Şuşa
şəhəri 2022-ci ildə “İslam Mədəniyyətinin
Paytaxtı” olacaq
Gələn
il İCESCO-nun Azərbaycanda regional ofisinin
açılması da nəzərdə tutulur
İslam
Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İCESCO) Rabatdakı (Mərakeş) qərargahında təşkilatın
baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Azərbaycanın
Mərakeşdəki səfiri Oktay Qurbanov arasında
görüş keçirilib.
İCESCO-nun
qərargahından bildiriblər ki, görüşdə əsas
müzakirə mövzusu Azərbaycanın Şuşa şəhərinin
2022-ci ildə Asiya regionu üzrə “İslam Mədəniyyətinin
Paytaxtı” elan olunması üzrə təşkilatın irəli
sürdüyü təşəbbüs olub.
Salim
bin Məhəmməd Əl-Malik qeyd edib ki, rəhbərlik
etdiyi təşkilat bu mühüm təşəbbüsün
yüksək səviyyədə həyata keçirilməsi
üçün lazım olan bütün tədbirləri
görəcək. O əlavə edib ki, Şuşanın
“İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri
çərçivəsində İCESCO-nun Azərbaycanda
regional ofisinin açılması da nəzərdə tutulur.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə
İslam irsi abidələrinin müəyyən edilməsi və
onların İslam Dünyası İrsi Siyahısına
salınması istiqamətində texniki ekspert heyətinin də
səfəri həyata keçiriləcək. Heyətin
üzvləri Azərbaycanın aidiyyəti qurumları ilə
birlikdə tarixi abidələrin bərpası planının
layihəsi üzərində işləyəcəklər.
Görüşdə
Azərbaycanla İCESCO arasında elm, təhsil və mədəniyyət
sahələrində həyata keçirilən digər layihələr
ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd
edək ki, İCESCO-nun “İslam Mədəniyyətinin
Paytaxtı” layihəsi hər il üç region – Asiya, Afrika
və Ərəb regionu üzrə elan edilir. Azərbaycandan
Bakı və Naxçıvan
şəhərləri müvafiq olaraq 2009 və 2018-ci illərdə
Asiya regionu üzrə bu missiyanı daşıyıb.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 8.