Qarabağ
Zəfərindən “Nizami ili”nə rəssam baxışı
Azərbaycan
Rəssamlar İttifaqı və Karikaturaçı Rəssamlar
Birliyinin üzvü, beynəlxalq sərgilərin, müsabiqələrin
laureatı Kirman Abdin 62 illik ömrünün yarıdan
çoxunu təsviri sənətə həsr edib.
Ə.Əzimzadə
adına Dövlət Rəssamlıq Texnikumunda və Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki
ADMİU) Rəssamlıq fakültəsində təhsil alan
Kirman Abdin əsasən plakat ustası kimi tanınır. Sənətkarın
yaradıcılığında prioqrafiya (ağac, dəri,
tikmə üzərində yandırma üsulu ilə
naxış açma) və qrafika əsərləri
aparıcı yer tutur. O, xalqımızın tarixi-mədəni
yaddaşında iz salan bir çox əlamətdar hadisələrə
əsərlər həsr edib.
2020-ci
ilin Vətən müharibəsində
qazandığımız parlaq Qələbədən təsirlənən
rəssam “Zəfər tarixinin şahidi” qrafik əsərini
yaradıb. Prioqrafiya üsulu ilə işlənən əsərdə
Zəfərin şahidi ağsaçlı anadır. Müəllif
Qələbənin Şuşanın azad olunması ilə təmin
edildiyini mədəniyyət paytaxtımızın rəmzi
sayılan xarıbülbül çiçəyi, 28 illik
işğal zamanı nisbətən salamat qalmış
Yuxarı Gövhər ağa məscidi və Azərbaycan-Türkiyə
birliyinin simvollaşdıran iki qardaş ölkənin birləşmiş
bayraqları fonunda təqdim edib.
Rəssam
“Nizami Gəncəvi İli”nə də əsər həsr
edib. “Nizami–880” adlı triptix də prioqrafiya nümunəsidir.
Mütəfəkkir şairin portretinin aparıcı yer
tutduğu əsərdə Nizami irsinin bəşəriyyəti
humanizmə, sülhə və elmə
çağırması vurğulanır. Şairin
ziyasının dilindən, dinindən və milliyyətindən
asılı olmayaraq hər kəsə
çatdığına işarə vurulur.
Qeyd
edək ki, Kirman Abdinin Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda (2012, 2016) və
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli
adına sərgi zalında (2016) sərgiləri keçirilib.
O, 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları
Federasiyası (FECO) Azərbaycan qrupunun üzvüdür.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 5.