"Xosrov
və Şirin"in türk dünyası
Nizami Gəncəvi
"Sirlər xəzinəsi"ndən bir neçə il sonra "Xosrov və Şirin"
dastan-poemasını tamamlayıb Atabəy Məhəmməd
Cahan Pəhləvana hədiyyə göndərmişdi.
O
hökmdara ki, əsərin əvvəlində haqqında
yazırdı: "Dövrün hakimi, ulu məlik Atabəy
ki, dünyadan zülmün izini kəsdi. Əbucəfər Məhəmməd
ki, səxavəti ucundan Sultan Mahmud kimi Xorasanı tutacaq"
("Xosrov və Şirin"dən verilmiş bütün
nümunələr professor Həmid Məmmədzadənin
filoloji tərcüməsindəndir). Nizami Cahan Pəhləvanın
kiçik qardaşı, "Çindən xərac Rumdan cizyə
alan" Qızıl Arslanı da tərifləmişdi:
"Qapısını dəniz kimi hamıya açar, Xəzər
yoxsulundan Rum varlısınadək heç kəs fəzilət
dəryasından əliboş qayıtmaz". Atabəylərin
"qələm türkləri"nə göstərdikləri
qayğını
şair-mütəfəkkir onların mənəvi böyüklüyünün
göstəricisi saymışdı.
Göründüyü
kimi, Nizaminin
düşüncə (və yaradıcılıq)
üslubunun ən mühüm əlamətlərindən
biridir ki, elə əsərinin əvvəlindəcə
türk hökmdarı, türklərin təsiri altında olan
coğrafiya, eləcə də türkün qələminin
gücü barədə aydın təsəvvür
yaradır. Və
eyni zamanda,
mövzunun ilk dəfə böyük fars şairi
Firdovsi tərəfindən ələ
alındığını qeyd edib ona öz
ehtiramını bildirməklə
yanaşı, göstərir ki, o, dastandan "eşq əhvalatı"nı
ona görə çıxarmaq məcburiyyətində
qalmışdır ki, "yaş altmışa
çatmışdı... altmışda eşqdən, sevgidən.
əlbəttə, söz demək ona fayda
verməzdi".
Nizaminin
Firdovsiyə ustad-şagird münasibəti hüdudundan kənara
çıxmayan zərif bir yumoru da var: "O farsdilli qoca
söz ustadı fars
şahlarından belə danışır: Xosrov o azad sərvdən
xəbər tutmaq üçün Ərmənə adam
göndərəndən sonra gecə-gündüz yarın
intizarını çəkirdi". Bu isə o deməkdir ki, hər halda
Xosrovun sevgi iztirablarını etiraf edən "farsdilli qoca
"eşqdən, sevgidən" o qədər də uzaq
düşməmiş imiş, sadəcə, onun
qarşısına qoyduğu məqsəd,
yaradıcılıq qayəsi şahları başqa bir
prizmadan təsvir etməyə hesablanmışdı.
Eyni zamanda, hər nə qədər "eşq
dastanı" yazsa da, Nizami bu eşqin cazibəsindəki həyatın
mahiyyətinə də nüfuz edib sosial, mənəvi, əxlaqi
dəyərləri tərənnüm eləməkdən kənarda
qalmır.
"Xosrov
və Şirin"in əvvəlində olduğu kimi
sonrakı parçalarında da türk, xüsusilə Azərbaycan
toponimiyası addım-addım izlənməklə
bütövlükdə əsərin coğrafi (milli)
qeydiyyatını, tamamlamış olur; məsələn: Gəncədə
özünü dustaq etməkdən qurtardı... Oradan
Muğana tərəf yollandı, Muğandan da Xəzərlərə
sarı keçdi... Bərdə mülkünə iltifat
göstərib bir qış orada kef sürəsiniz...
Bulğara getmiş bir katibdir... Özünü Azərbaycana
çatdırdı,
oradan da Muğana tərəf mənzil saldı...
