuat sahəsindəki zəhmətinə
ədalət meyarı ilə yanaşmaq lazımdır.
Əlbəttə, onun yazdıqlarının, çap
etdiklərinin çoxu ilə bu gün qeyd-şərtsiz
razılaşmaq çətindir. Lakin milli ədəbi-ictimai
fikrimizin faktı kimi nəşrlərinin tədqiqi vacibdir. Eyni sözləri
"Səda" mətbəəsi haqda da demək
mümkündür. Orucov
qardaşları kimi güclü kitab maqnatları ilə rəqabət
apara bilməsə də, Haşım bəy Azərbaycan
yazıçılarının, Avropa və rus klassiklərinin
bir sıra kitablarını, uşaqlar üçün ədəbiyyat
nümunələri və s. çap etmişdi. Onun səyi ilə Vaqifin əsərləri
"Qafqaz şüərasının məşhuru Molla Pənah
Vaqifin ələ düşən əşarının məcmuəsi"
adı altında 1908-ci ildə "Tazə həyat" qəzetinin
müştərilərinə hədiyyə kimi çap edilib
pulsuz paylanmışdı. H.Vəzirov naşirlik fəaliyyəti
ilə məşğul olduğu 5 il ərzində
50-dən çox kitab çap etmişdi. "Səda" mətbəəsində
XX əsr Azərbaycan ədəbiyyatının Y.V.Çəmənzəminli,
N.Vəzirov, S.Hüseyn, M.S.Ordubadi kimi nümayəndələrinin,
L.Tolstoyun ("Allah haqqı görər, amma tez aşkar eləməz",
"Qafqaz əsiri", "Dirilmə") əsərləri,
Valles Lyuisin "İstanbulun fəthi" romanı və digər
müəlliflərin orijinal və tərcümə
kitabları çap olunmuşdu.
1914-cü
ildə əsası S.M.Qənizadə və H.Mahmudbəyov tərəfindən
qoyulan rus-müsəlman məktəblərinin 25 illik yubileyi
tamam olanda Haşım bəy "Nicat" maarif cəmiyyətinin
tapşırığı ilə bu maarif ocaqlarının
tarixi, məzunların vəziyyəti, fəaliyyətləri
və s. haqda kitabça yazmışdı. Xalqı maarifə
həvəsləndirmək, məktəblərin
əhəmiyyəti barədə təsəvvür yaratmaq məqsədi
güdən
kitabça müəllifin vəsaiti ilə "Səda"
mətbəəsində çap olunub pulsuz
paylanmışdı.
H.Vəzirovun ədəbi irsi geniş və
çoxşaxəlidir. O, tək publisistika deyil, bədii yaradıcılıq və
tərcümə sahəsində də uğurlu fəaliyyət
göstərmişdi. Hələ İrəvan
seminariyasında təhsil aldığı dövrdə rus
dilində "Məktəb tərbiyəsi", "Cinlər
və şeytanlar" adlı iki kitabça
yazmışdı. Lakin yalnız adları bəlli
olan həmin əsərlər indiyə qədər
tapılmayıb. Orijinal yaradıcılığında
dramaturgiyaya üstünlük verən H.Vəzirov 1890-cı
illərdə "Döymə qapımı, döyərlər
qapını", "Evlənmək su içmək
deyil", "Xan-xan" komediyalarını qələmə
almış, Şekspirin "Otello" dramını, XX əsrin əvvəllərində
milli teatr səhnəsində uğurla oynanan "Çoxarvadlılıq"
və "Sillə" kimi pyesləri ana dilimizə tərcümə
etmişdi.
Bu əsərlərdən
"Otello" (1901) və "Döymə qapımı,
döyərlər qapını" (1911) kitab şəklində
çap olunmuşdu. "Otello" pyesi tərcüməçinin
baş rolda iştirakı ilə Şuşada tamaşaya
qoyulmuşdu. Beləliklə, böyük
ingilis dramaturqunu milli oxucu və tamaşaçı kütləsinə
ilk dəfə təqdim edən Haşım bəy olmuşdu.
