“Salam,
Azərbaycan!” deyib “Şəki – gözəlliyin sehri”nə
çıxaq
“İRS”
silsiləsindən yeni nəşrlərin təqdimatı
keçirildi
Artıq səkkiz ilə
yaxındır “İRS” seriyasından nəşr olunan kitablar
Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif
dillərdə oxuculara tanıdır, təbliğ edir.
İyulun
14-də “İRS” layihəsi çərçivəsində
daha iki nəşrin – “Salam, Azərbaycan!”
və “Şəki – gözəlliyin sehri” kitablarının təqdimat
mərasimi keçirildi. Yeni nəşrlər Mədəniyyət
Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “PAŞA Həyat
Sığorta” ASC-nin dəstəyi ilə ərsəyə gəlib.
“Baku
Marriott Boulevard Hotel”də təşkil olunan tədbiri
giriş sözü ilə açan mədəniyyət naziri
Anar Kərimov bildirdi ki, kitabın təbliği ilə
bağlı tədbirlər xüsusi önəm kəsb edir:
“İRS” layihəsi Azərbaycan mədəni mirasının
dünyaya tanıdılmasına böyük töhfələr
verir. Təqdimatına toplaşdığımız “Salam, Azərbaycan!”
kitabı ölkəmiz haqqında özündə o qədər
müfəssəl məlumatı ehtiva edir ki, onu Azərbaycanın
bələdçi kitabı da adlandırmaq olar. Bu nəşrdə
xalqımızın adət-ənənəsi, tarixi abidələri,
mədəniyyəti, fauna və florası, mətbəxi və
ölkəmizin uğurlu inkişafı öz əksini
tapıb. Ümid edirik ki, bu cür layihələrin də təsiri
ilə Azərbaycana daha çox turist gələcək”.
“Şəki
– gözəlliyin sehri” kitabı haqqında söz açan Anar
Kərimov dedi ki, nəşr Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən olan Şəki şəhəri
barədə dolğun məlumatları özündə əks
etdirir.
Mədəni
irsimizin bərpasına, mühafizəsinə dövlət səviyyəsində
göstərilən diqqəti nəzərə
çatdıran nazir bildirdi ki, son illər bu istiqamətdə
çoxsaylı layihələr həyata keçirilib. Bu layihələrin
böyük bir qismi Prezident İlham Əliyevin
qayğısı nəticəsində
reallaşdırılıb. Məhz bu qayğının məntiqi
davamı olaraq Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü və dəstəyi
ilə Azərbaycanın qədim mədəni irs nümunələri UNESCO-nun siyahılarına
salınır. Şəki şəhərinin tarixi mərkəzi
də Xan sarayı ilə birgə 2019-cu ildə UNESCO-nun
Dünya İrsi Siyahısına daxil edilib. Hazırda bu
siyahıda Azərbaycanın üç mədəni irs məkanı
– İçərişəhər, Qobustan və Şəki
yer alıb.
Anar
Kərimov qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən
mədəni irsimizin qorunmasına böyük diqqət
göstərilir: “Ümid edirik ki, işğaldan azad edilən
ərazilərmizdəki mədəni irs nümunələri və
tarixi abidələr haqqında da gələcəkdə belə kitablar nəşr olunacaq. Bu barədə
artıq “İRS” jurnalı ilə danışıqlar
aparılır”.
Nazir
çıxışının sonunda “Salam, Azərbaycan!” və
“Şəki – gözəlliyin sirri” kitablarının ərsəyə
gəlməsində əməyi keçən bütün
redaksiya heyətinə minnətdarlığını bildirdi,
yaradıcılıq uğurları arzuladı.
“İRS”
və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı
söylədi ki, “İRS” seriyasından olan kitabların nəşri
2013-cü ildən başlayıb: “Bu müddət ərzində
artıq 14 kitab işıq üzü görüb. “İRS”
jurnalı isə 20 ildir Azərbaycan mədəniyyətini təbliğ
edir. Artıq jurnalımız 17 dildə nəşr olunur.
“İRS” seriyasından olan kitablar da həmin jurnallarda vaxtilə
çap olunmuş materialların əsasında
hazırlanıb”.
Qarabağın
azad olunmasından sonra yeni layihələr haqqında
düşündüklərini deyən Musa Mərcanlı qeyd
etdi ki, “Qarabağın qara kitabı” adlı nəşr
artıq hazırdır. Yaxın aylarda kitab oxuculara təqdim
olunacaq.
“Azərbaycan
Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirdi ki, nəfis
tərtibatı və yüksək bədii-estetik
görünüşü ilə diqqəti cəlb edən
“Salam, Azərbaycan!” kitabı ölkəmizin tarixini, mədəniyyətini,
təbiətini, mətbəxini və müasir
inkişafını işıqlandırır: “Əminəm
ki, kitabı oxuyan hər bir azərbaycanlı məmnun
qalacaq”.
“Paşa
Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri
Niyaz İsmayılov vurğuladı ki, Azərbaycanın qədim
tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini
və adət-ənənələrini özündə əks
etdirən çap məhsullarının hazırlanması
ölkəmizin tanıdılması və təbliği
üçün çox önəmlidir. “Salam, Azərbaycan!”
və “Şəki – gözəlliyin sehri” kitablarının
hazırlanmasına tarixçilər və xarici mütəxəssislər
cəlb olunub. Gələcəkdə də bu istiqamətdə
yeni uğurlu layihələr həyata keçiriləcək.
Daha
sonra çıxış edən “İRS Publishing House” nəşriyyatının
əməkdaşı İan Peart səkkiz ilə
yaxındır “İRS” jurnalı ilə əməkdaşlıq
etdiyini diqqətə çatdırdı. Bildirdi ki, gələcəkdə
jurnalın nəşrlərinin birində işğaldan azad
olunmuş Qarabağ torpağı haqqında məqalə
yazmağı qarşısına məqsəd qoyub.
Sonda
tədbir bədii hissə ilə davam etdi. Xanəndələr
Kamilə Nəbiyeva və Zahid Quliyev bir-birindən gözəl
ifaları ilə tədbirə rəng qatdılar. Xanəndələri
tarda Əməkdar artist Sahib Paşazadə, kamançada Xəyyam
Məmmədov, klarnetdə Zahid Qubadlı, nağarada isə
Əməkdar artist Kamran Kərimov müşayiət etdilər.
Nurəddin
MƏMMƏDLİ
Mədəniyyət.-
2021.- 16 iyul. S. 1; 3.