Gah da Kür çayında zəncir açdılar,
çoxlu balıq, quş ovladılar...
Ümumiyyətlə,
"Xosrov və Şirin"də əsərin baş qəhrəmanlarının
ən çox gedib-gəldikləri iki məşhur məkan
var: Xosrovun vətəni Mədain, Şirinin vətəni
Ərmən... Təəssüf ki, bir zamanlar
Ərməndə "Hayastan" mənasında "Ermənistan"ı
görmək, buradan irəli gələrək Şirini
"erməni qızı" olaraq təqdim etmək kimi gülünc
(və cəfəng) iddialar da səslənmiş, ancaq tamamilə
təbii idi ki, ciddi elmi çevrələrə ayaq aça
bilməmişdi.
"Sirlər
xəzinəsi"ndə olduğu kimi, "Xosrov və
Şirin"də də "türk" sözünün
ideya-estetik harmoniya yaradan funksionallığı ön
plandadır: Bu türk xasiyyətli çərxi-fələk
iki gözünün qarasını qarət elədi... Türklər
kimi taxt-tacını qarət edibdir... Türklərin o
qovğasında türk neyinin səsindən türklərin
boğazı tutulmuşdu... İstəyirdi Şirinə tərəf
at çapsın, türksayağı türkü qarət eləsin... O nazəndə türk elə
başını dik tutdu ki, onun Xosrov deyil, Keyxosrov da
nazını çəkərdi... Mən o qaragözlü
türkəm ki, bu damda adım sənin ağ
kənizin olubdur... Mən o türk deyiləm ki, ərəbcə bilməyim,
işvə-naz etməyi də bacarmayım... Əgər
gözüm türklükdən daraldısa... Türkün
yayı oxdan uzaq düşdükdə... Əhsən o
türkə ki, yeddi tayfanın
başçısıdır...
"Xosrov
və Şirin"də "türk"lə yanaşı,
"Türküstan" da obrazlaşır: Yerdən göyə,
günəşdən aya kimi hamı onun fəzilət
Türküstanının yol yoldaşıdır... Bir nazla
Türküstanın bağrını yarmış...
Nizaminin
"etnik həssaslığı" yalnız "türklər"lə
məhdudlaşmayıb daha geniş etnoloji spektri əhatə
edir: xəyalıma mən pərəstişlər etmişəm,
bundan başqa, günahım varsa, cuhud olum... Dünyada məndən
aşağı bir kürd yoxdur, heç kimi mənim kimi kimsəsiz
görməzsən... Kürdlər kimi ürək versən,
döş axtarar; əgər evi ona versən, xəzinə
axtarar... Alçaqlığı həddindən keçirsən,
cuhudluq olar, cuhudluq etmək yaramaz... Bu hindu
ki sənin paltarını soyubdur... Xidmətində türklər
olan cahan hökmdarlarının damında bir hindu
keşik çəkər... Həbəş qaraları,
Çin türkləri gecə ilə ay kimi yanaşı
oturmuşdular... Cavanmərd hindu kimi
üzr istəməyə gəlmişdir... Ya yunanlı
Əflatun ol, ya da o kürd...
"Xosrov
və Şirin" də türk tematikasını gücləndirən
ən əsas amil, heç şübhəsiz, ideya-məzmunca
olan Xosrovla həm "ziddiyyət"də, həm də
"vəhdət"də olan Şirin obrazıdır. Müəyyən mənada hətta düşünmək
olar ki, Firdovsinin "Şahnamə"də verdiyi
İran-Turan qarşılaşdırmasını Nizami
"Xosrov və Şirin" də özünəməxsus
bir şəkildə davam etdirir.