Onun
orijinal dram yaradıcılığı F.Köçərlinin diqqətini
cəlb etmişdi. İlk ədəbiyyat tarixçimiz 1895-ci
ildə "Novoe obozrenie" qəzetinin bir neçə
sayında dərc etdirdiyi "Yeni tatar komediyaları"
adlı silsilə məqaləsində "Evlənmək su
içmək deyil" əsərinin geniş təhlilini
vermişdi. Haşım bəyin dram yaradıcılığında böyük müasiri N.Vəzirovun
müəyyən təsirini izləmək
mümkündür. Bu, özünü hər
iki müəllifin əsərlərinin tematikasında,
personajların bədii təqdimində, ifşa
üsullarının oxşarlığında və s.
göstərir.
Bu mənada "Döymə qapımı, döyərlər
qapını" pyesi Nəcəf bəyin tacir
psixologiyasını və əxlaqını açıb
göstərən səhnə əsərləri ilə səsləşir. H.Vəzirov ailə-məişət
və mənəviyyat məsələlərini ön plana
çəksə də, yalnız pozğunluğun, xəyanətin
təsviri ilə məhdudlaşmır, Quran əxlaqı və
şəriətlə daban-dabana zidd olan ictimai-mənəvi bəlaların
kökünü, səbəbini tapmağa
çalışır. Komediyanın qəhrəmanları
Ağa Məhəmmədəli, Ağa Məcid, Ağa Nəsir
cavan olsalar da, Rusiya və Avropa ilə ticarət edən, pul
qazanmağın yollarını bilən varlı tacirlərdir.
Lakin pul onların hamısının mənəviyyatını
korlayıb. Günlərini şərab
içməklə keçirirlər, elm və mədəniyyətdən,
ictimai həyatdan tamam bixəbərdirlər. Söhbətlərinin
əsas mövzusu yüngül əxlaqlı qadınlarla
bağlı macəralardır. İş o
yerə çatır ki, biri-birilərinin arvadlarını ələ
gətirmək kimi çirkin fikirlərlə
yaşayırlar.
Komediya ənənəvi didaktik sonluqla bitir - Ağa Məhəmmədəli
səhvini anlayır, arvadı Fatmanisənin ayağına
düşüb barışır. Tərbiyəvi əhəmiyyəti
ilə bir sırada əsərin dil baxımından sadəliyini,
M.F.Axundzadə ənənələrinə
yaxınlığını da ayrıca qeyd etmək lazımdır. Publisist məqalələrini bir qədər mürəkkəb,
bəlağətli üslubda yazan H.Vəzirov komediyalarında
daha çox xalq danışıq dili prinsiplərinə əsaslanmış,
sadə və anlaşıqlı olmağa
çalışmışdı.
Etiraf edək
ki, Haşım bəyin adı jurnalist, naşir, dramaturq fəaliyyətindən
daha çox M.Ə.Sabirin "Oylə bir tərcümə
kim, ruhi-Şekspir görcək, Ağladı ruhi-Otelloyla bərabər
özünə..." misraları ilə başlayan məşhur
taziyanəsindən bəllidir. H.Vəzirovdan
fərqli mövqedə dayanan Sabir dörd taziyanəsində
opponentini hiss ediləcək dərəcədə
sancmışdı. Acıdilliliyi ilə
tanınan Haşım bəy həmin taziyanələrə
kobud, hətta təhqiramiz cavablar vermişdi. Ümumiyyətlə, bu tipli "söz duelləri"
XX əsrin əvvəllərindəki mətbuatımızın
səciyyəvi xüsusiyyətlərindən idi.
Sabirlə Haşım bəyin söz duelində birinci
daha çox əfkari-ümuminin ifadəçisi kimi
çıxış edirdisə, ikinci şəxsi mövqelərini
qorumağa çalışırdı. Bu mənada
Sabirin "Səda" qəzetinə və onun redaktoruna qarşı
çevrilmiş taziyanələri şairin etiraf etdiyi kimi
güzgü idi. Orada başqaları ilə
birlikdə Haşım bəy də öz surətini görə
bilərdi. Amma bununla belə, "Otello" tərcüməsi
haqdakı məşhur taziyanə, daha doğrusu, onun ədəbi
fikrə sonrakı təsiri ilə tam razılaşmaq çətindir.
Məsələ buradadır ki, Haşım bəyin
çevirdiyi "Otello"nun bir sətrini oxumayanlar da Sabirin taziyanəsinə
güvənib tərcümənin heç nəyə
yaramadığını, Şekspirə karikatura olduğunu və
s. iddia edirlər.
