Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Cenevrə Ofisi ilə əməkdaşlığı

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin baş direktoru xanım Tatyana Valovaya ilə görüşüb.

 

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir sıra konfranslarına verdiyi dəstəyə və iştirakına görə Mərkəzin həmsədrləri adından xanım Tatyana Valovayaya təşəkkür ifadə olunub.

 

Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin son təşəbbüsləri, xüsusən də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr haqqında Tatyana Valovaya məlumat verib, yeni nəşr olunmuş hesabatı təqdim edib.

 

Baş katib Rövşən Muradov BMT Cenevrə Ofisinin rəhbərinə 2021-ci ildə keçirilməsi nəzərdə tutulan VIII Qlobal Bakı Forumuna xüsusi dəvətnaməni təqdim edərək tədbirə hazırlıq və müzakirə mövzuları ilə bağlı məlumat verib.

 

Daha bir görüş baş direktorun ofis rəhbəri David Çikvaidze ilə keçirilib. Görüşdə BMT-nin Cenevrə Ofisinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərinə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 8.