Xosrovun gənclik dostu, rəssam Şapur ona xəbər
verir ki, "dağlığın o tərəfində bir
neçə mənzillikdə, Dərbənd dənizinin
limanı yerləşən yerdə şahlar nəslindən
bir qadın hökmranlıq edir. Onun qoşununun cəngi
səsi İsfahana çatır. Bütün ölkə
Ərrandan Ərmənədək o qadının
hökmünə tabedir... O hökmdarın adı Şəmiradır,
Şəmiranın mənası Məhin banudur... Gül fəslində yeri Muğandır ki, ayaq
basdığı yerlər həmişə
yaşıllıq olsun. Yayda Ərmən dağlarına
çıxar... Payız vaxtı Abxaza gələr... Qışda Bərdəyə meyl göstərər,
çünki qışda Bərdənin havası isti
olur".
Xosrovun təkidi
ilə Şirini axtarıb tapan Şapurun onunla
görüşü belə təsvir olunur: "Hindu
axtarmaqdakı zirəkliyinə görə bütün
türklər onun nazının qulu olmuşdurlar. O zirək hindu Şapurun könlünü
çalmışdı, bu da türksayağı hindunun
paltarını tələb edirdi... O gözəl
naxışın şirin ədaları nəqqaşın əlini
və dilini bağlamışdı".
Məhin
banu qardaşı qızının Xosrova aşiq olduğunu
biləndə, İran şahzadəsinə nə qədər
ehtiramı olsa da, Şirinə belə bir məsləhət
verir: "Səni vəfalı və namuslu görsə, el
qaydası ilə gəlib səni məndən istər. Namuslu qız kimi dünyada adın çəkilər,
dünya şahlığı sənin olar. O, aydırsa,
biz də günəşik. O, Keyxosrovdursa, biz
Əfrasiyabıq".
Nizami türk qızı olan Şirinin namusunu qəribə
bir qısqanclıq, təəssübkeşliklə (və
israrla!) qoruyur.
Bunun həm əsərin ideya-məzmunundan, həm
də şairin, çox güman ki, təhtəlşüurundan
gələn bir sıra əsaslı səbəbləri
olmamış deyil.
Şirinin
ölümünü son dərəcədə böyük
yanğı, kədər, dərin hissiyyatlarla təsvir edərkən
Nizaminin onu keçmiş həyat yoldaşı Afaqla
müqayisə etməsi yalnız böyük bir ədəbi
səmimiyyətin təzahürü yox, həm də öz
qadın qəhrəmanının türklüyünə
növbəti işarədir: "Bu dastanı oxuyub gərək
göz yaşı tökəsən, Şirin qəbrinə
acı gülab səpəsən, ona görə ki, o az
ömürlü cavan ikən gül kimi solub bada getdi. Mənim qıpçaq bütüm kimi yerişi
yüngül idi, sanki elə mənim Afaqımın
özü idi. O, ağıllı, kamallı, gözəl,
xoşqədəm bir qız idi. Dərbənd hökmdarı
mənə göndərmişdi... Yad
adamların qulağını burub, mənimlə
balışa baş qoyaraq həmsər olmuşdu. Türklər kimi köçməyə möhtac
olanda evini türk kimi talan edərdi. Türküm
çadırımdan köçüb getdisə, ilahi,
türkzadəni sən özün saxla!"
"Xosrov və Şirin" türk-müsəlman
dünyasında Nizamiyə böyük şöhrət
qazandırdı. Türk şairlərindən Əmir
Xosrov Dəhləvi "Xosrov və Şirin", Arif Ərdəbili
"Fərhadnamə" poemalarını Nizami kimi farsca qələmə
aldılar. XIV əsrin ortalarında
Qızıl Orda şairi Qütb "Xosrov və Şirin"i
Türküstan türkcəsinə çevirdi. Dahi özbək şairi Əlişir Nəvai isə
"Fərhad və Şirin"i məhz türkcə yazmaqla
mövzunu türk dünyasının anadilli mənəvi
mülkiyyətinə çevirdi.
Nizami CƏFƏROV
525-ci qəzet.- 2021.- 3
iyul. S. 12.