Əslində, belə deyil. H.Vəzirov
"Otello"nun tərcüməsi üzərində
işini 1893-cü ildə başa
çatdırmışdı. Həmin dövrdə nəinki
Şekspir və Qərb klassikasının, ümumilikdə Azərbaycan
dilinə bədii tərcümənin prinsipləri haqda təsəvvür
belə mövcud deyildi. Nəhayət,
"Otello" dilimizə çevrilən ilk dram əsəri
idi. Bütün bunlar mütərcimin necə
ciddi problemlərlə qarşılaşdığı barədə
təsəvvür yaradır. Ancaq çətinliklərə
rəğmən, Haşım bəy "Otello" kimi
mürəkkəb əsəri P.İ.Veynberqin rus dilinə tərcüməsindən
azərbaycancaya keçən əsrin sonları
üçün ümumən uğurla çevirə bilmişdi.
Fikrin
deklarativ səslənməməsi üçün Otellonun məşhur
monoloqundan bir parçanı Haşım bəyin tərcüməsində
nümunə gətirirəm: "Otello - Budur, budur səbəb-ürəyim!
Adlandırıram sizə onu ey göyün pak ulduzları -
budur səbəb! Amma bu qanı tökmək istəmirəm
- amma gərək ölsün (Qılıncını
çıxarır). Bəli, ölməsi
lazımdır, belə olmasa, dünyada ayrılarını da
çox aldadallar. Şəmi
söndürüm, sonra şəmi yandırram. Səni, ey şəm, söndürüb sonra
peşman olsam, yandırram. Amma sənin şəmini
söndürəndən sonra, ey yaranmışların gözəli...
Təbiətin gözəllik sərməşqi! Dübarə Prometeyin odunu tapıb sönmüş
çırağı yandırmaq bana müyəssər
olarmı? Mən qızılgülü
üzəndən sonra ona bitməkliyini qaytarmağa qabil deyiləm.
O, gərək solsun. Bəs üzülməmiş
gərək ondan ləzzət aparayım (Öpür). Ah,
şirin nəfəs! Ədalət özü
qılıncını qabağında sındırardı.
Bir də! Bir də! Ah, öləndən sonra belə ol. Amma səni öldürəcəyəm və sonra
genə məhəbbət bağlayacağam. Təzədən bir də. Axır
dəfə. Ah, şirin və heybətli
öpüş. Nə yamandır bu göz
yaşı. Mənim qəmim-göylərin
qəmidir. Qəmim cəmi məhəbbətləri məzəmmət
eyliyor..."
Əlbəttə,
tərcümə işinin indiki səviyyəsi mövqeyindən
(lakin unutmayaq
ki, "Otello"nu hələ orijinaldan dilimizə çevirməmişik)
yuxarıdakı parçada bəsitlik və s. axtarmaq
mümkündür. Lakin mətni dövrün ədəbi
kontekstindən ayırmaq olmaz. O biri tərəfdən nəzərə
almaq lazımdır ki, H.Vəzirov ilk təşəbbüsdən
mükəmməl tərcümə yaratmaq iddiasında
deyildi. Şekspiri ana dilinə Mirzə Fətəli
demişkən, "baniyi-kar olmaq və nümunə göstərmək"
niyyəti ilə tərcümə etmişdi.
"Otello"nun
və Şillerin "Qaçaqlar" dramının
(M.Hacmskinin tərcüməsində - V.Q.) kitab şəklində
çapdan çıxdığı 1903-cü ildə
Əhməd Ağayev "Kaspi"dəki resenziyasında özünəməxsus maksimalizm hissi ilə
yazırdı: "...Tərcümələr rus dilində
edilib və mütərcimlərin qarşısına
çıxan çətinliklər çox böyük olub.
Zəngin, birdəfəlik müəyyənləşmiş
və hazır qəlibləri olan sintetik dildən hələ
formalaşmayan, lüğət baxımından yoxsul olan
analitik dilə çevirmək lazım idi. Amma bununla belə,
hər iki tərcümə səlisdir, oxunaqlıdır... Qoy
bu tərcümələr başlanğıc mərhələdə
o qədər də mükəmməl olmasınlar! Qoy onlar
fikrin ifadəsində məna və məzmun səhvlərinə
yol versinlər! Qoy əvvəlcə heç oxucusu
tapılmasın! Bunun
zərrə qədər əhəmiyyəti yoxdur. Təki Avropa yazıçılarını tatar
dilində oxumaq imkanı yaransın. Onların əsərlərində
əksini tapan möhtəşəm zəka, hisslərin
gözəlliyi, hətta tərcümə zamanı təhrif
olunan, başqa dilə çevrilərkən bir qədər
korlanan bədii ifadə tərzinin mükəmməlliyi əvvəl-axır
oxucuları cəlb edəcək, zövqləri hərəkətə
gətirəcək, yeni, daha mükəmməl tərcümələrə
ehtiyac doğuracaq. Mən bu tərcümələrdən
çox şey, lap çox şey gözləyirəm; hətta
məktəblərin verəcəyindən də, mətbuatın
gətirəcəyindən də çox şey..."
Əhməd
bəyin fikirlərində müəyyən nihilizm elementləri,
ifrat aludəçilik meyli olsa da (məsələn, müəllifin
aşağıdakı fikirləri ilə razılaşmaq
çətindir: "Bu tərcümələrdən
çox şey, lap çox şey gözləyirəm: hətta
məktəblərin verəcəyindən, mətbuatın gətirəcəyindən
də çox şey..." Yaxud: "Orijinal əsərlərə
gəldikdə isə, fikrimcə, onların əksəriyyəti
Avropa klassiklərinin hər hansı birindən edilən bir səhifəlik
tərcüməyə də dəyməz"),
bütövlükdə, "Otello"nun, ümumən Avropa klassikasının ana
dilinə çevrilməsinin əhəmiyyətini
düzgün sezmiş, onun milli ədəbi-estetik fikrə gələcək
təsiri ilə bağlı doğru mülahizələr
söyləmişdi.
Şübhəsiz, Sabir də belə tərcümələrin
əleyhinə deyildi. Lakin "Molla Nəsrəddin" və
"Səda" arasındakı ideya mübarizəsi, mürəkkəb
şəxsi münasibətlər ona "Otello"nun tərcüməsinə
obyektivliklə yanaşmağa imkan verməmişdi. Təsadüfi deyil ki, opponentinin xarakterinə
yaxşı bələd olan Mirzə Cəlil Kəhrizliyə
gedərkən redaktor əvəzi Məhəmmədəli
Sidqiyə Haşım bəylə ehtiyatlı
davranmağı, onu sancmamağı
tapşırmışdı. Ancaq Mirzə
Cəlilin xəbərdarlığı unudulduğundan Sabirin
taziyanəsi jurnala yol tapmışdı. Nəticədə
milli mətbuat və onun aparıcı nümayəndələri
arasındakı nifaq, qarşıdurma meyli
yaranmışdı.
"Otello"nun tərcüməsinə gəldikdə
isə qüsur və çatışmazlıqlarına rəğmən,
həqiqi qiymətini Azərbaycan səhnəsində
almışdı. Müasirlərinin yazdığına
görə, səhnəmizin müqtədir aktyoru Hüseyn
Ərəblinski H.Vəzirovun tərcüməsində
tamaşaya qoyulan əsərdə Otello rolunu parlaq uğurla
oynamışdı. Rus və erməni
teatr xadimləri də etiraf edirlər ki, Ərəblinskinin təqdimində
Otello hər hansı Avropa teatrının səhnəsini bəzəyə
bilərdi. Qüdrətli aktyorun ampluasının bu
şəkildə inikasında Haşım bəyin tərcüməsinin
rolu da az olmamışdı.
Yaxşı
olardı ki, mütəxəssislər "Otello"nun
1893-cü il tərcüməsinə böyük Sabirin bəlkə
də ani hisslərin təsiri altında yazılmış
taziyanəsindən deyil, mətnin özündən
çıxış edərək qiymət versinlər. Bu, haqqı tapdalanmış H.Vəzirova münasibətdə
ədalətli addım olmaqla yanaşı, ədəbi fikir
tariximizdəki məlum səhvlərdən birinin aradan
qaldırılmasına imkan yaradardı.
Haşım bəyin şəxsi həyatı faciəli
olmuşdu. Övladlarının hamısı kiçik
yaşlarında ölmüş, 16 yaşına çatan
yeganə oğlu Mir İman isə leykomiya xəstəliyindən
vəfat etmişdi. Faciədən
sarsılan həyat yoldaşı Sayalı xanım (Əhməd
Ağayevin bacısı idi - V.Q.) başını oğlunun məzar
daşına çırparaq özünü həlak
etmişdi. Bütün bu ruhi sarsıntılar, ədəbi-ictimai
həyatdakı kəskin
mübarizələr, fikir ixtilafları, həmkarları ilə
xoş olmayan münasibətlər Haşım bəyə də
təsirsiz qalmamışdı. O, 1916-cı il
fevralın 4-də 48 yaşında vəfat etmişdi.
Soyuq qış günlərində Bakı mərhumla
çox hərarətlə vidalaşmışdı. Bu münasibətlə
Ə.Müznib yazmışdı: "Mərhumun təşiyyə
cənazəsində Bakının bütün əyan və əkbarı,
üləma və sadatı hazır idilər. Mafəsi
üstündə lentalar salınmışdı, mühərrirlər
və müəllimlər tərəfindən, - necə ki, qəzetlərdə
yazılmışdı, - nitqlər söylənmiş, naminə
yadigarlar bəxş edilmişdir. Lakin ən
acı nöqtəsi budur ki, dəqiqədə min
Haşım bəy kimiləri məzara dəfn etmək
asandır. Fəqət ikinci bir
Haşım bəyi yetirib "Səda" başına oturtmaq
çox müşküldür".
Bu qəfil itki milli ziyalılarda böyük təəssüf
hissi doğurmuşdu. Çünki mərhum ədəbi
mühiti həmişə haqlı, ya haqsız olaraq həyəcanlandıran,
lərzəyə gətirən və beləliklə, həqiqətin
meydana çıxmasına təkan verən narahat təbiətli
qələm sahiblərindən idi. "Məzəli"
jurnalının daimi müəlliflərindən 17
yaşlı Cəfər Cabbarlı müəlliminin
ölümü münasibəti ilə "Ədibi-möhtərəm
Haşım bəyin rəsmi qarşısında" adlı
şeir yazmışdı:
Ey-xadimi-ədəb!
Uyu rahət məzaridə!
İtməz
adın baqi var ikən ruzigaridə!
Səpdiklərin
o töxmi-ədəb verdi hasilin,
Güllər verib, çiçəklər
açıb nobaharidə.
Xəndan
qılmağa ləbi-iqbali milləti,
Sürdün
bütün həyatını sən ahü zaridə...
Bəlkə də şeirdəki heyranlıq ruhu ilə
axıra qədər razılaşmaq çətindir. Lakin yadda
saxlamaq lazımdır ki, XX əsrin əvvəllərində
H.Vəzirov populyar ictimai xadimlərdən idi. Gənc yaradıcı qüvvələri öz mətbuatı
və nəşriyyatı ətrafında birləşdirməyə
çalışırdı. Milli ideyaya
xidmət edirdi. Çox güman ki, bu cəhətlərinə
görə də gənc C.Cabbarlı ondan heyranlıq hissi və
vəcdlə söz açırdı.
Görkəmli jurnalistin vəfatı münasibəti ilə
Eynəli bəy Sultanov və Əliabbas Müznib də təsirli
məqalələr yazmışdılar. Xüsusən
E.Sultanovun məqaləsi təbiiliyi, ağrı və təəssüf
hissinin güclü ifadəsi ilə yadda qalır. Nəhayət, 1917-ci ilin yanvarında H.Vəzirovun vəfatının
bir illiyi münasibəti ilə onun xatirəsini yad etmək məqsədi
ilə məqalə və şeirlərdən ibarət
xüsusi bir kitabça buraxılmışdı.
...Məşhur
Şuşa təəssübkeşlərindən
Firudin Şuşinski nədənsə mənə həmişə
Haşım bəyi xatırladırdı. Şuşaya
yenidən və əbədilik qayıdışımızda
insanlarımızın tanımalı olduğu şəxslərdən
içərisində onların ikisinin və xüsusi yeri var.
Vilayət QULİYEV
525-ci qəzet.- 2021.- 3
iyul. S. 10-11; 13.